Xəbər lenti

Sərnişinlərin çoxluğu problem yaratdı
Ölkə14:00 28.03.2016

Sərnişinlərin çoxluğu problem yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Budəfəki Novruz bayramı günlərində bundan əvvəlki illərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzalına görünməmiş sayda sərnişin gəlib.

Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

Şöbə müdirinin sözlərinə görə, adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 400-450 reys olurdusa, Novruz bayramı ilə əlaqədar onların sayı 2 dəfəyə yaxın artırılıb və xətlərə 700-dən çox avtobus buraxılıb: "Martın 19-da isə hətta əlavə olaraq, ehtiyatda saxlanılan 250-yə yaxın avtobusun da xəttə buraxılmasına baxmayaraq, bu bəs etməyib və Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobuslar da bölgələrə göndərilib. Bundan əlavə, kənardan, digər şirkətlərdən də avtobuslar cəlb olunub, lakin sərnişin çoxluğu ucbatından yenə də avtobus çatışmazlığı hiss olunub. Yəni sərnişinlərin sayı avtovağzalın gözlədiyindən 5-6 dəfə çox olub".

Ş.Mehmanqızı qeyd edib ki, bəzi sərnişinlərin həmin günlərdə bilet tapa bilməməsinin səbəbi isə avtovağzalın işini düzgün qura bilməməsi ilə yox, sərnişinlərin əksəriyyətinin böləgələrə məhz 19-da getmək istəməsi ilə bağlı olub: "Təsadüfi deyil ki, martın 19-da Yeni il bayramında qeydə alınan rekord da təzələnib və avtovağzal tarixində yeni rekord müəyyən edilib: 746 reyslə 20.870 sərnişin yola salınıb. Yəni nə ayın 18-i, nə də 20-də ciddi problem yaşanmayıb. Problemlər məhz ayın 19-da yaşanıb. Çünki hamı istəyirdi ki, həmin gün yola çıxsın və 20-də, bayram axşamı istədiyi ünvanda olsun. Amma sərnişinlərin sayı avtovağzaldakı bütün avtobusların sərnişin tutumu sayından çox olub. Ona görə də mənzil başına çatmaq üçün bilet tapmaqda çətinlik çəkən şəxslər, təbii ki, narazı qalıblar. Lakin buna baxmayaraq, avtovağzalın rəhbərliyi məsələyə laqeyd yanaşmayıb və nə qədər sərnişin olubsa, hamısının getməsi üçün şərait yaradılıb.

Bundan əlavə, həmin gün biri Gədəbəyə, digəri isə Qubaya gedən iki avtobusda texniki nasazlıq qeydə alındığından onlar xəttə buraxılmadı. Bu zaman həmin avtobusların sərnişinləri gözləməli oldular. Onlar üçün kənar şirkətlərdən avtobus cəlb edildi və sərnişinlər 2 saat sonra yola salındı. Narazı qalan sərnişinlər belə şeylərin ola biləcəyini nəzərə alsınlar. Digər günlərdə isə heç bir problem yaşanmayıb və ümumilikdə 112 minə yaxın sərnişinin daşınması təmin edilib".//milli.az

Qaynar.info