
Ənvər BÖRÜSOY
Rusiyanın Şərqi Ukraynaya qarşı sərt şərkildə ərazi iddialarını ortaya qoyması, Krımı işğal etməsi bu gün Avropa dövlətlərinin faktiki olaraq aparıcı mövzularından birinə çevrilmişdir. Ukraynada “Maydan Hərəkatı”nın liderləri, mərkəziyyətçi Avropa Birliyi, nə də müstəqil siyasi təhlilçilər bu olayların arxa baxçasının sirlərini açıqlamırlar. Əslində “Ukrayna modeli” üzərində ortaçağda planlaşdırılan tarixi ənənələr bu gün modern qılafda davam etdirilməkdədir.
Mərkəziyyətçi Avropanın Ukrayna hədəfləri
Renessans dönəmində Avropada sadəcə mədəniyyət, ədəbiyyat deyil, eyni zamanda yeni dövlətçilik ənənələrinin təməli də qoyulmuşdu. Avropa dünyada mövcud olan klassik idarəetmə siyasətini nəinki dəyişdi, hətta prosesi irəli aparmaq və daim bunu nəzarətdə saxlamaq kimi ənənələrin də təməli qoydu. Həmin dönəmdən bu günə kimi Avropada klassik ənənələrə söykəmli roman, german siyasətinə söykəmli “katolik”, “protestant” və “lüterant” kilsə baxışları əsasında mərkəziiyyətçi qitə anlayışı əsas hədəfə çevirdi. Bu yöndə aparılan bütün mübarizələr “ortdoks” baxışların inkarı üzərində qurulmuşdu. 1550-ci illərdə güclənməkdə olan Avropa dərhal ortdoks kilsəsinin şərqə doğru sıxışdırılması ideyasını ortaya atdı. Beləliklə ruslara dəstək verməklə yanaşı, həm də onları maliyyələşdirmək və silahlandırmaq lazım oldu. Çar taxtında otuzdurulan İvan Qroznı slavyan kökənli knyazlıqları Balkanlardan indiki Mərkəzi Rusiya ərazilərinə-Ural, Volqaboyu, daha sonralar Altay və Sibirə doğru uzanan coğrafi düzənin yaradılmasına səfərbər etdi. Yunanlara məxsus və onların nəzarətində olan ortodoks kilsəsinin təsir dairəsi də beləcə Avropada neytrallaşdırıldı. Bunun qarşılığında isə yeni düzən planına uyğun və adı dəyişdirilmiş “pravoslav” kilsəsi, onun ideoloji təməli yaradıldı. Bu gün slavyan kökənli kimi bilinən çex, slovak, makedon, serb, xorvat, lex (polyak), bolqar, ukrain, sloven toplumlarının Rusiyanı və rusları təqdir etməmələrinin əsas prinspi də “Avropa mərkəziyyətçiliyi”nə bağlıdır. Çünki, bu slavyan toplumlarının zamanla gəlişən mədəniyyət və dini baxışlarının təməli ruslardan və “ortdoks kilsəsi”ndən tamamilə fərqlənir.

Nikita Xruşşov islahatları
Sovetlər Birliyinin ən qatı diktatoru İosif Stalin bütün xalqları zor gücünə ruslaşdırmaq üçün siyasət ararırdısa, onun ölümündən sonra Naikita Xruşşov “islahatlar” adı ilə bu prosesə fərqi şəkildə təkan verməyə başladı. Kremlin texnoloqları yaxşı anlayırdılar ki,
öz doğma torpaqlarından sürgün edilmiş Krım Türkləri, Qaraçay, Balkar, Çeçen, İnquş və Ahısqa Türkləri heç zaman assimliasiya olunmayacaqlar. Xruşşov bu toplumlara öz tarixi ərazilərinə dönə bilmələri haqqında qərar çıxarsa da, sonucda Krım və Ahısqa Türklərinin geri dönməmələri üçün dərin bürokratik əngəllər də yaratmışdı. Çünki, rus və gürcü “ortdoks” (pravoslav) kilsəsi üçün bu iki topluma qarşı tarixi kin-küdurət, öfkə və ədavətin anatomiyası bu gün də davam etməkdədir.
19 fevral 1954-cü ildə 300 il öncə “Pravoslav Radası”nın yaranması münasibətilə Xruşşov Taqanrok vilayətini tamamilə ləğv edərək ”çernozemnıe” (qara torpaq) adı altında Şərqi Ukraynanın ən yararlı ərazilərini əbədi olaraq Rsiyaya birləşdirdi. Beləliklə o, həm də Stalin dönəmində təməli qoyulmuş “İberiya Vadisi” ideyasını darmadağın etdi. Halbuki, Stalin “Böyük Gürcüstan” ideyası ilə Şimali Qafqazın Qara dəniz sahillərini, “Türk Yolu” adı ilə bilinən Qaraçay-Balkar Türklərinə məxsus əraziləri və “Nart-Noxçi” bölgələrini gürcülərin nəzarətinə keçməsi və bununla da “Gürcü Kilsəsi”nin coğrafi hüdudlarını genişləndirməyi hədəf seçmişdi. Bu dönəmdə xristianlığı qəbul etmiş xevsur (xristian çeçenlər), abxaz, osetin, kabarda, svan, miqrel, karsuban, kürd, abaza toplumlarının aşırı bir şəkildə gürcüləşdirilməsi prosesləri də baş vermişdi. Xruşşov “stalinimz”ə qarşı çıxanda məhz bu amili hədəf seçmişdi. Şimali Qafqazı Rusiyanın bir parçası olaraq qorumaq Rusiya üçün həyati məsələ olaraq görülürdü. Bu bölgəni əldə saxlamaq üçün, Rostov, Krasnodar və Stavropol vilayətlərinə birləşdirilən Ukraynanın “çernozemnıe” əraziləri satrateji önəm daşıyırdı.

Krım anklavının mənası
1941-1945-ci illərdə yaşanılan II Dünya Savaşı dönəmində Almaniyanın ağır basqıları altında qalan rus əhalisinin əksəriyyəti Rusiyaya miqrasiya etmişdilər. Faktiki olaraq, Sovetlər Birliyinin Krımı öz nəzarətində saxlamaq imkanları yox idi. Bu amili nəzərə alan Moskva Krım Türklərinin buradan sürgün edilmələri hədəflərini ortaya qoydu. Çünki, Krım Türkləri bölgədə ayrıca dövlət quraraq, Sovetlər Birliyindən ayrılmaq haqqında qərarını vermək hüququna malik idi.
25 yanvar 1954-cü ildə Moskva Krımla bağlı 49 saylı qərarını verdi. Krım Ukraynaya birləşdirilsin. Kremlin əsas hədəfi isə, ukrainləri Krımda məskunlaşdırmaqla onların qısa bir zamanda ruslaşdırılmasını təmin etmək idi. Faktiki olaraq Sovetlər Birliyi dağılana kimi Moskva bu hədəflərinə nail ola bildi. 1980-ci illərdə vüsət götürən Qərbi Ukrayna Milli Azadlıq Hərəkatı (katolik kilsəsi) Krımın Ukraynanın ərazisi kimi saxlanılması üçün Krım Türklərinə geniş miqyaslı dəstəyi sərgiləməyə başladı. Əsas hədəf isə bölgəni Rusiyanın nəzarətindən çıxartmaq idi. Beləliklə 1980-ci illərin sonlarından etibarən Krım Türkləri sürgün həyatına son verdilər. Rusiyanın bu gün yenidən Krıma qarşı iddia irəli sürməsinin əsas mahiyyəti isə, “Şərqi Ukrayna” doktrinası sayəsində daxili sorunlarını çözməkdən ibarətdir. Çünki, Şərqi Ukrayna toplumunun böyük əksəriyyəti “ortdoks” kilsəsinə mənsubdur. Avropa Birliyinin mərkəziyyətiçi düşüncəsində yer alan “Şərqi Avropa” hədəfi ilə Ukraynada katolik və ortdoks kilsələrinin ənənəvi savaşları Rusiya, nə də Avropa üçün sərfəli deyil. 2003-cü ildən başlanılan “Çəhrayı İnqilab” dalğasının davamı kimi bölgədə baş verən siyasi kataklizmlər sonucda “Maydan Hərəkatı”nın yaranmasına səbəb olmuşdur.
Heç-heçə oyun şərtləri
Rusiyanın demokratik düşərgəsinə mənsub olan etnoqrafların, siyasi texnoloqların və vətəndaş cəmiyyətlərinin son illərdə böyük həyəcanla irəli sürdükləri mövzulardan biri də Ussiriya Vadisindən (Yapon dənizi sahili) düz Ural dağlarının ətəklərinə kimi rus əhalisinin sayı sürətlə azalmaqdadır. Rusiya Dövlət Stastika Xidmətinin etiraf etdiyi kimi, 55 min rus kəndi son 30 ildə tamamilə boşalıbdır. Bununla yanaşı, rus demoqrafları da etiraf edirlər ki, son 25 il ərzində rusların bir millət olaraq sayı 30 milyon nəfərdən çox azalmışdır. 2050-ci ildən sonra, Rusiyada ruslar milli azlığa çevrilə bilər. Hər il orta hesabla rusların sayı 1.5-2 milyon nəfər azalmaqdadır. Sayları sürətlə artan Türk toplumlarının, özəllklə də milli respublikaların əhalisi sadəcə Rusiya üçün deyil, həm də “Mərkəziyyətiçi Avropa” üşün də gələcəkdə başlıca “təhlükə” mənbəyi hesab olunur. Bu durumu çözmək üçün “İvan Qroznı” obrazının çağdaş modeli qismində ən böyük oyunçu kimi Vladimir Putin 1998-ci ildə siyasi səhnədə rol almışdır. Əslində İvan Qroznı ilə Putinin boyu, davranışları, siyasi, milli və dini zəmində yer alan riveransları tamamilə üst-üstə düşür. Rus şovinizmi və kilsə siyasəti sayəsində Rusiyanın coğrafi hüdudlarını müəyyən etmək, bu yöndə Qərbin dolayı yolla dəstəyinə nail olmaqla Çinin Qərbə doğru yeni coğrafiya düsturunu və Türklərə məxsus tarixi ərazilərdə nəzarəti gücləndirmək üçün ən ideal variant “Rusiyanın xilası” doktrinasıdır. Bunun üçün də Ukraynadan orta hesabla 10-15 milyon ortdoks kilsəsinə məxsus əhalinin mərkəzi Rusiyaya miqrasiya edilməsi ən doğru olan addım hesab olunur. Demək olar ki, artıq bu proses başlanılıb və daha da dərinləşməkdədir. Bu sırada bir tərəfdən Rusiya qazanc əldə edir, digər yandan isə Avropa öz hədəflərinə nail olur. Qərb 1991-ci ildən bu günə kimi, “Şərqi Avropa” doktrinası əsasında Qərb Litva, Latviya, Estoniya, Polşa, Çexiya, Slovakiya, Bosniya, Xorvatiya, Sloveniya, Bolqarıstan, Romaniya, Macarstan, Kosova, Çernoqoriya adı altında Rusiyanı Şərqə doğru sıxışdırma taktikası ilə hərəkət etmişdir. Ukraynada başlanılan yeni dalğada isə bu dəfə Gürcüstan və Moldova yer almışdır. Beləliklə Kreml Rusiyanın indiki coğrafi şərtləri daxilində öz mövcud olma hədəflərinə tapınmaqdadır. Proseslərə belə bir üsulla yanaşma Avropanın, digər yandan Ukraynada bu gün iqtidara gələn “Maydan Qəhrəmanları”nın, həm də Rusiyanın bir dövlət olaraq çıxarıları ilə üst-üstə düşür. Yəni, proseslər bütün tərəfləri təmin edə biləcək tərzdə tamamlanacaqdır. Siyasi labirintlərin sonucunda qazananlar bu oyunu heç-heçə ilə tamamlamış olurlar.
Azərbaycan bütün hallarda uğur əldə edəcək
Rəsmi Bakının, həm də müxalifətin Ukrayna məsələsində faktiki olaraq hədəfləri üst-üstə düşmüşdür. Bir yandan iqtidarın rassional yanaşma tərzi və bu prosesdə impulsiv addımları, müxalifətin isə, bölgədə yaranan yeni düzənə önəm verməsi, sonucda Azərbaycan dövlətçiliyinin Şərqi Avropa düzənində baş verən qlobal prosesdə maraqlarının təmin edilməsi şərtlərinin önəmli olması strateji hədəfə çevirə bilmişdir. Yəni sinergetik anlamda Ukrayna və Azərbaycan cəmiyyətinin hərtərəfli sosiallaşma prosesində vahid düşüncə tərzinə uyğunlaşması prosesi bir-birini tamamlaya bildi. Azərbaycan iqtidarı və müxalifəti Krım məsələsinə skeptik yanaşaraq bu günün deyil, yaxın gələcəyin etnososial və coğrafi hədəflərinin xəritəsində kimin yer alacağını doğru-düzgün cıza bildilər. Rusiya əslində Krımı bu gün işğal etməklə, dotasiyalı regondan əbədi olaraq çıxması üçün intervensiya siyasətinə əlvida deyəcək. Bunun üçün də ilk öncə “Şərqi Ukrayna”dan miqrasiya proseslərinin tamamlanmasını həll etməlidir. Krım əskilərdə olduğu kimi yenidən Türklərin himayəsi altında olacaqdır. Azərbaycanın bir yandan Ukraynada baş verənlərə skeptik yanaşması, digər yandan isə Krım Türklərinə etnoloji anlamda böyük dəyər verməsi, yeni dünya düzəninin önəmli şərtləri içində öz mövqelərini qoruyub saxlaması deməkdir. Qlobal şəkildə baş verən oyunların hədəfində yer alan proseslərin milli maraqlar üzərində köklənməsi artıq Azərbaycan dövlətçiliyinin oturuşmuş qaydalar üzərində olmasına bir işarədir. 75 milyonluq Ukrayna cəmiyyətinin 50 milyonunun rus-ortodoks maraqlarına cavab verməməsi bölgədə yeni düzən siyasətinin məntiqi sonu deməkdir. Buna görə də Ukrayna çağdaş dövlətləşmə prosesini belə bir aqibətlə yaşamağa məcburdur.
Aktual.az