Səudiyyə Ərəbistanında turistlər üçün növbəti güzəşt tətbiq ediləcək.
Qaynarinfo xəbər verir ki, yeni viza qaydalarına görə, nikaha daxil olmamış turist cütlüklər eyni otaqda qala biləcəklər. Həmin güzəşt Səudiyyəli cütlüklərə tətbiq edilməyəcək. Xarici ölkə vətəndaşları olan qadınlara ölkəyə tək səfər edərək bir nəfərlik otaqda qalmaq hüququ da verilib.
Ötən günlərdə turistlər üçün baş örtüsü məcburiyyətinin aradan qaldırıldığı açıqlanmışdı. Bu güzəştə baxmayaraq ölkənin ənənəsinə uyğun "ədəbli geyimlər"dən istifadə tələb edilir.
Otellərdə spirtli içkilərdən istifadəyə əvvəlki kimi yol verilməyəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında turizmi inkişaf etdirmək və ölkəyə investorları cəlb etdirmək üçün mülayim qaydalar tətbiq edilməyə başlanılıb. Rəsmi Riyad 2030-cu ilə qədər 100 milyon turistin ölkəyə gəlməsini hədəfləyir.
Ölkə vətəndaşları üçün keçərli olan bəzi qadağalar da aradan qaldırılıb. Belə ki, ötən bir il ərzində qadınlara avtomobil sürmək, orduda xidmət etmək, tək səyahət etmək və s. hüquqlar verilib.