Xəbər lenti

Şirvan-Salyan yolunda 1 ildən sonra təmir başladı - FOTOLAR
Ölkə16:55 19.06.2015

Şirvan-Salyan yolunda 1 ildən sonra təmir başladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan-Salyan yolunun tikintisindəki 1 illik fasiləyə dünəndən etibarən son qoyulub, yolda təmir işləri yenidən başlayıb. Bu məlumatı virtualaz.org saytının Şirvan bürosuna “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov verib.
“İyunun 18-dən etibarən Şirvan-Salyan avtomobil yolunun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Hazırda ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bu işlər tam bitən kimi sözügedən hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək. Şirvan-Salyan avtomobil yolunda aparılan yenidənqurma işləri şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC-nin tapşırığı ilə başlayıb və onların nəzarəti altındadır. İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub” - deyə A.Nəcəfov bildirdi.
Xəbər verdiyimiz kimi, Azərbaycanın cənub bölgəsi ilə ölkənin qərb hissəsini birləşdirən avtomobil yolunun bir hissəsi - hər gün minlərlə sərnişinin istifadə etdiyi 31 km uzunluğundakı Şirvan-Salyan yolu istismar müddətini bir neçə onillikdir başa vursa da əsaslı təmir olunmaması ucbatından tamamilə yararsız, bərbad hala düşmüşdü.
Saatda 5-10 km sürətlə hərəkət edən avtomobillər dərin çuxurlara düşür, nəticədə həm maşınların ehtiyat hissələri sıradan çıxır və onlar tez-tez təmirə dayanmalı olur, həm də sərnişinlər əziyyət çəkirdi.
Bu yolun 8 kilometrlik hissəsi Şirvan Rayon İcra Hakimiyyətinin, 23 kilometri isə Nəqliyyat Nazirliyinin balansındadır.
Hələ 2013-cü ildə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdı ki, Şirvan-Salyan yolunun tikintisinə başlansın. İşlər başlandıqdan sonra isə bu məqsədlə daha 3 milyon manat vəsait ayrılmışdı. Təmir işləri də başlamışdı.
Amma yolda tikinti işləri bir müddət sonra müəmmalı şəkildə dayandırılmışdı. Bu fasilə 1 ildən artıq idi ki, davam edirdi.
Qaynar.info