Jalə İSMAYIL
Bizdə yoxdur!
Müxalifət o qədər klassik üsullarla mübarizə aparır, iqtidar o qədər klassik formalarda saxtakarlıq edir ki, faktın özü deyil, prosesin cansıxıcılığı iliyə işləyir.
Bizi boğan 20 ildir müxalifətin müxalifət, iqtidarın iqtidar olması deyil əslində, siyasi mühitin rəngsizlik içində çabalamasıdır. Bu illər ərzində fərqli ideologiyaların meydana çıxmaması da kreativsizlik ətalətinin möhkəmlənməsinə səbəb olub.
Prezident, parlament, bələdiyyə seçkilərində kiçikçaplı fərqlənmələr yalnız kopiraytinqdə diqqət çəkir. Başqa heç nəyə fantaziya çatmır. Bəlkə də daxili müzakirələrdə kimlərsə fərqli fikir söyləyir, amma ümumi yanaşma bütün seçilən fikirləri beşiyindəcə boğur.
Partiyaların gənclər təşkilatları kreativlik məsələsinə görə cavabdehlik daşıyır. Gəncsənsə, fərqli olmaq, fərqli düşünmək, ortaya fərqli ideya qoymaq borcundur. Zindanlarda çürüməyi unutmaq lazımdır. Bu, artıq qəhrəmanlıq deyil indiki dövrdə. İllərdir bunun xalqa heç bir təsiri olmadığını hamı görür. Əksinə, fəallar özlərini qorumalıdırlar. Onlar bayırda daha çox xeyir verə bilərlər, zindan divarları arasında deyil.
Kreativlik yolunda gənclər təşkilatlarının siyasi partiyalardan daha öndə olduğunu qeyd etməliyik. Çox təəssüf ki, gənclər bu prosesi davamlı və vahid xətt üzrə apara bilmirlər. Pulsuzluq bir dərddirsə, dalbadal düzülmüş haqsız həbslər də digər tərəfdən imkan vermir. Intellektual güc parçalanır və ortaya qoyulan kreativ ideyalar nəticə vermədən yarımçıq qalır.
Amma unudulmur. Şəhərdə ayaqyalın gəzməkdən qazan danqıldatmağa qədər yaddaşlarda maraqlı epizodlar kimi ilişib qalır. Təşkilatı da, təşkilatçıları da cəmiyyətə tanıdır. Siyasi partiyalar belə “yüngül” şeyləri özlərinə yaraşdırmırlarsa, daha fundamental işlərlə ortaya çıxsınlar.
Siyasi PR-in yoxluğu yalnız maliyyə problemlərilə bağlı deyil. İnternet deyilən böyük kəşf maraqlananlar üçün saysız-hesabsız perspektivlər açır. Heç olmasa, adaptasiya etmək olar ideyaları. Siyasi partiyaların gənclər qanadları bu işlə ciddi məşğul olmalı, böyük qanadlar da onları öz kölgəsinə almalıdır, başlarına qapaz vurmamalıdır “mənasız” ideyalarına görə.
Kreativlik effektivlikdir. Effektivsizliyin səbəbini kütləyə xitabetmənin yepyeni yollarını tapmamağında görməyən siyasi qüvvə uğursuzluğa məhkumdur.
Kütləyə təsir etmək üçün vətənpərvər, vicdanlı, savadlı olmaqla yanaşı həm də kreativ olmaq lazımdır, bəylər. Siz 20 il əvvəldə ilişib qalmısınızsa, demək, kütlə də ordadır.
Və aktiv olmamaqda haqlıdır. Gəlmişdiniz, gördülər də... (c)
20 illik müxalifət fərqli görünməsə, kütlə də fərqli münasibət göstərməyəcək. .