
Siyəzən rayonunda əmək haqlarının gecikməsi ənənəvi hal alıb.
Bu barədə Qaynar.info-ya Siyəzən rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, rayonda büdcədən maliyyələşən bütün təşkilatlarda bu problem yaşanır və vətəndaşlar maaşlarını vaxtında ala bilmirlər: "Əmək haqlarımızı vaxtında ala bilmirik. Demək olar ki, hər ay maaşlar, pensiyalar, sosial müvavinətlər gecikir. Ay qurtarır, bankomatlara gedirik, görürürük ki, pullar köçürülməyib. Pulların gecikdirilməsi ilə bağlı müxtəlif söhbətlər gəzir. Rayonda ciddi maliyyə yeyintisinin olduğu da deyilir. Düzdür, bizə bu haqda məlumat vermirlər, amma hansı idarəyə gedirik, eyni söhbətləri eşidirik".
Şikayətçilər bildirirlər ki, problemlə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problem həllini tapmayıb. Onlar iddia edirlər ki, rayon icra hakimiyyətinin başçısı Arif Qasımov da problemdən xəbərdardır və şəxsən onun özünə bu barədə məlumat verilib.
Mövzu ilə bağlı Qaynar.info-ya danışan Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov isə deyilənləri təkzib edib. Onun sözlərinə görə, rayonda büdcə təşkilatlarının əmək haqqları qrafik üzrə verilir: "Ayın sonundan başlayaraq hər bir təşkilat bu qrafikə uyğun əmək haqqlarını alırlar".
Qaynar.info