Xəbər lenti

phrase_var_qaynar. 13:28 25.07.2026

"SK Servis" yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

Dövlət Gömrük Komitəsinin (DGK) "Azterminalkompleks” Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "SK Servis” MMC seçilib. Bununla da şirkətin 2026-cı ildə qalib gəldiyi tenderlərin sayı dördə çatıb.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, "Azterminalkompleks” Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri, o cümlədən sürtkü yağlarının alınması üçün şirkətlə 1 295 314,91 manat məbləğində müqavilə bağlayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SK Servis” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 1B, mənzil 121-dir. Qanuni təmsilçisi Arifli Saleh Arif oğludur.

Açıq mənbələrdə şirkətin fəaliyyəti, maddi-texniki bazası və ya qanuni təmsilçisi barədə əlavə məlumat mövcud deyil.

Buna baxmayaraq, "SK Servis” MMC dövlət satınalmalarında mütəmadi olaraq iri məbləğli sifarişlərin qalibi olur.

Araşdırmalarımıza əsasən, şirkət 2025-ci ildən indiyədək səkkiz tenderin qalibi seçilib. Tenderlər əsasən nəqliyyat vasitələrinin təmiri, ehtiyat hissələrinin alınması, avtomobillərə texniki xidmət və digər oxşar satınalma predmetlərini əhatə edib. Bu müqavilələrin ümumi dəyəri 7 321 813,85 manat təşkil edir.

Şirkət haqqında açıq məlumatların məhdud olması, eləcə də onun maddi-texniki imkanları barədə məlumatın olmaması iri həcmli dövlət sifarişlərini hansı əsaslarla qazanması ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı "SK Servis" MMC-dən mövqe öyrənmək cəhdimiz nəticəsiz qalıb. Şirkətin açıq mənbələrdə əlaqə telefonu və ya rəsmi internet səhifəsi müəyyən edilməyib.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->