Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun növbəti məhkəmə prosesi davam etdirilib.
Qaynarinfo xəbər verir ki, məhkəmədə zərərçəkənlərdən birinin vəkili, tanınmış hüquqşünas Aslan İsmayılov işdə adı hallanan digər şəxslərin də prosesə çağırılmasını istəyib.
O, xüsusilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin məhkəmə istintaqına cəlb olunmasına ehtiyac yarandığını bildirib.
Bu iş üzrə məhkəmə başlayanda təqsirləndirilən şəxslər baş verənlərdə deputatın adını hallandırmışdılar. Onlar sonradan mövqeyini dəyişsə də, zərərçəkənlər deputatın məhkəməyə çağırılmasında israr edir. Aslan İsmayılov bununla bağlı vəsatət də qaldırıb. Lakin vəsatət baxılmamış saxlanılıb.
Proses sentyabrın 25-də davam etdiriləcək.
Alik Həsənov və Nadir Əliyevə ittiham verilən Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Seyid