
“Star Karqo” şirkəti ilə bağlı yeni məlumatlar gündəmə gəlib.
Belə ki, şirkətin fırıldaqçılıq yolu ilə vətəndaşları aldatdığı iddia olunur.
Qaynar.info-nun veteninfo.az-a istinadən məlumatına görə, Türkiyə tərəfindən karqoya rəhbərlik edən Əli və Ayhan adlı şəxslər Azərbaycan vətəndaşlarını aldadır. Amma bu bir tərəfə, şirkət onların vətəndaşlıq hüququnu heçə saymaqla əmlakını da mənimsəyir. Sayt iddia edir ki, hələ ki, adının açıqlanmasını istəməyən tanınmış siyasətçilərdən biri də şirkət tərəfindən aldanıldığını deyir.
Məlumatda bildirilir ki, şirkətin vətəndaşları aldatması səbəbsiz deyil, bu məsələdə onu himayə edənlərin də "xidməti" böyükdür.
Doğrudur, başqa karqolarda da eyni hallara rast gəlinir, ancaq fırıldaqçılıqda “Star karqo” ilk sıralarda yer alır. Əvvəlcə müştəriyə yalandan bir qiymət deyilir. Müştəri də yol haqqını nəzərə alaraq, malı almağa qərar verir. Sonra müştəri tələb edir ki, çatanda nə qədər pul verəcəyimə aid bir sənəd verin. Cavabında isə “malı təhvil aldığınız zaman biləcəksiniz” deyilir. Məsələn, mebelin kubunu Türkiyədən Azərbaycana aparmaq üçün qiymətlər müxtəlifdir. Yəni ümumi məbləğ 430 dollara başa gəlir. Yumşaq mebeldə isə bu rəqəmin 330 dollar olduğu halda, malı təhvil alan müştəriyə isə iki qat qiymət oxunur. Müştəri etiraz edəndə isə ”bizə sərf edəni kubla, sərf etməyəni isə kilo ilə hesablayırıq” deyirlər", - deyə məlumatda bildirilir.
"Araşdırmalardan məlum olur ki, ”Star Karqo”nun başında Kürşad adlı şəxs dayanır. Onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət ünvanlanacaq", - deyə sayt yazır.
Həmçinin iddia olunur ki, şirkətin bu kimi qanunsuz əməllərindən sayda vətəndaş problem yaşayıb. Onlar da yaxın günlərdə aidiyyəti qurumlara müraciət edəcəklər.
Qaynar.info