"Bir neçə gündür ki, Şuşa-Xankəndi yolunda başlayan aksiya davam edir. Artıq 4 gündür ki, burdayam, səhhətim də normaldır”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Yeni Musavat" qəzetinin əməkdaşı Məhəmməd Türkmən Şuşa-Xankəndi yolunda keçirilən aksiyadan danışarkən deyib. Jurnalist Rusiya sülhməramlılarının azərbaycanlı media nümayəndələrinə problem yaratdıqlarını bildirib:
"Onlara yaxın ərazidən canlı yayım etmək olmur, internetdən istifadə qəlizləşib. Mənə elə gəlir ki, Rusiya sülhməramlıları yaxından çəkiliş istəmir. Bu yolla bizə mane olmağa çalışırlar. Amma onlar bilmir ki, biz çəkiliş edib kənardan da məlumatları göndərə bilirik”.
Məhəmməd Türkmən səhər saatlarında aksiyada sakitlik olduğunu, canlanmanın günortaya yaxın başladığını vurğulayıb: "Burada hər gün şərait yaxşılaşdırılır. Ən azından normal bir media çadırı qurulub. İstilik sistemi, oturmaq üçün stol-stul və s. təmin olunub. Aksiyadan məlumatlar yazmaq üçün nə lazımdırsa, rahatca edə bilirik”.
Məhəmməd Türkmən deyir ki, həm sülhməramlılar, həm də aksiya iştirakçıları burada günlərlə qalmaq üçün özlərinə şərait qururlar: "Bu da onu göstərir ki, proses hələ davam edəcək. Nəticə əldə olunana qədər, ən azı tələblərdən biri həyata keçənə kimi buradayıq”.
Bahar Rüstəmli