Xəbər lenti

“Sülhməramlılar” zamanında birgə bəyanatın 4-cü bəndini yerinə yetirsəydilər... (ŞƏRH)
Siyasət12:25 07.07.2021

“Sülhməramlılar” zamanında birgə bəyanatın 4-cü bəndini yerinə yetirsəydilər... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan tərəfi müharibədəki məğlubiyyət zamanı və post-müharibə dövründə Rusiya ilə Azərbaycanı üz-üzə gətirmək üçün istənilən fəaliyyəti həyata keçirir və bunu gələcəkdə dayandıracaqları da gözlənilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev iyulun 6-da Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutmasını şərh edərkən deyib. Ekspert həm də ortada bir çarəsizlik sindromunun da olmasını vurğulayıb:
"Ərazilər işğaldan azad edilib. Ermənistan hər gün hansısa demarkasiya və delimitasiya prosesləri ilə bəzi əraziləri boşaldıb. Bundan sonra delimitasiyanın Laçın və Kəlbəcərdən Qazaxa kimi davam etməsi Ermənistanın hələ də geri addım atacağını bəri başdan görməyə imkan verir. Sərhəddə baş verən son hadisədə gizirimizin Ermənistan tərəfindən açılan atəş nəticəsində Ağdam rayonu ərazisində yaralanması təbii ki, Azərbaycan tərəfindən qəbul ediləcək bir şey deyil. Bu hadisədə Rusiya sülhməramlılarının da günahı böyükdür. Çünki onlar zamanında birgə bəyanatın 4-cü bəndini yerinə yetirsəydilər, həmin atəşi Azərbaycan tərəfinə açacaq erməni silahlısı tapılmazdı. Halbuki biz görürük ki, ruslar öz funksiyalarını yerinə yetirməkdə ciddi boşluqlara yol verirlər. Silah açılan ərazilərə Rusiya sülhməramlıları nəzarət edirsə və ordan da erməni silahlısı Azərbaycan əsgərinə atəş açırsa, bu zaman günahkar axtarmağa vaxt ayırmaq lazım deyil. Günahkar bəllidir”.
 
Ədalət Verdiyevin fikrincə, onların funksiyalarında çox ciddi çatışmazlıqlar var:
"7 aydır ki, Ermənistandan ala bilmədiyimiz xəritələri Gürcüstan bizə verir, hər rus əsgərinə az qala bir kazarma tiksinlər, erməni silahlıları Qarabağ ərazilərinə sülhməramlıların gözü qarşısında girir. Rusiya tərəfi bu dəfə erməni vandallığına şərik olmamalı, atəş açan, əmri verən şəxsləri tapıb Azərbaycan tərəfinə təslim etməlidir. Əgər Rusiya tərəfi bu prosesləri hansısa şəkildə həyata keçirməkdə ləngimələrə yol verərsə, Azərbaycan həmin ərazilərdə antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır”.    
Qeyd edək ki, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb.
Bahar Rüstəmli