Binəqədi rayonu, Sulutəpə qəsəbəsində sakinlərin evlərindən oğurluq edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Ağsu rayonunda anadan olmuş və Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan V.İ. barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 227-ci (xırda talama) maddələri ilə protokol tərtib edilib.
İşə məhkəmədə baxılıb.
Məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxs yaşadığı qəsəbədə beş sakinin evindən müxtəlif əşyalar oğurlayıb. Belə ki, o, zərərçəkmiş 1-in evindən 70-80 manat dəyərində ətçəkən maşın, zərərçəkmiş 2-nin evindən 90 manat dəyərində elektrik mişarı, zərərçəkmiş 3-ün evindən 90 manat dəyərində cərəyan qutusu və 50 metr elektrik naqili, zərərçəkmiş 4-ün evindən 90 manat dəyərində su qızdırıcısı, zərərçəkmiş 5-in evindən isə 60 manat dəyərində elektrik naqilləri götürüb.
O, məhkəmədə narkotik vasitə istifadəçisi olduğunu bildirib və törətdiyi oğurluq əməllərini etiraf edib. V.İ. maddi imkanının olmadığını, buna görə də zərərçəkmişlərə vurduğu ziyanı ödəyə bilmədiyini deyib.
Qəsəbə sakinləri isə onlara dəymiş ziyanın ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyiblər.
Məhkəmənin qərarı ilə V.İ. inzibati xətaları törətməkdə təqsirli bilinib və 3 ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.
Aydın
Şərhlər