Səbuhi Həsənov
İdman 16:05 30.08.2022

“Sumqayıt”ın Ayxana “mənəvi borcu”

Bir məşqçinin hansısa klubun tarixinə düşməsi, uğur qazanması təbii ki, gözəl hisslərdir. Ən azından sonrakı illərdə yaxşı xatırlanırsan, həmişə həmin klubun azarkeşləri tərəfindən xoş qarşılanıb, alqışlara layiq görülürsən. Həmin klubun azarkeşləri yanında da daim başın dik olur, sevilirsən. Amma bəzi mənəvi məsələlər də var. Həmin incə telləri "qırıb”, bir qədər dikbaşlıq, hörmətsizlik etmək, ən azı, mənəvi baxımdan düzgün deyil. Nə isə, çox uzatmaym, sözümü deyim…

Əminəm ki, hazırda "Turan Tovuz”u çalışdıran Ayxan Abbasov "Sumqayıt” azarkeşləri tərəfindən heç də az sevilmir. Əslində, bunu başa düşmək çətin deyil. Məşqçi klubda Sumqayıt çapında müəyyən nəticələr göstərmişdi. Hərçənd Azərbaycan səviyyəsində ciddi uğur sayılmasa da, onun "Sumqayıt” üçün çəkdiyi əziyyəti danmaq bir qədər düzgün olmaz. Elə sumqayıtlı azarkeşər də Abbasovun komanda üçün etdiklərini unutmur. Buna da əminəm ki, hər dəfə küçədə, stadionda görəndə yaxınlaşırlar, görüşürlər, hal-əhval tuturlar və uğurlar arzulayırlar. Yəqin ki, bir məşqçi üçün bundan yaxşı münasibət ola bilməz. Amma Abbasov bütün bunların qarşılığında komandada baş məşqçi olduğu müddətdə daim dəstək gördüyü sumqayıtlı azarkeşlərə hörmətsizlik edir və ondan klub rəhbərliyinə də haradasa "pay” çatdırır desəm, yanılmaram.

Mütəxəssis "Sumqayıt”dan ayrılandan sonra verdiyi açıqlamalarla diqqət mərkəzinə düşmüşdü. O, aşkar şəkildə etiraf etməsə də, sətiraltı mənalarla klubdan incik ayrıldığına eyham vururdu. Məsələn, onun açıqlamalarından birini diqqətinizə çatdırırıq, özünüz də anlayacaqsınız: "Qoy, özləri desin, bəlkə bir bildikləri var. Başqa komandada legionerlə işləmişəm, nəticə də vermişəm. Ora gedəndə bilirdim ki, legioner alınmasına icazə verilməyəcək. Deyirdilər ki, milliləşdirilmiş oyunçularla nəticə vermək olmaz. Amma biz bunu bacardıq, əksər komandaları üstələdik. Bəzi futbolçularımız yaxşı formaya düşüb digər komandalara transfer oldu. Klub prezidenti yeni baş məşqçinin təqdimatında belə bir söz dedi ki, əsl "Sumqayıt"ı yaydan sonra görəcəksiniz. Mən o iddialı komandanı görmək istəyirəm". Keçmiş futbolçu incikliyini digər açıqlamasında bu şəkildə göstərməyə çalışır: "Qışdan sonra dəyişiklik mütləq idi. Rəhbərlik isə düşündü ki, bəlkə baş məşqçini dəyişsək, uğurlu olar”.

Bir neçə gün öncə, Premyer Liqanın 4-cü turunda Sumqayıtda baş tutan "Sumqayıt” - "Turan Tovuz” matçından sonra dedikləri isə yerli azarkeşlərin ciddi narazılığına səbəb oldu. Abbasov həmin matçda sabiq komandasının fanatlarından, sumqayıtlılardan yetərincə dəstək görmədiyini və buna görə onlardan incidiyini bildirdi: "Sumqayıta rəqib kimi gəlmək başqa hissdir. Haqsız şəkildə göndərildim. Layiq olmadığım kimi getdim. "Sumqayıt" azarkeşlərindən incidim. Alqış düşə bilərdi. Bəlkə də, kimsə onlara dedi ki, sakit durun. Komandanı avrokuboka çıxaran baş məşqçini alqışlamaq olardı".

Gördüyünüz kimi, mütəxəssis hər dəfə açıqlamasında azarkeşlərlə yanaşı, klub rəhbərliyinə də "söz soxmağa”, sanki ona nəyəsə görə borclu qaldıqlarını futbol ictimaiyyətinə deməyə çalışır. Bəs bütün bunlar nə dərəcədə peşəkar yanaşmadır? Şəxsən mən inanmıram ki, "Sumqayıt”ın Ayxana hansısa maddi və ya mənəvi borcu qalıb. Belə bir borcun yaranması üçün həddindən çox böyük işlər görmək lazımdır. Bəs Abbasovun rəhbərliyi altında "Sumqayıt” necə yadda qalıb? İki dəfə kubokun qalibi olmaq şansı qazanıb, amma finalda məğlubiyyətlə üzləşib. Avrokuboklara vəsiqə əldə ediblər, lakin elə ilk mərhələdə komandanın "burnu ovularaq” evə göndərilib. Həə, "Sumqayıt” onun rəhbərliyi altında ən yaxşı halda 3-cü pilləni tutub ki (2020/2021 mövsümü) bunu da qeyri-adi, heç kimin bacarmadığı bir hal kimi qələmə vermək düz deyil. Məsələn, Ayxan "Sumqayıt”ı ölkə çempionu etsəydi, buna görə klubun və ya azarkeşlərin "nisyə dəftərinə” "mənəvi borc” yazılmasını alqışlayardım.

Abbasov isə sumqayıtlı azarkeşlərdən, yaxud klub rəsmilərindən sanki onu görəndə hər dəfə dizlərini yerə qoyub müqəddəs büt kimi sitayiş etmələrini istəyir. Bununla kifayətlənmir, stadiona girəndə tribunalara toplaşan bütün azarkeşlərin öz komandalarını deyil, məhz onu, özü də ayaqüstə alqışlamalarını, maşından düşüb "yaşıl xalça”ya çatana qədər ayağının altına qırmızı xalça sərilməsini tələb edir. Nə üçün? Hansı böyük nailiyyətə görə? Komandada baş məşqçi olduğu müddətdə daim Ayxanın arxasında duran, ona dəstəyini əsirgəməyən, imkan daxilində bütün istəklərini yerinə yetirən "Sumqayıt” rəhbərliyi və azarkeşlər daha neyləməlidir, anlamadım. Ümumiyyətlə, belə açıqlama, ölkə futbolunda yetərincə tanınmış, vaxtilə peşəkar futbolçu olmuş birinə yaraşdımı? Məncə, yox…

Səbuhi Həsənov