Ölkə 16:10 23.04.2022

Sumqayıt sakinləri hədələndiklərini deyir - İcra Hakimiyyətindən açıqlama

Sumqayıt şəhər, 1-ci mikrorayon, bina 122-də yaşayan sakinlər Qaynarinfo-ya müraciət edib. 

Onların sözlərinə görə, naməlum şəxs yaşadıqları binanın ərazisində ağacları kəsərək restoran tikmək istəyir. Sakinlər bu barədə ARB telekanalının süjet hazırladığını, bundan sonra isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təzyiqlərinə məruz qaldıqlarını deyir. 

Mətanət adlı sakinin sözlərinə görə, süjet efirə getdikdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətindən iş yerinə zəng edilib: "Tələb ediblər ki, məni işdən çıxartsınlar”.

Şaiq Camalov adlı sakin isə deyir ki, uzun illərdir Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə ədəbiyyat müəllimi işləyir. Vətəndaşın sözlərinə görə, da digər sakinlər kimi, ona qarşı da təzyiqlər olub. Şaiq Camalov bildirir ki, onu Sumqayıt şəhər Təhsil İdarəsinə çağıraraq, tikintiyə etiraz etməməsi tapşırılıb və əks halda işdən çıxarılacağı barədə xəbərdarlıq edilib. 

Balaqız Qurbanova isə övladları ilə hədələndiyini deyib. Ahıl yaşında olan sakin deyir ki, övladlarının şərlənəcəyi barədə xəbərdarlıq alıb. 

Binanın sakinləri məsələ ilə bağlı yuxarı instansiyalara müraciət edərək dəstək istəyirlər: "Ümid edirik ki, səsimizi eşidərlər”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, ərazidə ağacların kəsilməsi faktı qeydə alınmayıb. Digər tərəfdən, orada hansısa restoranın tikintisindən söhbət getmir:

"Vətəndaşlardan birinin köşkü olub və həmin köşk heç o əraziyə də düşmür. Araşdırmışıq, bütün sənədləri qaydasındadır, indi həmin vətəndaş orada yüngül konskturksiyalı köşk quraşdırmaq istəyir. Ərazidə ağacların kəsilməsindən söhbət gedə bilməz”.

Vətəndaşlara təzyiqlər olunmasına gəlincə, İcra Hakimiyyəti bu iddianın əsassız olduğunu qeyd edib.

Seyid