Son həftələr ərzində ölkədə prezident seçkilərindən sonra, bəlkə də ən çox müzakirə edilən məsələ, “Xəzər-Lənkəran”la “Neftçi” arasında Super-kubok oyununun Naxçıvanda keçirilməsidir.
Ola bilər ki, bu yazını oxuyan bəzi oxucularımızda müəllifin “Xəzər-Lənkəran”lı olması səbəbindən bu klubun adını ilk qeyd etməsi təəssüratı yaransın. Bu təəssüratın yaranmaması üçün qeyd edim ki, 23 oktyabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçiriləcək Azərbaycan Super kubokunun nominal ev sahibi “Xəzər-Lənkəran”dır. Elə bu səbəbdən də nəinki yazı müəllifi, hətta bütün idman yazarları da bu maç haqqında yazarkən Cənub klubunun adını artıq birinci cəkməyə məcburdular. Çünki bunu, Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatma müəyyən edib.
“Yavru vətən” Naxçıvanda əslində hamı özünü maçöncəsi və maçsonrası evindəki kimi hiss edə bilər. O mənada ki, həm "Xəzər-Lənkəran", həm də "Neftçi" azarkeşlərinə naxçıvanlılar qonaq olduqlarını hiss etdirməyəcəklər. Amma və lakin bir şərtlə....
Qonağım əzizdir, tərbiyəsi ondan da əzizdir....
Oyunöncəsi fanatların ehtiraslarının qızışması və artıq mediada “Söz müharibələri”nin konturlarını sezmək mümkündür. Amma bu mümkünlüklər içində namümkün, hətta deyərdim ki, anormal olan iddialar da var. Məsələn, superkubok oyunu ərəfəsində lənkəranlılara qarşı hansısa təxribatların törədiləcəyi ilə bağlı iddialar kimi....
Məqsədlərindən asılı olmayaraq bu anormal ideyanı ortaya atanlar, bir neçə faktı yaddan çıxarıblar.
Birinci o faktı yaddan çıxarıblar ki, Azərbaycanın bu iki regionunda yaşayan insanlar arasında xarakter, məişət, davranış, inanc, hətta ləhcə və şivə oxşarlığı kifayət qədər çoxdur. Azərbaycanın Dağlıq Qarabağ istisna bütün bölgələrində olmuş, Lənkəranda və Naxçıvanda uzun müddət yaşamış və yaşamaqda olan birisi kimi birmənalı deyə bilərəm ki, ölkəmizdə insanları bu qədər oxşar olan digər iki region müəyyənləşdirmək mümkün deyil.
İkincisi, Naxçıvanda cənublulara qarşı hər hansı aqressiya yoxdur, tam əksinə... Elementar olaraq bu gün muxtariyyətdə idarəçilik, prokurorluq, hərbi, tibb, media sektorlarına baxsanız orada kifayət qədər “Xəzər-Lənkəran” tərəfdarı olan cənublu tapa bilərsiniz.
Üçüncüsü, hər hansı bənzərlik və oxşarlıq olmasaydı belə, hər hansı ixtişaşın törədilməsinə naxçıvanlıların qonaqpərvərliyi, mərdliyi və xarakterlərindəki digər xüsusiyyətlər onlara hər hansı klubun azarkeşlərinə qarşı aqressiya göstərmək imkanı vermir. Hər halda blokada şəraitində olan və özgələrin əhatəsində yaşayan Naxçıvan və naxçıvanlılar bunun 90-cı illərdə köməksiz Naxçıvana ermənilərin bu torpağa hücumu qədər şərəfsiz bir iş olduğunu bilirlər.
Dördüncüsü və ən mühüm amil isə, Naxçıvanda inkişafın qarantı kimi burda təmin olunmuş sabitlikdir. Və bu sabitliyi nəinki pozan, pozmağa cəhd göstərən hər hansı insan, qrup, dəstə heç bir inzibati tədbir olmadan da UTANDIRILA bilər! Çünki, burada ictimai rəy buna qadirdir.
Sadaladıqlarımız flaqmanın azarkeşləri üçün də keçərlidir.
Nəticə
Qısası, oktyabrın 23-də Naxçıvandakı idman bayramında əzəli rəqiblərin meydan mübarizəsində təkcə “Neftçi” deyil, “Xəzər-Lənkəran” sədalarını da eşidəcəyik. Lənkəranlı futbol azarkeşi olaraq “Xəzər-Lənkəran”ın qələbəsinin, Naxçıvan sakini olaraq isə idmanımızda centlmen mübarizəsinin şahidi olmaq arzusu ilə, iğtişaşın olmayacağından əminəm. Bu dəfə güclü qalib olsun deməyəcəyəm, bu maçın qalibi öncədən məlumdur – Azərbaycan idmanı!