Siyasət 17:45 17.08.2022

“Sürməli”dəki partlayışı Rusiya törədib? - ŞƏRH

Bir neçə gün bundan əvvəl İrəvanın "Sürməli” ticarət mərkəzində baş verən və xeyli insanın ölümü ilə nəticələnən partlayışla bağlı Ermənistanda bəziləri Rusiyanı ittiham edir. Məsələn, "Sasna Tsre” siyasi qrupu sosial mediada belə iddialarla çıxış edib. 

Bu isə sözsüz ki, Rusiyanı qəzəbləndirib. Onun nəticəsidir ki, Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Natoda baş verən partlayışa görə Rusiyanın ittiham olunmasını Moskva Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndirib: 

"Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayev  "Sürməli” ticarət mərkəzindəki partlayışın Rusiyanın təlimatı ilə reallaşdığını düşünmür: 

"İrəvanda "Sürməli” ticarət mərkəzində baş verən partlayışdan sonra Ermənistandakı anti-rusiya qüvvələri baş verənlərdə bu ölkəni günahlandırır.

Fövqaladə Hallar naziri Armen Pambuxçyan baş verən hadisənin terror aktı olmadığını bildirsə də, hadisədən qəzəblənən insanlar olayın Kreml tərəfindən sifariş əsasında baş verdiyini deyir.

Kreml mövcud vəziyyətdə Ermənistanla münasibətləri korlamaqda maraqlı deyil. Başa düşür ki, Ermənistanla münasibətlərin pozulması Moskvanın Cənubi Qafqazda təsir imkanlarını zəiflədəcək. Bu isə Paşinyan və onu hakimiyyətə gətirən Qərbin maraqlarına uyğundur.

Təsadüfi deyil ki, artıq Kreml sosial şəbəkələrin erməni seqmentində "Sürməli” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasından ciddi narahat olub.

Hətta Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. 

Notanın məğzi göstərir ki, Kreml baş verən hadisəyə görə özünün hədəf olaraq göstərilməsindən narahatdır. Hadisəni Rusiya etsəydi, Kreml proses sonrası hadisələrə nəzarət edər və ya özü moderatorluq edərdi”.

Həmsöhbətimiz  "Sürməli”dəki hadisənin Paşinyan administrasiyası tərəfindən Qərbin sifarişi ilə gerçəkləşdiyi qənaətindədir: 

"Qərb yaxşı anlayır ki, 44 gülük müharibə və digər hadisələr sonrası Ermənistanda ciddi anti-rusiya düşüncəsi hakimdir. Bu düşüncəni daha da qabartmaq lazımdır. "Sürməli”dəki hadisə də məhz buna xidmət edib. Hadisədən sonra sosial şəbəkələrdə qəzəbli kütlənin antirusiya paylaşımları etməsi və Kremlin buna görə Ermənistana nota verməsi də prosesin istənildiyi kimi getdiyindən xəbər verir.

Prinsip etibarilə, ənənəvi erməni siyasəti üçün öz xalqına silah çəkmək ya da canına qəsd etmək ilk hal deyil. 19-cu əsrdən etibarən "Daşnaksütun”, "Xınçak” kimi ultramilliyyətçi erməni təşkilatları sözdə erməni maraqlarından danışsalar da, yeri gəldikdə öz soydaşlarına qarşı terror törətməkdən belə imtina etməyiblər. 

Sumqayıt hadisələri də məhz bu ssenari ilə təşkil edilmişdi. Həmin olayın pərdəarxasında da məhz ermənilər dayanmışdı. Öz soydaşlarına qarşı hücumlar təşkil edib müqəssir kimi azərbaycanlıları göstərmiş, beləcə Ermənistanda seperatçı meylləri gücləndirmişlər. 

"Sürməli"dəki hadisənin də icraçısı məhz Ermənistan iqtidarıdır. Məqsəd ölkə daxilində antirusiya əhval-ruhiyyəsini mümkün qədər gücləndirməkdir”.

Rüfət Sultan