Xəbər lenti

Üsyankar qızın içindəki qadın... - KÖŞƏ
Ölkə07:58 30.08.2013

Üsyankar qızın içindəki qadın... - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəbiqə Nazimqızı

O zaman ki, keçmişimizdən başqa heç nəyimiz olmayacaq, onda yanımda olarsan. Olarsanmı? 

Bizə indi düzəldərsən, nə zamansa ən gözəl keçmişə dönəcək indi. Mənim heç xoşbəxt keçmişim olmadı ki...

O zaman ki, kişinin qadından qulaq yoldaşlığından başqa heç bir təmannası olmur, o zaman ki, qadının, çiyninə yaslanacaq arıq, cılız, sümükləri çıxmış qocadan başqa heç kəsə ehtiyacı olmur. O zaman ki, ərlə atanın, qardaşın fərqi olmur...

O zaman ki, mən nə çiyələcək mürəbbəsi istəyəcəm, nə limon, nə çay. O zaman ki, portağal ətri mənim üçün yalnız portağal ətri olacaq. O zaman ki, restoran və kafelər, yeməkxanalar uzaq gəlir. O zaman ki, soyuq kokteyl içmək üçün çoox gec olur. O zaman ki, Şumaxerlik eləməyə səsləmir, sürətli yelləncəklərə aparmır cavanlıq həvəsi... Onda yanımda olarsan... Olarsan, yaxşımı?

Köhnə skamyaları çoxdandı boyanmayan köhnə, balaca, dəbdəbədən uzaq  kasıb bir park taparsan. Sınıq-salxaq taxtalara söykənərsən. Qolunu başımın altından keçirib susarsan. Kənd qadınlarına oxşadığımı düşünərsən. Başıaşağı, lal-dinməz kənd qadınlarına. Özün-özünə, bəlkə, mininci dəfə təkrarlayarsan ki, cavan vaxtı gördüyün cığal, azad, üsyankar qızın içərisində tamam başqa qadın gizlənirmiş. Məni taparsan. O zamandan daha tez taparsan, yaxşımı?.. 

Ağarmış saçlarımı gizləyə bilməyən qara, ucları ağ naxışlarla haşiyələnmiş yaylığımı çıxararsan, saçlarımı oxşayarsan yavaş-yavaş, kövrələrəm. Susarsan. Topuqlarımadək uzanan qara, qocafəndi donumun ətəklərini yığarsan. Sonra qəfil üzümə baxıb: “Ay qız, bu nədi geyinmisən? Sabah saçlarını belə görməyim, boya onları”, - deyəcəksən.  

Sonra əlavə eləyərsən ki, çoxdandı üzümdə də heç bir boya görmürsən: “Bax, əsl vaxtıdır. Xatırlamıram, sonuncu dəfə dodaqlarını nə vaxt boyamısan..."

 Səhər məni başqa geyimdə - açıq rəngli dizdən donda, saçlarım, üz-gözüm boyanmış vəziyyətdə görərsən. Guya tanımazsan. Guya bu sir-sifətdə çirkin ördək qarısına bənzəmirəmmiş kimi “Sən nə qədər gözəlsən”, -  deyərsən yalandan. Yaxşımı? Aldadarsan, guya boyanı 60-dan sonra vurarlar. İnanmaram, amma sevinərəm, gülümsəyərəm. Bəlkə, inanaram da. İnandırarsan, yaxşımı?..

Cavanlığımı yadıma salarsan. Necə ərköyün, necə dəlisov olduğumu, qısqanclıq səhnələrimi, beş dəqiqədən bir küsüb, üç dəqiqə sonra barışdığımı. Sonra da gülümsəyib deyərsən: “Yox, xeyli ağıllanmısan”. 

Mən yalandan küsərəm. Sən yenə gülümsəyərsən: “Ax, mənim bəxtim gətirmir ki, gətirmir. Qoca vaxtında da bəxtimə dəli qarını yazıblar”, - deyərsən, yaxşımı?

Sən heç gözləmədiyim vaxtda gələrsən... Gələrsən və biz dünyanın ən xoşbəxt qarı-qocası olarıq... Gələrsən.

Gələrsənmi?

Qaynar.info