Xəbər lenti

Söyüş demokratik proses kimi...
Hüseynbala Səlimov
Siyasət07:28 09.08.2021

Söyüş demokratik proses kimi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Vaxtilə demokratiyanın institut və dəyərləri haqqında yazıları necə həvəslə yazdığım indi də yadımdadır. Bəzən fikirləşirəm ki, bəlkə bu da bir gənclik həvəsi imiş? Axı gənclər romantik olur...
Amma yox, bu yazılar mənim ürəyimdən gəlirdi. Əlbəttə, bir şeyi inkar etmək olmaz ki, onda bu yazıların auditoriyasi vardı. 
İndi də sönən mənim həvəsim deyil, məsələ odur ki, daha əvvəlki auditoriya yoxdur. Təəssüf ki, bizim bütün yazdıqlarımızdan insanlar bir nəticə çıxardılar ki, ən böyük azadlıq elə söyüş söyməkdir və onlar bunu qəbul edərək sosial şəbəkələrə köç etdi, çünki orada ürəyin istəyən qədər söymək mümkündür.  
Bəlkə də onlar nədəsə haqlıdırlar. İnsanlar demokratiya haqqında yazıları oxumaq yox, demokratiyanı prosesdə görmək istəyirdilər. Biz isə sonuncunu onlara verə bilmədik, nəticədə də indiki yanlışlıq baş verdi – insanlar söyüşü məhz demokratik proses kimi qəbul etdilər.
Bəs bütün bunların sonu necə olacaq? Sonda əlbəttə ki, dağıdıcı və boz kütlə yetişəcək – heç sözsüz ki, müvafiq siyasi islahatlar aparılmasa. Biz daim bunu vurğulayırıq, çünki problemlər də bumeranq kimidir, əgər onları həll etmirsinizsə, bu, o demək deyil ki, onlar yox olur, yox, onlar toplanır, artır və bir gün bumeranq kimi qayıdır.
Ölkələr və cəmiyyətlər var ki, onlar regional amillər olmadan da azadlıq və demokratiya sahəsində səylər göstərirlər. 
Məsələn, qonşu Gürcüstanı buna misal kimi göstərmək olar. Hazırda Tiflis regionun ən qərbpərəst ölkəsi hesab olunur. Ermənistanda da ən azı elektoral demokratiyanın bərqərar olduğunu demək mümkündür. Bu cərgədə biz bir az geridə qalır və yaxud da ki, yerimizdə sayırıq. Əlbəttə, proseslərin niyə başqa ardıcıllıqla baş verdiyini anlamaq üçün gərək onların ierarxiyasını müəyyən edəsən. Azərbaycanda demokratiya hələ ki azlığın dəyəri olub. Bizimçün daha önəmlisi, məsələn, Dağlıq Qarabağ probleminin həlli idi və ona da demək olar ki, tamam nail olmuşuq.
Heç sözsüz ki, regional amillərdən də çox şey asılıdır. Bizim münasibətlərinə önəm verdiyimiz ölkələrdən ikisi – Rusiya və İran sərt avtoritar ölkələrdir. Rusiyada indinin özündə F.Dzerjinskinin heykəlini yerinə qaytarmaq, Stalini tamam reabilitasiya etmək istəyirlər. Birmənalı şəkildə demək olar ki, bir sıra post-sovet ölkələrində avtoritarizm məhz Rusiyadan qaynaqlanır, çünki elə bizdə də əski kommunistlər Birinci Respublikanın qurucu atalarından daha çox hörmətə və izzətə malikdirlər.   
Amma unutmaq lazım deyil ki, indi 21-ci əsrdir. İnsanlarla insan kimi davranmaq lazımdır. Bir ara düşündük ki, demokratiyanı milli ideyalar sırasından çıxarmaq lazımdır, çünki bu iki dəfə iki kimi bir məsələdir – axı 21-ci əsrdə demokratiyadan savayı başqa bir idarəçilik ola bilməz.
Azərbaycanda multikulturalizm və tolerantlıqdan çox danışırlar, amma bunu yalnız etno-sosial və konfessional müstəvidə anlayırlar, halbuki heç də belə deyil. İnsanlar müxtəlif siyasi və ictimai dəyərlərə söykənə və tapına bilərlər, əsl multikulturalizm və tolerantlıq odur ki, bunlara da dözümlə yanaşasan.
Çox vaxt gileylənirik ki, dünya xalqları bizə bir qədər başqa cür yanaşırlar. Bəli, belədir və səbəbini bir az əvvəldə dedik – söhbət 21-ci əsrin siyasi və ictimai məntiqindən gedir. Uzaq feodalizm dövrnüdə də, bundan bir az əvvəldə də müxtəlif xalqların və dinlərin sülh içində yaşadığı imperiyalar olub. Məsələn, orta əsrlərdə moqollar Hindistanda üç dinin – induizmin, xristinalığın və islamın təmsilçilərin idarə edə bilir və ölkədə sabitliyi və dözümlülüyü təmin etməyi bacarırdılar. Amma demək olarmı ki, moqolların imperiyası demokratik quruluş idi? Yox, əlbəttə, demək olmaz...
Bəs nə etməli? Addım-addım demokratiyaya doğru getmək lazımdır. Dünyada yalnız azad xalqları və azad insanları sevir və hörmət edirlər. Əks təqdirdə tolerantlıq və multikulturalizm haqqındakı dəyərlərimiz söz yığınından savayı bir şey olmayacaq...