59 yaşlı aktyor Conatan Coss "Red Dead Redemption”, "Cyberpunk 2077”, "Wasteland 3” və "Kral təpəsi" (King of the Hill) animasiya serialında səsləndirmələri ilə tanınan sənətçi, ABŞ-ın San-Antonio şəhərində güllələnərək öldürülüb.
Qaynarinfo "San Antonio Express-News” nəşrinə istinadlıa xəbər verir ki, Coss həyat yoldaşı ilə birlikdə yanvar ayında yanaraq külə dönmüş evlərinin yerinə poçtlarına baxmaq üçün
gedibmiş. Elə orada qonşularından biri ilə mübahisə yaranıb və hadisə faciə ilə nəticələnib.
Polisin verdiyi məlumata əsasən, 56 yaşlı Siqfredo Alvares Sexa adlı şəxs Cossa bir neçə dəfə atəş açaraq onu qətlə yetirib. O, hadisə yerindən avtomobillə qaçmağa çalışsa da, yaxınlıqda saxlanılıb.
Cossun həyat yoldaşı Tristan Kern de Qonsales baş verənləri homofob nifrət zəminində törədilmiş zorakılıq aktı və illərlə davam edən zorakılıq kampaniyasının bir hissəsi adlandırıb.
Onun sözlərinə görə, qonşular onları uzun müddətdir təqib edir, hədələyir, təhqir edir və zorbalıq edirmiş. Yaşadıqları evin yanmasından əvvəl iki il ərzində onlara qarşı təhdidlər səngiməyib və bu barədə dəfələrlə polisə müraciət olunsa da, heç bir tədbir görülməyib:
"Biz Conatanla evimizin yanmış yerinə gəlmişdik. Kimsə yanan itlərimizdən birinin kəlləsini göz önündə olan yerə qoymuşdu. Bu, dözülməz idi. Ağlamağa və qışqırmağa başladıq. Bu zaman bir nəfər yaxınlaşdı və bizi homofob ifadələrlə təhqir etməyə başladı. Sonra tapançasını çıxarıb atəş açdı. Bizim heç bir silahımız yox idi. Heç kimi təhdid də etməmişdik. Sadəcə yas tuturduq. Conatan məni kənara itələdi və bu hərəkəti ilə həyatımı xilas etdi”.
Qonsales əlavə edib ki, həmin qonşu yanğın zamanı Cossun itini xilas etməyə çalışmasına gülərək lağ edirmiş.
Yanvarda Coss mətbuata bildirmişdi ki, evlərində qaz və elektrik olmadığı üçün kömür manqalını qapalı məkanda yandırmışdılar. O, evdən çıxmazdan əvvəl kömürün tam sönməsinə əmin olduqlarını və qonşuları birbaşa günahlandırmadığını bildirmişdi.
Conatan Coss oyun sənayesində nadir görünən, amma diqqətəlayiq layihələrdə iştirak edən səsləndirmə aktyorlarından biri idi. Onun oyun sahəsindəki debütü 1996-cı ildə "Sante Fe Mysteries” layihəsi ilə olmuşdu. 2000-ci ildə isə o, "Kral təpəsi" cizgi filmi əsasında hazırlanan oyunda Con Redkorna səsini verib. Daha sonra "Red Dead Redemption”, "Days Gone”, "Wasteland 3”, "The Walking Dead: Michonne” və "Cyberpunk 2077: Phantom Liberty” kimi tanınmış oyunlarda səsləndirmə etmişdi.
Televiziyada isə Coss ən çox "Kral təpəsi"ndə Con Redkorn obrazına verdiyi səslə tanınırdı. O, bu rolda 13 mövsüm ərzində 34 seriyada çıxış edib. Yaxın vaxtlarda həmin serialın "Hulu” platformasında avqustda yayımlanacaq yeni versiyası üçün də yeni səsləndirmələr etmişdi.
Xatırladaq ki, daha əvvəl "Skyrim” və "Fallout 3” oyunlarında səsləndirmə edən və komadan çıxan aktyor pərəstişkarlarına göstərdikləri dəstəyə görə təşəkkür etmişdi. "Bethesda” əməkdaşları və fanatlar onun bütün tibbi xərclərini ödəyərək ona yardım göstərmişdi.
Alpər
Şərhlər