
Almaniyanın Oldenburq şəhər polisi 84 nəfəri öldürməkdə günahlandırılan Niels Högel adlı şəxslə bağlı araşdırmaların nəticəsini açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1999-cu ildən bəri xəstə gözətçisi vəzifəsində çalışan Niels Högelin 2005-ci ilə qədər işlədiyi xəstəxanalarda 35 nəfəri öldürməsi sübut edilmişdi. Son məlumatlara əsasən isə Högelin 84 nəfəri öldürdüyü ortaya çıxıb. Təcili yardımda ürəyi dayanmış və ya vəziyyəti ciddi olan xəstələrə "Gilurytmal" adlı narkotik maddə vurmaqda ittiham edilən qatil Almaniya tarixindəki ən böyük serial qatil kimi qəbul edilir.
30 cinayətini və 60 cinayət cəhdini etiraf edən qatilin 200 nəfəri bu maddə ilə öldürməsi ehtimal edilir. Nəticələr toksikoloji araşdırmalardan sonra məlum olacaq.
2015-ci ildə ömürlük həbs cəzasına məruz qalan Högel 1976-cı ildə bir qulağı kar olaraq dünyaya gəlib və 11 yaşında ailəsindən ayrılaraq internat məktəbə başlayıb. 17 yaşında sağlamlıq təhsili alan cinayətkar alkoqol və narkotik maddə mövzusuna böyük marağı ilə tanınır və 2003-cü ildən bəri psixoloji problemlərinin artdığı, müxtəlif dərmanlardan istifadə etdiyi deyilir.
Gülşən
Qaynarinfo.Az