25-ə yaxın siyası partiyaların fəaliyyətlərinin dayandırıldığı bir dövrdə ölkənin siyasi mühitinə yeni bir siyasi təşkilat daxil olur. Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR Partiyasından istefa verənlər yeni yaranacaq partiyada birləşəcək. Bəs, bu yeni partiyanın məqsəd və məramı nədən ibarətdir?
Yeni siyasi qurumun qurucularından olan Səxavət Əlisoy Qaynarinfo-ya müsahibəsində "Təşəbbüs" Vətəndaş Platforması adlı partiyanın yaranacağını açıqlayıb.
- İlk öncə onu qeyd edim ki, partiyanı ADR-dən ayrılan bir qrup insan yaratmır. Yaranmaqda olan qurumda ADR-dən ayrılanların təmsil olunacağı istisna olunmur. Belə bir qurumun yaradılacağı barədə mayın 21-də sosial səhifəmdə anons etmişdim. Bildirmişdim ki, toplumun yeni bir siyasi partiyaya ehtiyacı var. Onu da yazmışdım ki, belə bir partiyanın yaradılması üçün dostlarla fikir mübadiləsi aparırıq. Yeni yaranacaq siyasi qurumun əsas prinsiplərini də sadalamışdım. Təkrar edirəm - toplumun yeni bir siyasi təşkilata ehtiyacı var. Nədən? Artıq hər kəsə bəllidir ki, mövcud müxalif partiyaların əksəriyyəti cəmiyyətdə qıcıq yaradır. 20-30 ildən artıq müxalifət rəhbəri olanların siyasi fəaliyyətinin əsas məqsədi hər kəsə gün kimi aydındır. "Vətən" və "millət" kəlmələri ilə gerçək sifəti uzun illər cəmiyyətdən gizli saxlamaq mümkün deyil. Azərbaycan kiçik bir məmləkətdir. O qədər kiçikdir ki, biraz araşdırma aparan insan kimin hansı addımı nə üçün atdığını asanlıqla ayırd edir. İdarəetmənin bəsit qaydalarını bilməyənlərin müxalif partiyanın başında dayanması çox gülüncdür. Diqqət edin ki, mövcud siyasi liderlərin böyük əksəriyyətinin heç bir idarəetmə təcrübəsi yoxdur. Lütfən, birillik Elçibəy hakimiyyəti zamanı vəzifədə olanların hərəkətlərini xatırlayın. O şəxsləri daha yaxından tanıyanlar etiraf edər ki, bir-ikisi istisna olmaqla, o "birillik" vəzifədə olanların dövlətçilik anlayışları belə normal məntiqə zidd idi. Populist təfəkkürə malik "birillik"lərin hakimiyyəti yalnız xalqın Əbülfəz Elçibəyin saflığına, səmimiliyinə, dürüstlüyünə, gerçək vətən, millət və dövlətsevərliyinə rəğmən bir il davam edə bildi. Əks-təqdirdə, o hakimiyyət iki-üç aydan çox davam gətirə bilməzdi.
Bu gün "bir illik" vəzifə sahiblərinin bir çoxu siyasi partiya rəhbəridir. Onların siyasi fəaliyyətinin necəliyi göz önündədir. Heç bir siyasi uğur yox, mütəşəkkillik yox, birlik yox, həmrəylik yox. Əvəzində yekəxanalıq var, özündənrazılıq var, patoloji eqo var. 30 ilə yaxındır ki, mövcud vəziyyət davam edir. Yanlış mübarizə taktikası üzündən onlarla deyil, yüzlərlə deyil, minlərlə sıravi partiya üzvləri məşəqqət içində yaşamaqda dır. Siyasi səriştəsizlik və hikkəli addımlar heç bir uğur gətirmir. Əksinə, toplumda qütbləşmə dərinləşir. Bir örnək göstərməklə mövzunu qapatmaq istəyirəm. 20-30 illik müxalif partiya sədrlərinin bir qisminin xaricdə yalnız təhqir dilində danışan müdafiəçiləri var. Toplumun mental özəlliklərinə belə məhəl qoymadan o adamlar böhtan, şantaj və təhqirlə silahlanıb. Təkcə iqtidara qarşı deyil, digər müxalif fikirli insanlara qarşı da o silahlardan istifadə olunur. İlginc lanı odur ki, müxalif partiya sədri özünün yetişdirdiyi və Qərbin isti ağuşunda bəslənən dəstəkçisini etik davranışa dəvət edə bilmir. Sədr məcburdur ki, təhqir dilində danışanlarla mülayim rəftar etsin. İşdir, o dəstəkçilər etik mübarizəyə dəvət ediləcəksə, silah sədrin özünə qarşı çevriləcək. Təhqir dili ilə siyasi mübarizə aparmaq mümkün deyil. Təbii ki, belə mübarizə qarşıdurmaya səbəb olur. Bütün bunların varlığında toplum siyasətdən və siyasilərdən üz döndərməyə məcburdur. Gedin, siyasətin içində olmayanlarla söhbət edin. Yazdıqlarımdan betərini eşidəcəksiniz.
Çox götür-qoy etdikdən sonra dostlarla yeni bir siyasi qurum yaratmaq barədə qərar gəldik. Zehniyyətcə populizmi, qeyri-səmimiliyi, nadürüstlüyü qəbul etmirəm. Şəxsən mənim üçün qırmızı xətt "Dövlət və Vətən”dir. İqtidarlar bu gün var, sabah yox. Dövlət quruculuğu prosesində demokratik dəyərlərin qısa zaman kəsimində tam oturuşması mümkün deyil. Bu proses yalnız təkamül yolu ilə getməlidir. Məntiqlə 70 il kommunist təfəkkürü ilə formalaşmış bir toplumun birdən-birə demokratik dəyərləri həzm etməsi də mümkün deyil. Ən başlıcası, bir yolluq anlamaq lazımdır ki, inqilabi yol məqbul deyil. Ən dürüst yol evolyusiya-təkamül yoludur, radikallıqdan, populizmdən uzaq yolla getməkdir. Daha önəmlisi müxalif qurumun ağılla idarə edilməsidir. Müasir zamanda lider ətrafında cəm olmaq, liderin ağzından çıxanları Quran ayəsi kimi qəbul etmək tam yalnışdır. Bütün bunları və yaza bilmədiklərimi təkrar-təkrar saf çürük etdikdən sonra yeni bir siyasi qurumun yaradılması barədə müzakirələrə başladım. 30 ildən artıq siyasi təcrübəm, 10 il müxtəlif dövlət və daha 10 il özəl tibb müəssilərində rəhbərlik təcrübəm, 12 il Müsavat başqanının müşaviri vəzifəsində olmağım, yüzlərlə publisistik məqalənin müəllifi və nəhayət ADR hərəkatının təsisçilərindən biri olaraq, o qənaətə gəldim ki, həmfikirlərlə birgə yeni bir siyasi təşkilat yaratmaq gərəkdir.
- Bu platforma gələcəkdə partiyaya çevrilə bilərmi?
- Siyasi fəaliyyətə "Təşəbbüs" Vətəndaş Platforması olaraq başlayacağıq - TVP. Sonra abbreviaturaya bir P də əlavə edəcəyik. Yəni, "Təşəbbüs" Vətəndaş Platforması Partiyası-TVPP kimi davam edəcəyik.
- Platformanın məqsəd və məramı nə olacaq?
- "Ortaq ağıl-obyektivlik-şəffaf fəaliyyət”, təxminən bu tezisləri rəhbər tutmaq fikrindəyik. Yeni təşkilatda kimlərin təmsil olunmasına gəlincə xüsusi olaraq vurğulamaq istəyirəm ki, populist düşüncəli bir kimsə bizimlə olmayacaq. Analitik təfəkkürə sahib, gerçək vətənpərvər gənclərlə, bu günə qədər aktiv siyasi fəaliyyətdə olmayan ziyalılarla müzakirələr aparırıq. Önəm verilən nəsnə təhqir dilindən uzaq dayanmaq. Təşkilat olaraq cəmiyyətdə baş verən proseslərə biganə qalmayan, hər hansı bir problemin həlli üçün mövqeyini sərgiləyən, təkliflərini səsləndirən çox sayda insan var ki, onlar bir vətəndaş olaraq hər zaman sosial şəbəkələrdə ağıllı təkliflərini ortaya qoyur. Məhz, elələrinin bir araya gəlməsi üçün çalışırıq. Analitik mərkəzə sahib, ictimai fikri araşdırmaq, konstruktiv təkliflər vermək iqtidarına malik bir təşkilatın qurulması üçün müzakirələrimiz davam edir. Biz iqtidara yaxın, yaxud hər hansı müxalifət partiyasına yaxın olan bir qurum yaratmırıq. Yaradacağımız qurum ortaq ağıla söykənərək, obyektivlik və şəffaf fəaliyyət çərçivəsində cəmiyyətin siyasi və sosioloji maariflənməsinə yardım edəcək. Həyatın ayrı-ayrı sahələrinə dair gizli və açıq araşdırmalar aparılacaq. Gerçək ictimai rəyin aşkar olunması üçün həm iqtidar, həm də, müxalifət düşərgənin ilgisini çəkə biləcək araşdırma və sorğu nəticələri ortaya qoyulacaq. TVP olaraq toplumun həzm edə bilmədiyi, təpki göstərdiyi anormallıqlara qarşı olacağıq. Demokratik dəyərlərin oturuşması üçün çaba göstərəcəyik. Təkrar-təkrar qeyd etmək istəyirəm, dilimiz təhqir, qarşıdurma, yalan dili olmayacaq. Heç bir xarici dövlətin patronajlığı məqbul sayılmayacaq.
- Platformanın rəhbərliyində kimlər təmsil olunacaq?
- İdarəetmədə bir nəfərin liderliyi yox, "ortaq ağıl" liderlik edəcək. Müzakirələrdə həmsədrlər institutunu yaradılması qərarına gəlmişik. Azərbaycanda siyasi partiyaların demək olar ki, hamısında lider faktoru önə çıxır. Partiyanın fəaliyyət proqramını, kursunu, hətta, digər partiyalarla əməkdaşlıq münasibətlərini lider həll edir. Lider istədiklərini İdarə heyətinə, Məclisə diqtə edir. Başqa sözlə, fəaliyyətin ilk mərhələsində öz yerini möhkəmləndirir. Bunun nəticəsidir ki, siyasi fəaliyyətindənm toplumun xəbəri olmayan partiyalar var ki, liderinin sədrlik stajı 20-30 ilə çatır. Biz "tək adam" idarəçiliyini qətiyyətlə qəbul etmirik. Bu səbəbdən də idarəçilikdə ortaq ağılın öndə olmasına qərar verdik. Təşkilatlanmada bölgə prinsipləri əsas götürüləcək. Hər bir rayonda deyil, bəlli bölgələrdə strukturlar yaradılacaq. Üzvlər yox, tərəfdarlar institutunun yaradılmasının tərəfindəyik. Bunun üçün təkliflərimizi ortaya qoyacağıq. Qarşımıza miqyası kiçik və böyük olan vəzifələr qoymağı planlayırıq. Öncə lokal, sonra qlobal problemlərin həlli toplum üçün daha cəlbedicidir. Görüləcək işlər çoxdur. Təkrar etiraf edirəm ki, zehniyyəti şüarçılığı və popuizmi qəbul etməyənlərin bir təşkilatda cəm olması çətindir. Amma toplum dəyişiklik istəyir, ağıllı insanlar bunun fərqindədir. Misir ərəbcəsində "müxalifət" sözünün anlamı var - "düşmən". Müxalifətin düşmən yox, cəmiyyətin tam hüquqlu, sağlam bir kəsim olduğunu ortaya qoymaq gərək. İqtidarın da bu zehniyyəti dəyişmək zorunda. Problemlərin, anlaşmazlıqların həlli üçün əcnəbi dövlətərin arbitr kimi dəvət ounmasına ehtiyac yox. Daxildə öz probemimizi özümüzün yoluna qoyması üçün səyər göstərəcəyik. Vətəndaş həmrəyiyi dövətin güclü və qüdrətli olması üçün hava-su kimi gərəkdir. Bu dövlət hər birimizindi.
Bahar Rüstəmli
Şərhlər