Övladı ibtidai sinifdə oxuyan valideynlərin əksəriyyəti bilir ki, dərs saatı bitdikdən sonra əlavə məşğələlər təşkil olunur.
Dərs müddətində Bakının bir sıra məktəblərindən, eləcə də Xətai rayonu və Xırdalan şəhərinin bəzi təhsil ocaqlarından AzNews.az-a şikayət daxil olub.
Valideynlərin dediyinə görə, əlavə məşğələlərin təşkil edilməsi üçün müəllimlər hesab yaradaraq valideynlərdən 40 manat pul alırlar.
Nazirlik məktəblərdə hər hansı məqsəd üçün pul yığılmasının qanunsuz olduğunu dəfələrlə açıqlasa da onların bu göstərişinə əksər məktəblərdə məhəl qoyulmur. Təhsil Nazirliyi məktəblərdə məşğələlərin keçilməsini normal qarşılasa da əlavə dərslərin pulsuz təşkil edilməli olduğunu deyib.
Nazirliyin mətbuat xidməti AzNews.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər hansı şagird proqram materiallarını kifayət qədər mənimsəmədikdə müəllim tərəfindən əlavə məşğələlərə cəlb olunmalıdır.
“Bu müəllimin vəzifə funksiyalarına daxildir, hər hansı təmənna olmadan bu iş məktəb rəhbərlərinin nəzarəti ilə təşkil olunmalıdır”, - deyə nazirlikdən bildiriblər.