Təhsil Nazirliyi Satınalmalar üzrə Dövlət Agentliyinin dərsliklərin tenderi prosesində aşkarladığı qüsurlarla razılaşmır
Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyi Təhsil Nazirliyindən Baş Prokurorluğa şikayət edib. Şikayətə əsas səbəb ötən il Təhsil Nazirliyində dərsliklərlə bağlı keçirilən tenderdə müəyyən nöqsanlara yol verilməsidir.
Sözügedən qurumun yaydığı məlumata görə, Agentliyə 2012-ci ildə daxil olmuş şikayətlərdən biri Təhsil Nazirliyi tərəfindən I və V siniflər üçün dərsliklərin hazırlanması və çap edilməsi işlərinin satın alınması üzrə keçirilən ikimərhələli tenderdə yol verilmiş nöqsanlar barədə olub: " Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, Təhsil Nazirliyinin Tender Komissiyasının sədri "Altun-kitab" və "Aspoliqraf" nəşriyyatları tərəfindən çap olunan dərslik və digər vəsaitlərin müəllifi və həmmüəllifidir və bu cəhətdən onlar arasında qarşılıqlı asılılıq münasibətləri mövcuddur. Halbuki, "Dövlət satınalmaları haqqında" qanunun 13.2-ci bəndinə əsasən, satınalma proseduralarından əvvəlki 3 il ərzində satınalma proseduralarında iştirak edən iddiaçı ilə asılılıq münasibətləri olanlar satınalma proseduraları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bütün bunları nəzərə alaraq, Agentlik qanunvericiliyi rəhbər tutaraq sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə məktub göndərib. Eyni zamanda, Agentlik şikayətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə yol verilmiş nöqsanlar və Agentliyin gördüyü tədbirlər barədə Baş Prokurorluğa məlumat verib. Hazırda prokurorluqda sözügedən məsələ ilə əlaqədar istintaq aparılır".
Bəs, görəsən, Təhsil Nazirliyi məsələ ilə bağlı hansı mövqedədir? Adıçəkilən qurum irəli sürülən ittihamlarla razılaşırmı?
Məsələyə münasibət açıqlayan Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı "Həftə içi"nə açıqlamasında Agentliyin səsləndirdiyi ittihamlarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, ötən il dərsliklərlə bağlı keçirilən tenderdə müəyyən məqamlara Satınalmalar üzrə Dövlət Agentliyi irad bildirib. Təhsil Nazirliyi isə həmin iradı nəzərə alaraq mövcud prosedurlarda müəyyən dəyişikliklər edib.
Şöbə müdiri həmçinin qeyd edib ki, ötən il baş verən məsələnin təkrar gündəmə gətirilməsini başa düşmür: "Açığını deyim ki, bu məsələdə söhbət elə məndən gedir. Çünki təxminən 2005-ci ildə mənim "Altun-kitab" evində 5-ci siniflər üçün nəzərdə tutulan "Azərbaycan dili" dərsliyim çap olunub. O zaman mən heç bu şöbənin müdiri də deyildim. Sonradan Təhsil Nazirliyində şöbə müdiri və Tender Komissiyasının sədri vəzifələrinə təyinat aldım. Amma bütün bunlara baxmayaraq ötən il mən öz xahişimlə ərizə yazaraq Tender Komissiyasının sədri vəzifəsindən uzaqlaşdım. Yəni, bütün bunları da əlavə söz-söhbətin yaranmaması üçün etdim. Doğrusu, indi köhnə bir məsələnin hansı səbəbdən gündəmə gətirildiyini heç cür başa düşə bilmirəm".
Faiq Şahbazlı habelə vurğulayıb ki, Satınalmalar üzrə Dövlət Agentliyinin tələbinə əsasən,bu ildən həm nəşr, həm də çap üçün ayrıca tender elan olunacaq.
"Altun-kitab" evinin direktoru Rafiq İsmayılov da məsələyə münasibət açıqlayarkən Agentliyin irəli sürdüyü ittihamların heç bir əsası olmadığı deyib. O, bildirib ki, rəhbərlik etdiyi nəşriyyat bütün tenderlərdə şəffaf şəkildə iştirak edib: "Belə bir şikayət ötən il olmuşdu. Amma orda müəyyən anlaşılmazlıq var idi. Anlaşılmazlıq da ondan ibarət idi ki, nə vaxtsa bizim nəşriyyatda kitabı hazırlanan bir şəxs Təhsil Nazirliyində Tender Komissiyasına rəhbərlik edirdi. Əslində isə bizim ondan heç bir asılacağımız yox idi. Çünki biz bir növ intellektual qurumuq və çalışırıq ki, ölkənin ən peşəkar müəllimlərini dərsliklərin hazırlanması prosesinə cəlb edək. Yəni, bizim şəxsi mətbəəmiz yoxdur. Tenderdə qalib olan dərsliklərimizi müxtəlif mətbəələrdə çap edirik. Ona görə də irəli sürülən ittihamlarla razılaşa bilmərik".
Rafiq İsmayılov öz açıqlamasında bu ildən etibarən həm nəşr, həm də çap üçün ayrıca tender elan olunmasının müəyyən çətinliklər yaradacağını da bildirib: "Tələb belədir ki, naşirlər Təhsil Nazirliyinə ancaq kitabın maketini təqdim etməlidirlər. Əgər kitabın maketi tenderdə qalib olarsa nazirlik həmin kitabın çapı ilə bağlı tender elan edəcək. Bu isə naşirləri kitabın çapı prosesindən kənarda qoyacaq. Nəticədə kitabın məzmun keyfiyyəti sual altına düşəcək. Çünki bizim əməkdaşlar mətbədə kitab çap olunarkən onu vərəq-vərəq izləyirdilər və məzmun keyfiyyətinə ciddi nəzarət edirdilər. Bundan başqa yeni tələb intellektual qurumlara peşəkar mütəxəssislərin cəlb olunması üçün də problemlər yaradacaq. Çünki naşirlərin kitab çapı prosesindən kənarda saxlanılması əldə olunan qonararın məbləğinə ciddi təsir göstərəcək ki, bu da peşəkar kadrların dərsliklərin hazırlanması prosesinə cəlb edilməsində müəyyən çətinliklər ortaya çıxaracaq".