Xəbər lenti

Tim Kuk
Dünya 23:20 25.12.2025

Tim Kuk "Nike" şirkətinə 3 milyon dollar xərclədi

"Apple”in baş icraçı direktoru Tim Kuk "Nike” şirkətinin təxminən 3 milyon dollar dəyərində səhmlərini alıb. Rəsmi hesabatlara görə, o, 22 dekabr tarixində B sinfinə aid 50 min səhmı hər biri orta hesabla 58,97 dollar qiymətinə əldə edib və ümumilikdə təxminən 2,95 milyon dollar xərcləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Hazırda Tim Kukun portfelində təxminən 105 min "Nike” səhmi var və onların ümumi dəyəri təxminən 6 milyon dollar olaraq qiymətləndirilir. Alışla bağlı məlumat açıqlanandan sonra şirkətin səhmləri birjaöncəsi və səhər saatlarındakı ticarətdə 2–5 faiz artım nümayiş etdirib.

"Nike” hazırda çətin dövr yaşayır. Son mənfəət hesabatından sonra, xüsusilə əsas bazarlardan biri olan Çinlə bağlı biznes problemləri fonunda şirkətin səhmləri kəskin ucuzlaşıb. Keçən il yenidən baş icraçı direktor vəzifəsinə qayıdan Elliot Hillin rəhbərlik etdiyi şirkət hazırda bərpa planının ilkin mərhələsindədir.

Tim Kuk 2005-ci ildən "Nike”in direktorlar şurasının üzvüdür, 2016-cı ildən aparıcı müstəqil direktor vəzifəsini tutur və mükafatlandırma komitəsinə rəhbərlik edir. Bu alış onun son illərdə açıq bazarda "Nike” səhmləri ilə bağlı həyata keçirdiyi ən böyük əməliyyatdır.

Aydın

--> -->