Bakı sakinlərini son illər narahat edən problemlərdən biri də tıxaclardır. Səhər və axşam saatlarında bu problem özünü daha qabarıq şəkildə göstərir. Əsas tıxac zonalarının 20 Yanvar dairəsi, Tbilisi, Nobel və Heydər Əliyev prospektləri və Dərnəgül şossesində olduğunu deyən sürücülər şəxsi minik avtomobillərinin də çoxluğundan şikayətlənirlər.
Təbii ki, bu, tək Azərbaycana aid olan problem deyil, dünyanın əksər iri şəhərlərində də böyük tıxaclar yaranır. Məsələ ondadır ki, ölkəmiz üçün bu problemin yaranmasının özünün bəlli səbəbləri var. Bizdə olan avtomobillərin sayının 1,3 milyon olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bu da, hətta inkişaf etməkdə olan ölkələrin standartlarından belə aşağıdır. Məsələn, ABŞ-da orta hesabla 1 nəfərə 1, Avropa ölkələrində hər 3 nəfərə 2 avtomobil düşür. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaranması üçün əsas deyil.
Azərbaycanda mövcud avtomobillərin təxminən 60 faizi Bakının payına düşür. Qalan 40 faiz avtomobilin 10-15 faizi isə gün ərzində paytaxta daxil olub çıxır. Paytaxtda gün ərzində 800 min avtomobil olur və bu da Bakı əhalisi üzrə hər 3 nəfərə 1 avtomobilin düşməsi deməkdir. Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır.
Hətta, bəzi iqtisadçılar və ekspertlər tıxacların süni şəkildə yaradıldığını, hətta bundan külli miqdarda pul qazananların olduğunu iddia edirlər.
Məsələ ilə bağlı aznews.az iqtisadçı Samir Əliyevin fikirlərini öyrənib.
O bildirib ki, səbəblərdən biri tıxaclar zamanı benzin sərfiyyatının çox işlənməsi göstərilir, çünki həmin vaxt benzin satanlar əlavə pul qazanır.
“Avtomobillərin tez sıradan çıxması da ehtiyat hissələrinin daha çox alınmasına gətirib çıxarır. Düzünü deyim ki, bunların heç birini qəbul etmirəm. Tıxacların yaranmasının əsas səbəbi Bakıya güclü axının olmasıdır. Bu gün faktiki olaraq ölkənin yarısı Bakıdan dolanır. Hətta, ətraf ərazilər, Xırdalan, Sumqayıt, Masazır, o cümlədən Bakıya yaxın digər ərazilər də gündəlik olaraq paytaxta gəlib-gedirlər. Bu baxımdan mərkəzə güclü axın var. Təsəvvür edin ki, ölkədə 1,3 milyon maşın var. İnanıram ki, onların yarısı da Bakının payına düşür”, - deyə iqtisadçı əlavə edib.
S.Əliyevin fikrincə, şəhər təsərrüfatında baş verən idarəçilik düzgün qurulmayıb: “Paytaxtın mərkəzində iri çoxmərtəbəli ofislərin tikilməsi tıxacların yaranmasına səbəb olub. Bundan başqa “parkovka” problemi də tıxac yaradan amillərdəndir”.
İqtisadçı qeyd edib ki, tıxaclara əsas səbəb paytaxtın həddindən artıq yüklənməsidir: “İndi dayanacaqlar üçün xüsusi yerlər ayrılır. Maşınlar yol kənarlarında dayandığından hərəkətə mane olur. Bir növ Bakının mərkəzi həddindən artıq yüklənib. Buna görə də tıxaclar yaranır. Hesab etmirəm ki, kimlərsə süni tıxac yaratmaqla hansısa mənfəət güdsün. Ola bilər ki, avtomobillərin sıradan çıxması baxımından kimlərinsə marağı olsun. Amma onların elə bir gücü yoxdur ki, belə tıxac yaratsınlar. Yanacaq məsələsinə gəlincə isə SOCAR yanacaq çatdıra bilmədiyindən xaricdən idxal etməyə başlayəb. Hətta maşınlara verilən kreditlərin də şərtlərini sərtləşdirdilər ki, ölkəyə maşın az gətirilsin. Son məlumata görə, ölkədə maşın idxalı 40% azalıb. Yəni benzin istehsal edən şirkət belə bir addım atırsa, onlar üçün süni tıxacın yaradılmasında maraqlı deyil”.
Qaynar.info