
Aprelin 1-dən “Yeni Müsavat” və “Azadlıq qəzetlərinə abunə olmasına baxmayaraq, İsmayıllı hadisələrinə görə həbs olunmuş, hazırda Şəki istintaq təcridxanasında saxlanılan “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqubluya hələ də qəzet verilmir.
Bir neçə gün öncə T.Yaqublunun vəkili Nemət Kərimli də qəzet verilməməsi ilə bağlı mətbuata danışmış, ona bilərəkdən qəzetlər verilmədiyini demişdi: “Müvəkkilimə bilərəkdən qəzet çatdırılmır. Bu da həbsdə saxlanılan şəxslərin hüquqlarının ciddi şəkildə pozulmasıdır. Bundan əvvəl Tofiq bəyin saxlanıldığı Gəncə istintaq təcridxanası və Bakı istintaq təcridxanasına nisbətən Şəki təcridxanasında qanunlar heç işləmir, təqsirləndirilən şəxslərin hüquqları təmin olunmur”.
Şəki poçtunda bildirdilər ki, bu işə Şəki rayon mətbuat yayımı firması baxır. Mətbuat yayımı firmasının rəhbəri Fazil Əhmədov isə deyir ki, abunə olunmadığı üçün qəzet getmir: “Nə vaxt abunə oldu ki, qəzetləri çatdırmadıq. Bizim işimiz budur”.
Daha sonra Şəki istintaq təcridxanasından özünü təqdim etmək istəməyən nəzarətçi dedi ki, bu haqda mənim ümumiyyətlə məlumatı yoxdur və məsələni dəqiqləşdirmək üçün təcridxanaya gəlmək lazımdır.
Tofiq Yaqublunun qızı Nigar Yaqublunun sözlərinə görə, aprelin 1-dən hər iki qəzet abunə olublar: “Həmin abunə kağızlarını da təcridxananın özünə təqdim etmişik. Belə çıxır ki, həmin qəzetlər bilərəkdən, qəsdən verilmir”.///musavat.com