Dünya 18:10 19.12.2022

Tokayevin gözlənilməz "Rusiya sevgisi" nə ilə bağlıdır?

"Bu hadisə bir daha onu göstərir ki, Rusiya hələ də MDB çərçivəsində ciddi nüfuz və təsir imkanlarına malikdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Qazaxıstanın Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq BMT-nin Rusiyadan hərbi təcavüzünü dayandırmasını və silahlı qüvvələrini Ukrayna ərazilərindən çıxarmasını tələb edən qətnaməsinin əleyhinə səs verməsinə münasibət bildirərkən deyib.
 
"Qazaxıstandakı dövlət çevrilişinin qarşısını da məhz Rusiyanın rəhbərliyi ilə KTMT aldı. Bunu Prezident Kasım-Jomart Tokayev bilməmiş deyil. Digər tərəfdən, Qazaxıstan BMT-də Rusiya əleyhinə qəbul edilən qətnamənin lehinə səs versəydi, bu praktik olaraq Avrasiya İqtisadi Birliyi və KTMT-nin parçalanması istiqamətində atılan ilk ən ciddi addım kimi qəbul olunacaqdı.

Astana həmçinin, ölkənin şimal-qərbində kompakt şəklində xeyli rus millətindən olan vətəndaşların yaşadığını da nəzərə almalı olur. Ölkə əhalisinin hardasa 22-23 faizi ruslardan ibarətdir. Moskva istəsə bu və ya digər şəkildə "rusların hüquqlarının Astana tərəfindən pozulmasını" bəhanə edib, Qazaxıstandakı hadisələrə müdaxilə edə bilər. Tokayev bunu da unutmur. Digər tərəfdən, rus dili Qazaxıstanda dövlət dili statusu almasa da, xalqlar arasında ünsiyyət dili kimi qəbul olunur. Bir sözlə, geosiyasi faktorlar Astananın BMT-də Rusiya əleyhinə qətnamə qəbul edərkən onun əleyhinə çıxmasına rəvac verən əsas səbəbdir”. 

Qeyd edək ki, Qazaxıstan BMT-nin Rusiyadan hərbi təcavüzünü dayandırmasını və silahlı qüvvələrini Ukrayna ərazilərindən çıxarmasını tələb edən qətnamənin əleyhinə səs verib. "Krım və Sevastopolda insan hüquqlarının pozulması” adlı qətnamənin qəbul edilməsinə 82 ölkə səs verib. 80 ölkə bitərəf qalıb, Qazaxıstan da daxil olmaqla 14 ölkə isə əleyhinə olub. 

Xatırladaq ki, Qazaxıstan Prezidenti Ukraynanın ərazi bütövlüyünü tanıdığı və Rusiyanın təcavüzünün yolverilməz olduğunu bir neçə dəfə bəyan edib. 

Rüfət Sultan