Siyasət 18:04 08.07.2022

Tokayevin növbəti anti-Rusiya demarşı

Qazaxıstan da Avropanın enerji bazarında Rusiyanın yerini tutmağa çalışır. Qazaxıstan lideri Qasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı ölkəsinin dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazır olduğunu vurğulayıb. 

Prezident, həmçinin, Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığa çağırıb. Tokayev dünyanın enerji  təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır. 

Qazaxıstanın Avropa bazarı istiqamətində imkanlarını Qaynarinfo-ya açıqlamasında dəyərləndirən neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Orta Asiya ölkəsindəki neft şirkətləri üçün bütün bunlar Azərbaycan üzərindən nefti daşımaq və Transxəzər kəmərinin çəkilməsi fonunda daha sərfəlidir:
 
"Qazaxıstanın dünya bazarına birbaşa çıxışı yoxdur ki, Rusiya neftindən imtina edən Avropa bazarını öz neftilə əvəzləsin. Yeganə çıxışı Çinlədir. Öz məhsulunu Rusiya üzərindən çıxarmalı olan Qazaxıstan həm də bu məhsulu aşağı qiymətlə satmağa məhkumdur. Qazaxıstanda işləyən şirkətlər də faktiki olaraq bununla barışıb. Çünki alternativləri də yoxdur. Çıxış üçün yeganə yol Xəzəri aşmaqla Azərbaycan üzərindən çıxmaqdır ki, o da bir günün məsələsi deyil. Bunun üçün Qazaxıstan öz ərazisində azı 700 km.-lik boru kəməri çəkməlidir ki, məhsulu Aktaunun cənubundakı Kruq terminalına gətirə bilsin. Oradan isə məhsul tankerlərlə daşınmalıdır. Yalnız bundan sonrakı mərhələdə Qazaxıstan Azərbaycanın infrastrukturundan istifadə edə bilər. Ancaq Qazaxıstandakı neft şirkətləri üçün bütün bunlar Azərbaycan üzərindən nefti daşımaq və Transxəzər neft kəmərinin çəkilməsi fonunda daha sərfəlidir”.

Rüfət Sultan