ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kremlin rəhbəri Vladimir Putinin Amerika seçkilərində Co Baydenin qalib gəlməsinin Rusiya üçün daha yaxşı olduğu haqda bəyanatını "kompliment” adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABC News məlumat
yayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hazırkı prezidenti Co Baydenin ABŞ seçkilərində qalib gəlməsini istədiyini bildirib, çünki o, keçmiş prezident Donald Trampdan "daha proqnozlaşdırıla biləndir”.
"Bayden. O, daha təcrübəli insandır, proqnozlaşdırıla biləndir, köhnə formasiyanın siyasətçisidir”, - Putin Rusiya mediasına müsahibəsində bildirib.
Nəşr yazır ki, buna cavab olaraq ABŞ-ın keçmiş prezidenti Donald Tramp Putinin ona "böyük kompliment” etdiyini deyib.
"Rusiya prezidenti Putin indicə mənə böyük bir kompliment etdi. Sadəcə dedi ki, Trampdansa, Co Baydenin prezident olmasına üstünlük verirəm. Bu böyük komplimentdir. Bir çox insan "Aman Allah, bu çox pisdir" deyir. Xeyr, xeyr. Bu yaxşıdır", - Tramp bildirib.
ABŞ-ın keçmiş prezidentinin fikrincə, Putinin Baydeni Ağ Evdə görmək istəməsi təəccüblü deyil.
Tramp xatırladıb ki, prezidentliyi dövründə Rusiyanın "Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalar tətbiq edib, lakin Bayden administrasiyası bu sanksiyaları 2021-ci ilin mayında ləğv edib.
Nizami Bağırov