Ermənilərin "Maral” rəqs ansambılı Azərbaycanın xalq rəqslərindən olan "Uzun dərə”ni Ermənistanın milli rəqsi kimi təqdim edib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı rəqqas Şəhriyar Cəfərov məlumat
verib.
Rəqqasın sözlərinə görə, sözü gedən ansambl Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərir:
"Bu musiqini dahi Üzeyir Hacıbəyli 1910-cu ildə öz operettasına daxil edib. Ermənilər bu gün İstanbulda həmin ansamblın repertuarında Azərbaycan musiqilərini və rəqslərini öz mədəniyyət inciləri kimi təqdim edirlər. İnstaqramda bu ansamblın səhifəsi qarşıma çıxdı, baxdım və son paylaşımlarında "Uzun dərə” musiqisini gördüm. Altında etirazımı bildirim və onun Azərbaycan musiqisi olduğunu qeyd etdim. İndi baxıram rəyimi siliblər, məni də əngəlləyiblər şərəfsizlər. Ansambl qastrol səfərlərinə də gedir, İstanbulda konsertlər verirlər”.
Rəqqas qeyd edib ki, İstanbulda erməni diaspor təşkilatı burada yaşayan yerli ( Osmanlıdan qalan) və daha sonradan məskunlaşan ermənilər ansamblın fəaliyyətinə dəstək olur:
"Bütün rəqqaslar erməni millətindən olan gənclərdir. Bununla bağlı dövlət səviyyəsində tədbir görülməlidir”.
Bahar Rüstəmli