
Xocalı uşaqları öz faciələri ilə böyüyür. Zaman bu acını onlara taleyin göz yaşı, sinə dağı kimi ömürlərinin sonuna qədər yaşadacaq.
Faciəyə şahid hər bir Azərbaycan vətəndaşı nəsillərə yağı düşmənin yaşatdıqlarını çatdırmağı özünə borc bilir. Ancaq dəhşət ondadır ki, o dəhşətli günlərdən çox-çox sonralar dünyaya gələn yeni nəslin övladları bu vəhşəti öz içində daşıyır. Düşmənlə üz-üzə qalan Vətənin ən ümdə problemi yaşanan olmazın bəlaların təkrar bir daha yaşanmaması üçün hərbi vətənpərvərlik ruhunun yüksək olmasıdır. Bu istiqamətdə diqqəti çəkən ilk növbədə təhsil müəssisələridir. Təqdirəlayiq olanı odur ki...
Ucar şəhər 6 saylı tam orta məktəbin müəllim və şagirdlərinin Nəsiman Yaqublunun “Xocalı qırğını” əsəri əsasında hazırladığı tamaşa Ucar Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin dəstəyi ilə şəhər mədəniyyət evində nümayiş etdirilib.
Müəllimlər Hədiyyə Seyidova, Vüsalə İbadova və Şəlalə Məmmədovanın gərgin və ciddi hazırlığı sayəsində xırda-para protokol qüsurları istisna olmaqla, şagirdlər Züleyxa Mövsümova, Murad Muradov, Şəhanə Abdurəhmanova, Fidan Hüseynova, Mahizər İsmayılova, Elgün Xəlilov, Fəridə Hüseynova, Elvin Ələkbərov həqiqətdə Xocalıda yaşanmış faciəni öz yaşıdlarına – Ucar məktəblilərinə bütün təfsilatı ilə çatdıra bilmişlər.
Ədəbi-bədii musiqili kompozisiyada Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələr - Qabilin “Çalma, qoboy”, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, Zəlimxan Yaqubun “Sizi qınamıram, ay xocalılar” – zalda iştirak edən rayon icra hakimiyyəti, təhsil, mədəniyyət şöbələri nümayəndələrinin rəğbətini qazanmışdır.
Ucar 6 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Səidə Babayevanın “Xocalı uşaqlarının taleyi” adlı inşa yazısından bir parça ilə tanış olduqda, məktəbin direktoru Şəlalə Qədirovanın şagirdlərdə hərbu vətənpərvərlik ruhunun yüksək olması istiqamətində bu təhsil ocağında kollektivlə sərf etdiyi zəhmətə görə təşəkkür etməmək olmur.
“... Necə başa düşürəm Xocalı faciəsini, necə dərk edirəm Xocalı uşaqlarını və onların yaşadığı həyatı, taleyi? Xocalı uşaqlarının anaları qaçqınçılıqda əgər nəyə görəsə ağlasalar, onlar həmin dəhşətli anları bir daha və yenidən yaşayacaqlar. Xocalı uşaqları harada ağlayan ana görsələr, onlar həmin dəhşətli anları bir daha və yenidən yaşayacaqlar. Xocalı uşaqları televiziya ekranından, qəzet səhifəsindən, sosial şəbəkələrdən hansısa ölkədə və yaxud da dünyanın hər hansı bir yerindən dağıntı, döyüş səhnəsi görsələr, bir daha və yenidən o dəhşətləri yaşayacaqlar. Bu, artıq talelərində ömür boyu daşıdıqları unudulmaz zərbədir, “Xocalı faciəsi” adında qəlpədir. Onları Xocalıya görə alınan qisas da rahatlamaz. Onları artıq Xocalının geri qaytarılması da bu zərbədən xilas edə bilməz. Fəqət... o uşaqlardan bu zərbəni unudanlar da olacaq. Elə o dəhşətləri görməyən bizlər də unuda bilərik. Xocalı faciəsinin yaşatdığı daha bir faciə budur – Xocalı uşaqlarından Xocalı faciəsini unudanlar olacaq! Sadəcə kimlər ki, bizə bu həyatı arzulamırsa, bir daha və yenidən körpələrin bu faciəni yaşamaması haqda düşünməlidi.
Mən Xocalı faciəsinin bütün həqiqətlərini bilirəm. Ona görə də anamı hətta üzrlü səbəblər olanda belə, ağlayan görəndə, bir daha və yenidən Xocalı faciəsini yaşamış uşaqlar kimi oluram. Xocalı faciəsinin iştirakçısı olmasam da. Amma mən də Xocalı uşaqları kimi, hələ də anamın göz yaşlarına səbəb olanlardan qisas ala bilməmişəm. Qisas təsəllidir. Fəqət xilas deyil! Xocalı uşaqları xilasolunmaz bir dəhşətin daşıyıcılarıdır! “Uşaqlara talelərinin əbədi faciəsini bir daha və yenidən yaşatmayaq!” şüarını irəli sürürəm, söhbət əgər Xocalıdan düşərsə, söhbət Vətəndən və onun qorunmasından gedərsə. Vətəni qorumalı olanlar Xocalı faciəsinin baiskarlarıdır. Vətəni qorumalı olanlar bir daha və yenidən buna yol verməməlidir! Bu qədər sadə və bu qədər bəsit! Bundan artıq deməyə ehtiyac da yoxdur”.
Doğrudan da, bundan artıq deməyə ehtiyac yoxdur!
Aydın Canıyev








