"Üçuşaqlı ailələri çoxuşaqlı ailə kimi qeydə almalıyıq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli keçmiş deputat Vahid Əhmədovun "üçuşaqlı ailələrə də uşaqpulu verilsin" fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, çoxuşaqlı ailələrə hansı təminatlar düşürsə, 3 və ondan çox uşağı olan ailələr də həmin təminatlardan faydalanmalıdır:
"Əgər qanunda üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi qeydə alınsa, artıq avtomatik olaraq 3 və ondan çox uşağı olan ailələr çox uşaqlı ailələr sayılacaq".
İqtisadçı əlavə edib ki, Azərbaycan qanunvericiliyinə görə, rəsmi çoxuşaqlı ailə yalnız beşuşaqlı ailələr hesab olunur:
"Azərbaycan hökuməti 5-dən çox uşağı olan ailələrə müavinət verir. Bunun adı uşaqpulu deyil, müavinətdir. Amma bu, dolayısı ilə elə uşaqpuludur. Artıq iki ilə yaxındır təşəbbüs var ki, qanunvericilikdə dəyişiklik edilsin, üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi nəzərə alınsın. Bu ilin əvvəlində deputat Vüqar Bayramovun belə bir çıxışı var idi. Deputat layihə hazırlayıb parlamentə təqdim etdi ki, üçuşaqlı ailələrin çoxuşaqlı ailə sayılması məntiqlidir. Çünki ölkədə 5 uşaqdan çox uşağı olan ailələrin sayı barmaqla sayıla bilər. Uzaqbaşı 100-200 ailə olar, ya yox. Məsələn, mənim şəxsən tanıdığım beşuşaqlı ailə mövcud deyil. Əgər mən tanımıramsa, deməli, kimsə uzaq başı bir ailə tanıyır. Belə olan halda niyə özümüzü aldatmalıyıq".
Akif Nəsirli ölkədə əksər ailələrdə iki uşaq olduğunu vurğulayıb:
"Yalnız nadir hallarda 3 uşağı rast gəlinir. Deməli, üçuşaqlı ailə çoxuşaqlı kimi qeydə alınmalıdır. Mən də Vahid Əhmədovun fikirləri ilə razıyam".
Xatırladaq ki, sabiq deputat Vahid Əhmədov Azərbaycanda üçuşaqlı ailələrə uşaqpulunun verilməsinin vacibliyini bildirib: "Bu gün Azərbaycanda yalnız beşuşaqlı ailələrə uşaqpulu verilir. Gəlin görək, ölkədə nə qədər ailədə beşuşaq var? Əksəriyyəti 1-2 uşaqlı ailələrdir. Fikrimcə, bu rəqəmi 3 uşağa salmaq lazımdır. Biz niyə uşaqpulu verməyək? Axı, bizim özümüz də elə uşaqpulu ilə böyümüşük".
Bahar Rüstəmli
Şərhlər