"Ukraynanın əks-hücumunun Zaporojye və Krım istiqamətinə doğru reallaşması daha realdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna ordunsunun Rusiya qoşunlarına qarşı əks-hücumunun hansı istiqamətdə ola biləcəyindən danışarkən deyib.
Politoloq bildirib ki, əks-hücumun Donbas istiqamətində olması inandırıcı deyil:
"Hazırda Ukraynada döyüşlər Donbasın Baxmut, Avdeyevka, Liman şəhərləri ətrafında gedir. Ona görə də indiki vəziyyətdə Ukrayna ordusunun əks-hücumunun Donbas istiqamətində olacağı ehtimalı elə də inandırıcı görünmür. Çünki əks-hücum əməliyyatının bu istiqamətdə olması böyük itkilərə səbəb ola bilər. Ona görə də Ukrayna ordusunun Krım və Zaporojye istiqamətində əks-hücum əməliyyatı keçirəcəyi ehtimalı daha böyükdür. Zaporojye istiqamətində rus qoşunlarının yerləşməsi və müdafiə olunması məsələsində bəzi boşluqlar mövcuddur. Ona görə də əks-hücumun məhz bu istiqamətdə başlayacağı daha inandırıcıdır.
Həmçinin, Krım istiqamətində də əks-hücumun müəyyən elementlərini görə bilərik. Ən azından rus qoşunları ilə Krımdan gələn lojistik əlaqələri tamamilə kəsmək üçün Krım körpüsü intensiv bombardman edilib, keçilməz vəziyyətə salına bilər. Bu hadisə Krımın sürətlə boşaldılmasına da gətirib çıxaracaq”.
Həmsöhbətimizə görə, əks-hücumun Xerson istiqamətində davam etdirilməsi problemlidir:
"Dnepr çayının bir sahili Ukrayna qoşunlarının əlindədir. Digər sahili isə hələ də ruslar tərəfindən işğal altındadır. Dnepr çayını keçmək Ukrayna qoşunları üçün böyük itkilərə gətirib çıxarar”.
Rüfət Sultan