"Bu səviyyədə olan açıqlamalar real döyüş əməliyyatlarından daha çox təbliğat məqsədinə xidmət edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev son günlər bir sıra Ukrayna rəsmiləri və hətta bəzi xarici hərbi ekspertlərin qarşıdakı həftələrdə Rusiya ilə müharibədə həlledici döyüşlərin ola biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, bu kimi açıqlamalar mütləq mənada şiddətli savaşın xəbərçisi deyil:
"Verilən bu sayaq açıqlamalar yaxın dövrdə həlledici döyüşlərin ola biləcəyinə dəlalət edə bilər, amma mütləq mənada şiddətli savaşın xəbərçisi deyil. Cəbhədəki vəziyyətin, verilən itkilərin sayının hər iki tərəfdən müəyyən qədər şişirdildiyinin şahidi oluruq. Qarşıdakı həftələrdə həlledici döyüşlərin ola biləcəyilə bağlı verilən açıqlamaları da bu mənada daha çox xarici mətbuata yönəlik, habelə ölkə daxilində əhali və orduda əhval-ruhiyyənin yüksəldilməsi üçün verilən açıqlama kimi qiymətləndirirəm.
Ukraynaya yeni silahlar gətirilir. Hava hücumundan müdafiə sistemlərinin verilməsilə bağlı Qərblə danışıqlar gedib. İndi isə tankların veriləcəyindən danışılır. Britaniya, Fransa, ABŞ bu məsələdə daha çox aktivlik nümayiş etdirir. Yəni, Ukraynanın daha ciddi şəkildə silahlandırıldığı hiss olunur. Amma bu silahlanmanın cəbhədə hansısa uğur gətirəcəyini indidən söyləmək çətindir. İndiki halda cəbhədə müəyyən status-kvo formalaşıb. Ukrayna tərəfi hücum edib, ciddi əhəmiyyətli zəfər əldə edə bilmir. Anoloji vəziyyəti Rusiya ordusu barədə də demək olar”.
Rüfət Sultan