Xəbər lenti

Ukraynanın gizli planı: Belousov Pentaqondan nə xahiş etdi? (ŞƏRH)
Dünya 22:25 30.07.2024

Ukraynanın gizli planı: Belousov Pentaqondan nə xahiş etdi? (ŞƏRH)

"Belousovu, ümumiyyətlə Kremli narahat edən məqam Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsidir".
 
Bunu Qaynarinfo-ya hərbi ekspert Üzeyir Cəfərov Rusiya müdafiə naziri Andrey Belousovun Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığında Ukrayna kəşfiyyatının Rusiyada keçirməyi planlaşdırdığı naməlum məxfi əməliyyatın dayandırılması xahişini şərh edərkən deyib.

"Rusiya Ukraynada çox ağır durumla üzləşib. Bu ağırlığın nəticələrini də ruslar öz ərazisində hiss edirlər. Dünən Murmansk ərazisində Rusiyanın Aleniya hərbi aerodromuna 1800 km məsafədən zərbələr endirilib. Nəticədə Rusiya TU-22 strateji bombardmançı təyyarələrindən birini itirib. Digərlərini də təcili şəkildə Engels şəhərinə köçürməyə məcbur olublar. Bu hadisənin özü Kremli ciddi şəkildə narahat edib. Belousovun Ostinə müraciəti də onunla əlaqədardır ki, son zamanlar Rusiyanın dərinlikləri, Kurs, Volqaqrad, Rostov, Çeçenistan, Murmansk əraziləri Ukrayna silahlarının zərbələrinə məruz qalır. Ona görə də Belousov Pentaqon rəhbərliyinə bu istiqamətdə fəaliyyətin dayandırılması xahişilə müraciət etmək məcburiyyətində qalıb", deyə Üzeyir Cəfərov bildirib.
 


Həmsöhbətimiz qeyd edir ki, əslində bu müraciət rusların öz ərazilərini lazımi şəkildə qoruya bilmədiklərinin etirafıdır:

"Çünki bütün bu zərbələr Rusiyanın müdafiə və döyüş qabiliyyətini daha da zəiflədir".

Ekspert bildirib ki, Moskvanın Kiyevdən bunu etməməyi tələb etməsi gülünc və absurddur: 

"Rusiya qarşı tərəfin gizli planlarından xəbər tutursa, onun həmin planı pozmaq və qarşısını almaq imkanı da olmalıdır. Rusiya belə imkana malik deyilsə, açıq etiraf etməliyik ki, Ukrayna Rusiyaya qarşıdakı dövrdə daha böyük çətinliklər yaşadacaq. Ukrayna müstəqil dövlətdir. Bəzi əməliyyatları müttəfiqlərilə birgə həyata keçirir. Bəzən də özü müstəqil şəkildə hərəkət edir. Ona görə də pentaqon Ukraynanın bütün planlarından xəbər tuta bilməz. Hərçənd ki, əksər planlardan onların xəbərləri var". 

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Andrey Belousovun iyulun 12-də Pentaqona etdiyi zəngin səbəbi məlum olub. "The New York Times”ın mənbələrinə istinadən yazdığına görə, səbəb Ukrayna kəşfiyyatının Rusiyada keçirməyi planlaşdırdığı məxfi əməliyyatla bağlı olub. Bildirilir ki, Belousov ABŞ-ın müdafiə naziri Lloyd Ostinə əməliyyatla bağlı xəbərdarlıq edib və amerikalılar da ukraynalılardan "bunu etməməyi" tələb ediblər. Amma konkret hansı əməliyyatın planlaşdırıldığı barədə hər hansı bir məlumat verilmir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->