Dünya 17:00 30.08.2022

Ukraynanın Serbiyada tutulan daha bir xain generalı: Putin onu xilas edə bilər

Ukrayna təhlükəsizlik xidmətinin (UTX) daxili təhlükəsizlik baş idarəsinin keçmiş rəhbəri Andrey Naumov 2022-ci il iyunun 7-də Serbiyada saxlanılıb. Onunla birlikdə avtomobildə Ukraynalı iş adamı, Ukraynada qaçaqmalçılıqla bağlı çoxsaylı jurnalist araşdırmalarında adı hallanan Almaniya vətəndaşı Aleksandr Akst olub. Cütlüyün olduğu avtomobil Serbiya və Şimali Makedoniya sərhədini keçmək istəyərkən sərhəd postunda saxlanılıb. 

"The Insider” mənbələrinin məlumatına görə, keçmiş UTX zabiti Ukraynadan qaçdıqdan sonra bir neçə ay Almaniyada yaşayıb, daha sonra bəyan edilməmiş qiymətli əşyaları ilə birlikdə Avropa İttifaqının sərhədlərini keçərək Serbiyaya gedə bilib.
 
İndi o, Rusiyada prezident Zelenskiyə qarşı səhnələşdirilmiş məhkəmə prosesinin iştirakçısı ola bilər.

Andrey Naumovun pul və zinət əşyaları olan korteji müharibənin başlamasına cəmi bir neçə saat qalmış Ukrayna ərazisini tələsik tərk edib. Ölkədən qaçmaq üçün o, nağd pul və zinət əşyaları, o cümlədən brilyantlarla dolu bir neçə mikroavtobusdan istifadə edib. Maşınlar keçmiş briqada generalının Serbiyada saxlanmazdan əvvəl gizləndiyi Almaniyaya istiqamət alıb.

"The İnsider”in hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, Andrey Naumovun karyerası UTX-nin rəhbəri İvan Bakanovla sıx bağlı olub, o, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan əvvəl Bakanov tərəfindən himayə edilib. Mətbuatda onu hətta "Bakanovun pul kisəsi” adlandırıblar.

Qaçdıqdan sonra Naumov general rütbəsini itirdi, prezident Vladimir Zelenski 2022-ci il martın 31-də "antiqəhrəmanlığına görə” onun rütbəsini əlindən aldı. İyulda Bakanov özü də UTX rəhbəri postunu itirdi. Ali Rada Zelenskinin istefası ilə bağlı qərarını UTX sıralarında çoxsaylı xainlik hallarına görə təsdiqləyib.
Naumov 2019-cu ilin yayından 2021-ci ilin iyuluna qədər UTX-nin daxili təhlükəsizlik baş idarəsinə rəhbərlik edib. O, bundan əvvəl "Təcrid zonasının idarə edilməsinə təşkilati-texniki və informasiya dəstəyi mərkəzi” dövlət müəssisəsinə rəhbərlik edib və fəaliyyətinin xarakterinə görə Çernobıl atom elektrik stansiyasının mühafizə sistemləri haqqında dövlət sirri təşkil edən məlumatlarına çıxışı olub və onları toplaya bilərdi.

Hazırda Ukrayna dövlət istintaq bürosu (DİB) Naumovun dövlətə mümkün xəyanəti faktı üzrə cinayət işi ilə məşğuldur. DİB-nin jurnalist sorğusuna verdiyi rəsmi cavabda deyilir:

"Ukrayna vətəndaşının Çernobıl AES-in təcrid zonasının fəaliyyətini təmin edən dövlət müəssisəsinin rəhbəri, daha sonra isə UTX-də yüksək vəzifə tutarkən Çernobılın qadağa zonasının təhlükəsizlik sistemlərinin işləməsi və digər məxfi məlumatları toplaması ilə əlaqədar dövlətə xəyanət etməsi faktı ilə bağlı ibtidai istintaq aparılır”.

İyulda məlum olub ki, UTX-nin daha bir zabiti, polkovnik Valentin Viter Çernobıl AES-də baş verən hadisələrlə bağlı dövlətə xəyanətdə şübhəli bilinir. "Reuters”in məlumatına görə, Rusiya hərbçilərinin Çernobıl AES-ə doğru hərəkət etdiyi məlum olduğu zaman Viter stansiyada olan Milli Qvardiyanın komandirinə zəng edərək ona "öz əsgərlərinə yazığın gəlsin” deyib. Çernobıl AES-in təhlükəsizliyinə cavabdeh olan işçilərlə əlaqə 2021-ci ilin sonunda Rusiyanın gizli agentləri tərəfindən qurulmağa başlanılıb. İndi onlara qarşı ən azı üç istintaq işi açılıb, o işlərin birində Andrey Naumovun adı keçir. 

Ukrayna xüsusi xidmət orqanlarındakı "The Insider” mənbələri hesab edir ki, Andrey Naumov Rusiya ordusunun Çernobılın təcrid zonasının ərazisini tez bir zamanda ələ keçirməyə imkan verən məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürə bilərdi. 2022-ci ilin martında Kiyev bölgəsindən geri çəkilməzdən əvvəl bu ərazi bir ay ərzində rus hərbçilərinin nəzarəti altında olub. 

Andrey Naumov və Aleksandr Akst Serbiyada saxlanıldıqdan sonra Niş şəhərindəki istintaq təcridxanasına yerləşdiriliblər. Onun sərhədi keçməyə çalışdığı BMW avtomobilində rəsmi məlumata görə, 600 min avro nağd pul, külli miqdarda ABŞ dolları, qiymətli daşlar, o cümlədən brilyantlar olub. Serbiya qanunlarına görə, bəyan edilməmiş qiymətli əşyaların  qaçaqmalçılığına görə onu 12 ilə qədər həbs gözləyir, lakin o, məsuliyyətdən yayına bilər. Ukraynanın "Obozrevatel” nəşri öz mənbələrinə istinadən məlum yayıb ki, Naumov pulu vətəninə ekstradisiya olunmamaq üçün Serbiya rəsmilərinə rüşvət üçün hazırlayıb. O, Ukrayna səfirliyinin konsulluq yardımından da imtina edib, lakin Rusiyada onunla maraqlanıblar.

"Obozrevatel”in baş redaktoru Orest Sohar öz mənbələrinə istinadən bildirib ki, rütbəsi alınan general Rusiyada prezident Zelenskiyə qarşı səhnələşdirilmiş məhkəmə prosesinin iştirakçısı ola bilər. Naumov təhlükəsizlik xitmədindən olan şahid kimi prosesin əsas iştirakçılarından birinə çevrilməlidir. Yüksək rütbəli keçmiş UTX zabiti Volodimir Zelenskinin göstərişi ilə "Donbasın mülki əhalisinin soyqırımı haqqında” açıqlama verməlidir.  

Hüquq-mühafizə orqanlarındakı mənbə "The Insider”ə bildirib ki, müharibə başlayandan sonra Naumov "qaçaq” ikən Avstriyaya gedib və orada Vladimir Putinin ilk iki prezidentlik dövründə Ukrayna ilə Rusiya arasında"qaz sxemi”nin təşkilatçılarından biri olan və ABŞ tərəfindən ekstradisiyası tələb edilən iş adamı Dmitri Firtaşla görüşüb. Naumovun Fırtaşla söhbəti bir saat yarımdan çox çəkib. Serbiyada Naumov şəxsi təhlükəsizliyinə zəmanət üçün külli miqdarda rüşvət verməyə hazırlaşırdı. "Obozrevatel”in yazdığına görə, Rusiya Zelenskinin əleyhinə ifadə verməsi müqabilində Andrey Naumova "sığınacaq” təklif edib. Serbiyada Andrey Naumovun Rusiyaya transferi ilə Daxili işlər naziri Aleksandr Vulin məşğul olur.

Avqustun 23-də Serbiya Daxili işlər nazirliyinin rəhbəri Moskvada Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevlə görüşüb. İclasın rəsmi hesabatında Andrey Naumovun taleyi barədə heç nə deyilmir, lakin "The Insider” mənbələrinin məlumatına görə, görüşdə bu məsələ də müzakirə olunub. Aleksandr Vulin artıq Rusiya hakimiyyətinə xidmətlər göstərib. Belə ki, 2021-ci ildə o, Serbiyada rus müxalifətinin danışıqlarının dinlənilməsini Patruşevə ötürüb və nəticədə "Açıq Rusiya”nın keçmiş rəhbəri Andrey Pivovarovun həbsinə və cəzalandırılmasına səbəb olub. 

Daxili işlər naziri Vulin vətənə xəyanətdə şübhəli bilinən ukraynalı keçmiş generalı göndərdikdən sonra özü də Moskvaya köçə bilər, o, Serbiyanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunmağı gözləyir, - deyə "The Insider”in mənbəsi bildirir. 

Andrey Naumov ukraynalı jurnalistlər tərəfindən dəfələrlə qaçaqmalçılıqla əlaqələndirilib və onun ortağı Aleksandr Akst Ukraynada UTX-nin himayədarlarının nəzarəti altında "qaçaqmalçılıq kralı" kimi tanınır. 2020-ci ildə o, Odessa limanından on milyonlarla dollar məbləğində paltar və digər mallar olan konteynerlərin qeyri-qanuni idxalı sxeminin təşkilatçısı adlandırılır, daha sonra Akst jurnalistlər tərəfindən ildə yüz minlərlə yük daşımaları həyata keçirən, idarə etdiyi "Premium Packet” firması vasitəsilə göndərilən şəxsi paketlər adı altında bahalı elektronika qaçaqmalçılığı sxemi qurmaqda günahlandırıldı. Araşdırmaçı jurnalistlərin sözlərinə görə, Andrey Naumov UTX-də bu biznesin himayəsi ilə məşğul olub. 

Nizami Bağırov