Son dövrün yeni nəsl gənclərimizdən xəbərimiz varmı? Sual bizlərə- qırx yaşının artıq “qapısını” tıqqıldadan, qırxa qədəm qoyub “orta yaş böhranı” ilə üz-üzə qalan, yaxud artıq qırxı haqlayıb, amma “qocalığı” hələ də boyunlarına almaq istəməyən, daha yaşlı sovet və 90-ların "gənclər"inədir.
Yeni nəsillə rabitəmiz necədir? Ümumiyyətlə varmı? Fikrimcə gənc nəslin bəzi sektoru ilə rabitə demək olar ki yoxdur. Niyə? Birincisi problem dildədir. Elə başa düşülməsin ki, misal ücün səbəb bizlərin daha çox rus dilinə üstünlük verməyimizdədir. Bır çox hallarda, hər iki nəsil eyni dildə danışsa belə, bir-birimizi başa düşmək yenə çox çətindir.
Gəlin bir twitterə baş vurub,“atılan” twitləri və onlara yazılan cavabları oxumağa və anlamağa çalışaq. Bu “ tvitter əhlinin “ öz dili var, əsasən 20-30 yaş arası, xüsusən Avropada və Türkiyədə təhsil almış bu gənclərin öz “jarqon” və “slenqi” var. Mən bunun adını “tvitter jarqonu” adlandırıram.
İngilis terminləri, türk sözləri və kökü azərbaycan dilindən olub çox məharətlə mənası “yeni anlama” çevrilən dil təklikləri vasitəsi ilə aparılan bu söhbətləri bizlər bir çox hallarda “Google"-un köməyi olmadan anlaya bilmərik. Hələ üstəgəl onların zarafatlarını, bu sektorda baş vermiş hər hansı bir hadisə, atalar sözlərinə çevrilmiş olay ətraflnda müzakirələri və “mırtlaşmaları” dinləsək, ola bilər ki, heç nə başa düşməyək.
Bu sektor “avtonom”, yəni muxtar bir çərçıvədə yaşayır, baxmayaraq ki içərilərində dünya miqyaslı media qurumlarında, müxtəlif təşkilatlarda çalışan, yazar, şair, siyasi aktivistlər və sairləri var.
Və sözsüz ki yığışdığı məkanlar , bu məkanlar arasında rəqabət, dava, sonra isə bunun twitterdə “söyüşün biri bir qəpik” olan müzakirələri (çox qəribədir ki, eyni istifadəçı tvitterdə daha açıq danışır, nəinki facebookda), ümumi bir cəhət birləşdirir: yeni növ müasirlik, avropasayağı həyat tərzi, müasir musiqi (əsasən rok), cürbəcür tatular və “piercig”lər. Bu məkanlarda “underground”, bir növ keyfiyyətcə tamam başqa təbəqə, “bomond” toplaşır : açıq – saçıq söhbətlər, bol içki, qucaqlaşan, öpüşən cütlüklər və hətta daha ekzaltik və epataja varan hərəkətlər belə istisna olunmur. Bu sektorun öz tanınmışları, öz qəhrəmanları var.
Ya mühafizəkarlığımızdanmı, ya dövrün nəbzini tuta bilməməyimizdənmi, bəzən də ola bilsin qısqanclıq hissi keçirməyimizdənmi biz bu çağdaş gəncləri iqnor edirik. Amma onların yeni formalaşmaqda olan bu dilini başa düşüb öyrənməli, rabitə yaratmalıyıq. “Şən və hazırcavablar klubu”, “Çto? Qde? Koqda?”, “Breyn Rinq” – məncə bunlar artıq tarixdir. Bu gənclər isə başqa tarix yazır, bəlkə daha maraqlı, daha müasir. İndi elin palazı onlardır, sürünməsək də, heç olmasa bürünək. Qaynarinfo.Az