BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində dünyanın ən nüfuzlu universitetlərinin reytinq cədvəllərindən biri açıqlanıb.
"QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” adlı siyahıda Azərbaycanın da 7 universiteti yer alır.
Digər universitetlərimizin də bu siyahıya düşə bilmək ehtimalı varmı?
Modern.az saytı məsələyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) münasibət öyrənib.
Qurumdan bildirilib ki, agentlik ali təhsil müəssisələrinə beynəlxalq reytinq göstəricilərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq metodoloji dəstək göstərir:
"Bildiyiniz kimi, reytinqlərdə yalnız bir ilin deyil, son bir neçə ilin göstəriciləri nəzərə alınır. Bu baxımdan reytinqlərin metodologiyasına uyğun olaraq ali təhsil müəssisəsinin cari göstəricilərinin təhlili aparılır. Bu təhlillər cari vəziyyətin və gələcək imkanların proqnozlaşdırılması baxımından vacib alət hesab olunur. Əlavə olaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin reytinq komandaları üçün il ərzində bir neçə dəfə beynəlxalq təlimçilərin iştirakı ilə komanda quruculuğu görüşləri və təlimlər təşkil olunur”.
Bəs hansı işlər görülməlidir ki, daha çox universitetimiz dünya reytinqinə düşə bilsin?
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, universitetlərin reytinq üzrə dəyərləndirilməsi üçün bir sıra meyarlar mövcuddur:
"Bu səbəbdən reytinqlərə daxil olmaq istəyən ali təhsil müəssisələri ilk növbədə reytinqlərin metodologiyası ilə yaxından tanış olmalı, müvafiq reytinqlər üzrə müəssiəsinin tələb olunan meyarlara cavab verib-verməməsi barədə təhlillər aparmalı, bu təhlillərin nəticələrinə uyğun olaraq yol xəritəsi müəyyən etməlidirlər.
Eyni zamanda ali təhsil müəssisələrində illik fəaliyyət planlarının "QS” və "THE” kimi qlobal reytinqlərdə nəzərə alınan meyarlara uyğun formalaşdırılması da vacib faktordur. Bu, reytinqlərin metodologiyasının daha dərindən öyrənilməsi və büdcə planlaşdırılmasında prioritet istiqamətlərə yönəlməyə imkan verir”.
Şərhlər