Siyasət 17:58 27.12.2022

Şuşa-Laçın yolundakı aksiya hansı halda dayandırıla bilər?

Xarici işlər naziri Ceyhun Bayramov Şuşa-Laçın yolunda aksiyanın hansı halda dayandırıla biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Qaynarinfo-nun xəbərinə görə, nazir qeyd edib ki, Azərbaycanın mövqeyi dəfələrlə diqqətə çatdırılıb: "Azərbaycan tərəfinin və oradakı fəalların tələbi ondan ibarətdir ki, Azərbaycanın dövlət orqanlarının həmin yataqlara getmək, monitorinq etmək imkanı olmalıdır. Həmçinin oradakı məsələyə nəzarəti həyata keçirmək imkanları olmalıdır”.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki həftədən çoxdur davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.