Amal Abuşov
İdman 09:25 26.10.2023

Uzaq sahillərdəki Ramil Şeydayev

Uşaq vaxtı Avstraliya deyəndə bizim gözümüzün önünə kenqurular gəlirdi. Fikirləşirdik ki, orda adamdan çox kenquru var. Sonra böyüdük, bu gözəl məmləkət haqqında məlumatlar topladıq. Sözsüz ki, Avstraliya barədə təsəvvürlərimiz də dəyişdi. Bizə xeyli uzaq olan bu gözəl məmləkət dünyanın bir küncündə özü üçün yaşayır, inkişaf edir. Bütün bu proseseslərin fonunda Avstraliyanın futbolu da inkişafdadır. 

Avstraliyadan niyə söz salmışam? Dünən Avstraliya təmsilçisi "Melburn Siti” Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Taylandın "Buriram Yunayted” komandasıyla qarşılaşırdı. Bu yerdə onu da qeyd edim ki, Avstraliya ayrıca qitədə yerləşsə də, öz qitəsində rəqabət olmadığı üçün Asiyanın futbol ailəsində özünə yer tapmağa çalışır. Klubları bu qitənin kubok yarışlarına qatılır. O səbəbdən də dünan "Melburs Siti” "Buriram Yunayted”ə qonaq getmişdi. "Siti”, "Yunayted” sözləri gurultulu səslənsə də, Asiyadakı klubların İngiltərədəkilərdən xeyli geri qaldığı məlum məsələdir. Bu qarşılaşmanı bizim üçün maraqlı edən isə o idi ki, Tayland təmsilçisinin heyətində həmryerlimiz Ramil Şeydayev çıxış edir.

Yayda Ramilin "Qarabağ”ı "Buriram Yunayted”ə dəyişməsi xeyli təəccübə və söz-söhbətə səbəb oldu. Mənim kimi bir çoxları Şeydayevin bu addımını geriyə atılmış kimi qiymətləndirdi. Biz onun "Qarabağ”dakı uğurlu mövsümdən sonra Avropaya yollanacağını gözləyirdik. Çünki hücumçu üçün ötən mövsüm xeyli uğurlu alınmışdı. Həm avrokuboklarda, həm də Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərə bilmişdi. Düşünürdük ki, bu yüksəlişin davamı Avropanın heç olmasa, hansısa ortabab bir klubunda gələcək. Onun "köhnə qitə”dəki oyununa baxıb həm sevinəcəyik, həm də qürur duyacağıq. Ramil isə heç kimin gözləmədiyi halda Avropaya yox, Asiyaya üz tutdu. Özü də uzaq Taylanda.

Bizim Tayland futbolu ilə bağlı təsəvvürlərimiz Avstraliya futbolundan belə azdır. Çünki heç kimə sirr deyil ki, Taylanda futbol Avstraliyadan da xeyli geri qalır. Yerli gəlmişkən, dünənki oyunun da nəticəsi bunu sübut etdi. Ramilin 73 dəqiqə şans qazandığı qarşılaşmada "Buriram Yunayted” doğma meydanda 0:2 hesabıyla uduzdu. Bu məğlubiyyət Ramilin klubu üçün üç tur ərzində ikinci idi. Deməli, qrupdan çıxmaq, Asiya Çempionlar Liqasında yola davam etmək şansları da xeyli azalıb. Həmyerlimizin Asiyanın nüfuzlu klub turnirində özünü göstərə bilməməsi, qol vurmağı bacarmaması da bizi xeyli təəssüfləndirdi.

Ramilin Taylanda gedişini şərtləndirən yeganə amil sözsüz ki, pul idi. Hücumçunu Taylanda Azərbaycanda xəyal edə bilməyəcəyi qədər maaş alacağı elə yayda da yazılırdı. Söhbət 1 milyon dollardan, yaxud da 1 milyon avrodan gedirdi. Halal xoşu olsun. Məlum məsələdir ki, bu pulu Azərbaycanda heç bir klub Şeydayevə verə bilməz. Heç Avropanın hansısa ortabab klubunun azərbaycanlı hücumçu üçün bu qədər xərcə düşəcəyinə də inanmağa dəyməz. Təəssüflər olsun ki, bizim futbolçuların Avropadakı nüfuzu elə də yüksək deyil. Bizimkilərə inanmırlar, onlara görə xərcə düşmək istəmirlər. Lakin bir reallıq da var ki, bu təəssüratı da elə futbolçularımız özləri yaradıb. Deməli, bu baxışı dəyişmək də onların üzərinə düşən missiyadır. Mən Ramilin futbolçu kimi istedadına, keyfiyyətlərinə şübhə etmirəm. Ən azından qonşu Türkiyədə və ya Rusiyada ona ortabab komanda tapılardı. Oynayardı, özünü də göstərərdi. Düzdür, bu qədər pul qazana bilməzdi.

Ramil pul qazanır. Amma zaman itirir. Onun indi 27 yaşı var. Futbolçu üçün əla yaşdır. Hələ inkişaf etməli, bərkiməli, özünü göstərməlidi. Di gəl ki, uzaq Taylandda onun bunu etməsi mümkün olan deyil. Tayların yaxşı pulu ola bilər, səxavatləri də göz qabağındadır. Lakin çempionatın səviyyəsi, ordakı rəqabət Şeydayevin inkişafına heç bir kömək etməyəcək. Asiya Çempionlar Liqasında itib-batan klubda Ramil necə inkişaf edə bilər? Hücumçu qol vuraraq "artırmalıdır”. Ramil millimizin son iki oyununda çox çalışdı, ora-bura qaçdı, oyunundakı geriləmə də hiss olunurdu. Ümid edirəm ki, özü də bunun fərqindədir.

Lap dibə vurmadan, tamam unudulmadan yolun yarısından geri dönmək lazımdır. Taylan Avropa futbolundan çox uzaqdır. Sözün hər iki mənasında. Ramilin isə indidən pulu düşünməsi, itib-batmağa razı olması isə yanlış qərardır. Üzünü Avropaya çevir, Şeydayev. Sənin orda görünməyin həm özün üçün vacibdir, həm də Azərbaycan futbolu üçün.

Amal Abuşov