Uzun, incə, ölüm qoxulu yolda... (II) – Baş leytenantın döyüş gündəliyi (FOTO)
Qaynarinfo Tovuz döyüşləri və II
Qarabağ savaşının iştirakçısı, baş leytenant Qulu Məmmədlinin müharibə gündəliyini
təqdim edir.
Qulu Məmmədli Tovuz döyüşlərində
orduya könüllü yazılsa da, döyüşə aparılmayıb. II Qarabağ savaşı başlayanda
yenidən könüllü yazılıb və ordu sıralarına cəlb edilib. Leytenant olaraq 37 gün
aktiv döyüşlərdə iştirak edib. Oktyabrın 3-ü Füzulidən başlayaraq Cəbrayıl, Zəngilan,
Qubadlı istiqamətlərində döyüşüb. Müharibə qurtarandan sonra Daşaltıya, oradan
Laçına yola düşüb, daha sonra Xocavəndə gedib. Dekabrın 19-da avtoqəzaya düşüb.
Yanvarın 9-da təxris olunub. "Cəbrayılın və Qubadlının azadlığı uğrunda”
medallarına layiq görülüb və rütbəsi baş leytenant olaraq artırılıb.
Düşmənin artilleriya atışları bir
müddət səngiyir. Tabor komandiri bölük komandirlərini çağırıb əmr edir: "Tağım-tağım
dağa qalxacağıq, hazırlaşın".
Hər kəs silha-sursatını, əşyalarını
götürüb düzülür. Cəbrayıl şəhərinin mərkəzinə yaxın, Hadrut istiqamətində
"833" yüksəkliyi deyilən dağın zirvəsinə qalxıb mövqe tutmalıyıq.
Tağımlar bir kolonda, ara məsafəsi yüz addım olmaqla hərəkətə başlayır. Yoxuş
çox sərt, qayalı-daşlıdır. Ayağın sürüşdüsə, zədələnmək ehtimalı qaçılmazdır.
Aranda yaşamış insan üçün bu dağları dırmanmaq ayrı bir problemdir.
Birinci tağımla hərəkətə
başlayıram. Ləng addımlarla, yorğun halda hərəkətdəyik. Ara-bir dayanıb nəfəsimizi
dərib, yenidən yola davam edirik. Bütün cəbhəboyu artilleriya atışları isə səngimir.
Müxtəlif istiqamətlərdə gurduldayan topların səsinə vərdiş etmişik artıq.
İrəliləyirik. Bu söz gündəlikdə
işlətdiyim ən çox sözdür. Normaldır yəqin ki, bu 28 ildə ancaq geri getmişdik,
indi ancaq irəliləməli idik ki, Şuşaya, Xankəndiyə, Laçına daha tez çataq. Şuşa
bizi gözləyir axı.
- Məmmədov, suyun var?
- Hə, komutan, var.
- Ver görüm.
- Buyur, komutan. Komutan, zirvəyə
çatsaydıq, bir az istirahət edərdik. Artıq iki gündür yatmırıq, çox yorulmuşam.
- Nə oldu, "mühərrikin"
nə tez vurdu, - deyib, birnəfəsə suyun yarsını içir.
Hərbi xidmətdə adətən hərbi
qulluqçular bir-birinə soyadla, əsgərlər komandirilərinin rütbəsinin əvvəlinə cənab,
ya ümumilikdə komandir, komutan deyə müraciət edirlər. Zabitlər bir-birini
soyadı, əsgərlər də öz aralarında bir-birini soyadla çağırırlar. Bəzən isə
jarqon ifadələr də yaranır. Məsələn: "ajniyak", "qoca",
"yetim", "zyoma", "yetka" kimi sözlər bu qəbildən
olan müraciət formalarıdır. "Blət", "blin" ifadələri isə
dildən düşmür hərbidə.
Bir az fasilədən sonra yola düzəlirik.
Dağın ətəyinə qədər bir km-dən artıq, dağın zirvəsinə isə elə bir o qədər məsafə
var.
- Komandir, mənim yüküm ağırdır,
qalxa bilmirəm. Arxada qalan əsgər Ağayev mənə tərəf səslənir.
- Gəl, görək, - deyə yaxınlaşıb,
sursat çantasının bir qulpundan yapışıram.
Şəkidə tələbə vaxtlarımda tələbə
yoldaşlarımla ara-bir dağlara qalxardıq. Bir dəfə təxminən iki saat müddətində
"Xan yaylağı" deyilən yaylağa çıxmışdıq. Oradan Şəki şəhəri balaca
bir kənd kimi görsənirdi. Az da olsa bu təcrübəm Qarabağda köməyimə çatdı.
Yoxsa, Sabirabadda, Kür çayının kənarında düzənlik relyefdə böyüyən leytenant Məmmədov
üçün bu yoxuşları qalxmaq daha çətin olacaqdı.
Bəzi tağımlar artıq dağın zirvəsinə
yaxınlaşıblar. Qalxdıqca qarşımıza mərmi parçaları, heyvan skeletləri çıxır. Sərt
qayalı hissədə ayağım bir-iki dəfə qaçsa da, özümü toparlaya bildim. Əsgərlərdən
zədələnənlər də olmuşdu.
Artıq axşam düşür. Hava buludlu
olduğundan gecə düşən kimi göz-görü görmür. Hər kəsin üstündə demək olar,
alışqan olduğundan və ilk günlər olduğuna görə alışqanların işıqlarından
istifadə edə bilirik. Günlər ötdükcə alışqanlarımızın qazı və işığı bədən
enerjimiz kimi azalmağa başladı.
Günortadan yediyim
"moloko" və peçeniyenin üstündəyəm. Getdikcə taqətsizliyimi hiss edirəm.
Gözlərimin qarşısı hər dəfə oturub ayağa qalxanda 2-3 saniyəlik qaralıb, yenidən
işıqlanır.
Əşya çatamı itirdiyimdən
siqaretim, bəzi yeyəcəklərim, evdən gətirdiyim alt geyimləri, bəzi dərmanlar və
başqa əşyalarım hamsı onun içərisində gedib. Gələrkən yük daşıyan "Kamaz”ın
arxasına qoydum ki, ağırdır, çatanda götürərəm. Sağ olsun əsgər Zeynalov da
unudub, maşında it-bat olub getdi dar günümün lazımlı çantası. Müharibədə bir
şey səndən 2 metr aralı düşdüsə, onun arxasınca getməyə dəymir.
Nəhayət, hava tam qaralana yaxın
zirvəyə çatırıq. Dəhşətli dərəcədə külək var. Gecə düşdükcə hava daha da
soyumağa başlayır, ərazi ağappaq qatı dumana bürünür. Dağın qarşı tərəfinə isə
keçmək olmur soyuq küləkdən. Soyuq iliyə qədər nüfuz edib, sızladır tərli bədəni.
Zirvədə olduğumuzdan ətraf ərazilərdən gələn atışma səslərini burada daha aydın
eşidirik. Ara-bir səmaya atılan ərazi işıqlandıran işıqları birinci raket zənn
etsəm də, sonradan səssiz, yavaş-yavaş, yana-yana yerə düşdüyünü görüncə
anlayıram ki, Qulu, hələ çox şeyi görüb anlayacaqsan buralarda. Bu müharibə 35
illik həyatından ağır gələcək. Hazır ol, cənab leytenant.
"Leytenant Məmmədov, leytenant
Məmmədov". Kimsə yüksək səslə, dayanmadan çağırır.
Mən bölüyün şəxsi heyətlə iş üzrə
müavini (zampalit) kimi çağırılmışam müharibəyə. Əsas işim bölüyün şəxsi
uçotunu aparmaq, mənəvi-psixoloji durumunu yüksəltmək, hərbi nizam-intizam
qaydalarına nəzarət etmək, tərbiyəvi söhbətlər aparıb, şəxsi heyətin ruh yüksəkliyini
ayaqda tutmalı idim. Təbii ki, həm də əlimdə silah döyüşməliydim. Müharibədə bəzən
vəzifələr tam olaraq icra edilə bilmir. Bunun da özünün obyektiv səbəbləri
olur. Çünki bəzən elə olur, üç əsgərlə bir mövqedən kənara çıxa bilmirsən, bir
tağım o biri tağımdan 5-6 km aralı düşür. Zampalitin ən başlıca vəzifəsi isə
tabeçiliyində olan şəxsi heyətdə inam, ümid yaratmaqdır. Əgər sən o əsgərlərdə
evlərinə sağ qayıdacaqlarına inam yarada bilirsənsə, başına and içəcəklər. Bu
inamı, bu işığı müharibə dövründə o nigaran gözlərdə yaratmalısan. Tabeçiliyindəkilər
səni özünün xilaskarı, son istinad yeri kimi qəbul edib, güvənməlidir. Hiss etməlidir
ki, yanında böyük qardaşı var. Qısaca, müharibədə komandir olmaq, əlavə məsuliyyət
yükləyir çiyinlərinə.
- Bəli, eşidirəm, - deyə cavab
verirəm.
Leytenant Əliyev Namiqdir.
Bölüyümüzün 52 yaşlı üçüncü tağım komandiri. Astara rayon təhsil şöbəsində
çalışır. Milliyətcə talışdır. Dedikcə mütəvazi, mehriban, səmimi, qorxmaz
insandır. 52 yaşlı olmasına baxmayaraq, həmişə dağların zirvələrinə hər kəsdən
tez çatır. Yəqin buna görə Astaramızın təbiətinə borcludur.
Həmişə mənə adımla müracət edir.
Onunla danışanda çox rahat hiss edirəm özümü.
- Qulu, bölük komandiri dedi ki,
üçüncü tağım burada, iki orta istiqamətə, birinci tağım da lap axır tərəfə yerləşib,
səngərlər qazıb mövqelənsinlər. Şirin talış ləhcəsi ilə sözünü bitirib öz
mövqeyinə gedir.
Əraziyə göz-gözü görməyəcək dərəcədə
qaranlıq çöküb. Əsgərlərin yorğun səsləri getdikcə azalır. Hər kəs mövqe seçib
yerləşib artıq.
Bədənimiz tərin içindədir. Tonqal
qalamağa da icazə yoxdur. Düşmən görər deyə, müharibə sonuna qədər tonqal
qalamaq çox təhlükəlidir.
Kənardan qərargah rəisinin səsi gəlir:
"Hamı sakit olsun". Sən demə, qarşımız, solumuz-sağımız - hər tərəf
düşmən mövqeləridir. "Heç kim "zajiqalka"dan, işıqdan iatifadə
etməsin".
Dağın zirvəsi ilə görmə qüsurlu
insanlar kimi birinci tağım yerləşən istiqamətə doğru yeriyirəm aşa-aşa. Hava
getdikcə dönür. Xırda yağış damcıları sürətini artırmağa başlayır. Çoxumuzun
sukeçirməz plaşımız olmadığından nə edəcəyik, deyə düşünürəm.
Birinci tağım komandiri həmkəndlim
Yusifi axtarıram. Gördüm deyən yoxdur. Kiçik bir ağac var. Əsgərlər topa şəkilində
bu ağacın altında uzanıblar. Bəziləri yatıb, bəziləri yatmaq üçün mövqe
axtarırlar. Döyüş növbətçiliyi təşkil edilir, qalan şəxsi heyət yağışın altında
yatmağa üz qoyur.
Əsgər Zeynalov Kamil mahnı oxuyur.
"Yağış yağır, səngərimiz
sudur,
Tanrının verdiyi gün budur".
Şən, olduqca optimist, bir az da
bu çoxdanışan əsgər iki qardaşı ilə birlikdə müharibə başlayan gün könüllü
olaraq ordu sıralarına daxil olublar.
- Komandir, burda bir nəfərlik
yataq yeri var, gəlin yatın.
- Baş leytenant Dəmirovu görməmisən?
- soruşuram. Heç kimdən səs çıxmır.
Əsgər Səfərov Elşad (qazi) deyir:
"Komandir, mən də səhərdən onu axtarıram, yoxdur”.
Xüsusi təyinatlıların kursunu keçən
Səfərov Ukraynada uzun müddət yaşayıb, azərbaycanca ləhcəsi bir az fərqlidir.
Öz aramızda "rıjı" (kürən)
deyə müraciət edirik. İlk vaxtlarda elə xoş təsir bağışlamasa da, indi səngərə
girdiyimiz andan hər kəs çox doğmalaşır adama. Səngər 10 dəqiqədə iki düşməni belə
qardaşlaşdıra bilir. Elə bir möhtəşəm güc var o qazma torpaqda. Məzara oxşayan
quruluşu, verdiyi xüsusi hisslər insanı daha dərin düşünməyə vadar edir.
- Necə yəni yoxdur, - deyə həyəcanla
soruşuram.
- Hə, komandir, biz bura çıxandan
axtarırıq, tapa bilmirik.
Ağlımdan yüz fikir keçir. Əcaba
harda olar bu? Yüksək səslə "Yusif” deyə çağırmağa başlayıram.
Dağın 2-3 metr aşağı tərfinə
doğru istiqamət alıb, otururam. Yağış şıdırğı yağmağa başlayıb. Patrullardan
başqa hamı hərəkətsiz halda, əldə silah - yatan yatır, yatmayan mürgüləyir.
Bir-iki saat keçir. Yatmaq istəyirəm,
yata bilmirəm. Bir tərəfdən Yusifin yoxluğu, digər tərəfdən də yağışın altında
yatıb xəstələnməkdən ehtiyat edirəm. Amma ötən gecə də yatmadığımdan gözümü
yuman kimi yuxu aparır.
Elə bu dəm, qalxdığımız istiqamətdə
dağın ətəyindən səs eşidirəm. "Qulu, Qulu", - kimsə yüksək səslə çağırır.
Diqqətimi aşağıya doğru cəmləşdirib
baxıram, amma zil qaranlıq hava, üstəgəl, qatı dumanda nə isə görmək
mümkünsüzdür. Səfərov yaxınlaşıb:
- Komandir, baş leytenant Dəmirovdur, deyir.
Cəld 50-60 metr aşağıya doğru enirik. "Yusif” deyə çağırmağa başlayıram.
Anlaşılmaz şəkildə səsimə cavab verir. Dağa qalxarkən dağın ətəyində yuxuya
gedib, elə oradaca yıxılıb yatıb. Dedikləri anlaşılmır. Qalxdığı istiqaməti
gündüz zorla qalxdığımızdan gecə qalxmaq daha da çətinləşib onun üçün. İşığı
yandırıb saxlayıram. İşıq istiqamətində qalx deyə çığırıram. Səfərov məni
qorxutmağa başlayır.
- Komandir, ola bilsin onu əsir alıblar, orda
çox işıq yanır.
- Xəstəsən? - deyə, cavab verib,
aşağıya doğru enməyə başlayıram...
Bir az da sözündə həqiqət var,
sağ-sol düşməndir, ehtiyatlı olmaq lazımdır. Beləcə, bir-birimizi səsləyə-səsləyə,
işıqla görüntü verər-verə missiyanı çətinliklə də olsa başa vururuq.
Nəhayət, iki saata yaxın gözlənişdən
sonra işıq daha da yaxınlaşır. "Dur”, - deyə səslənirik. Ətrafını, üzünü
işıqlandırdıqdan sonra yaxınlaşıb, qucaqlaşırıq. Otururuq. Qan-tərin içindədir.
"Qalx-qalx, qardaş”, - deyib, qalxırıq əsgərlərin yanına.
Atışma səsləri səngimir. Yağış
dayanmadan yağır. Külək soyuq, yaş paltarlarımızı bədənimizə daha kip yapışdırıb,
üşüdür bizi. Qaşlarımızdan, burnumuzdan su damcılaya-damcılaya ordan-burdan
söhbət edirik. Hər şey yaxşı olacaq, deyib, təsəlli verməyə çalışırıq
bir-birimizə. Səhər açılsın, düzələcək hər şey. Başqa bu kimi sözlər.
Az keçmir, "Tabor, həyəcan”, -
deyə kimsə qışqırmağa başlayır. Gecə saat 3-4 radələridir. Hər kəs cəld qalxıb,
silahlarını doldurub döyüş mövqeyi tutur.
Qarşı tərəfdən tank, ya avtomobil
işığı yaxınlaşır. 3 əsgərlə həmin istiqamətə yanaşırıq. İşıq dərənin dibinə
doğru gəlib yoxa çıxır. Bir az gözlədikdən sonra həmin istiqamətə aramsız atəş
açırıq. Nə səs, nə işıq, nə bir qaraltı var. Avtomatları özümüzə daha sıx
tutub, dərədən üzüaşağı baxa-baxa dayanmışıq.
- Bir şey görünür, uşaqlar? - deyə
sual edirəm. "Heç nə görünmür, komutan”, - bədəni suyun içində olan, qaranlıqda
tam hansı əsgər olduğunu kəsdirə bilmədiyim qəhrəman qardaşım irəliyə
boylanmaqda davam edir.
Kimsə uzun vaxtdan sonra gecəgörmə
cihazı gətirir. Əraziyə baxıram, bir şey görünmür dumandan.
Həyəcanla uzun müddət gözləyirik.
Daha sonra Cəbrayılın mərkəzinə doğru artilleriya atışları şiddətlənir. Dairəvi
mühafizə təşkil edib, döyüş mövqeyi seçirik. Bütün şəxsi heyət tam sakit
dayanıb. Oyaq olan əsgərlər yatanları pıçııtı ilə oyadır. İkinci gecədir
yatmıram. Hiss edirəm ki, nələrsə baş verir. Çox yorulmuşam...
Hava yavaş-yavaş işıqlanmağa
başlayır. Yağış kəsib. Bədənimiz alt paltarına qədər suyun içindədir. Sabahın
soyuq mehi adama sərt qışı xatırladır. Dəmək olar, donuram. Soyuqdan çənəmin, bədənimin
əsməsini saxlaya bilmirəm.
Yerimdə tez-tez sağa-sola hərəkət
edirəm, bir neçə dəfə qollarım üstündə enib-qalxıram. Mülkidə olan zaman arabir
etdiyim idman hərəkətlərini təkrarlayıram. Az da olsa təsiri olur. Üç gün qabaq
Ağcəbədidə hərbi hissədə istidən dayana bilmədiyimiz halda, indi burada
donuruq. Müharibə təkcə soyuğu ilə yox, başqa bütün tərəfləri ilə çox dondurur
adamı...
Az sonra əsgərlər dağın zirvəsində
olan quru odunlardan toplayıb, bir-iki yerdə ocaq qalayırlar. Ah! Ocağın şölələnən
al-qırmızı, qara hisli istisi ana qucağı kimi nə qədər doğma gəlir adama. Təxminən
bir saata yaxın üst-başımızı qurutmaqla məşğul oluruq. Yenidən sol istiqamətimizdən düşmən minamoyotu bizim olduğumuz yerə doğru
aramsız atışa başlayır. Cəbrayılın mərkəzindən, Zəngilan istiqamətindən
artilleriya mərmilərini yağış kimi yağdırır düşmən.
Qarşı tərəfimizdəki dağın ətəyində
böyük xaç var, ermənilər quraşdırıb. Gecələr işıqları yanır, gündüzlər sönürdü.
Başqa yerlərdə də bu şəkildə xaç tikililərinə rast gəlirik.
Xaçın ətrafına bir erməni yük
avtomobili yaxınlaşır. Bir neçə nəfər oyan- buyana hərəkət edib yoxa çıxırlar.
Axşam yanan işıq da çox güman oradan gələn işıq imiş. Dağın həmin xaç olan
istiqamətinə keçib səngərlər qazmağa başlayırıq. Axşam olduğumuz yerə minamiyot
döşəməyə başlayırlar. Dağın zirvəsindən 3-4 metr aşağıdayıq. Mərmilər fit
çala-çala dağın əks istiqamətinə, bizdən 5-6 metr kənarda düşüb partlayır. Bəzisindən
düşərkən ayrılan qəlpələr yaxın məsafədən başımızın üstündən keçib gedir. İndi
dua edirik ki, qarşı tərəfdən - xaç olan istiqamətdən bizi görməsinlər. Yoxsa
olduğumuz yeri görüb buranı sağ-sol vursalar, bir nəfər də sağ çıxmayacaq
burdan. Qarşımızda bizim artilleriya bölmələri ilə düşmənin artilleriya bölmələri
arasında qızğın qarşılıqlı atışma gedir.
Arxa tərəfimizdən də bizi vururlar.
Hamı səngərə girib, hərəkətsiz şəkildə növbəti əmri gözləyir. Yüksəklikdə
olduğumuzdan ətrafda nə baş verdiyini rahat şəkildə görürük. Füzuli istiqamətindən
asfalt yolla bizim hərbi kolonlar gəlir. Dünən gələrkən düşmənin atıb qaçdığı
sursat maşınlarının bəzisini elə düşmənin özü vurur. Yüksək səslə sursat
maşınının arxasında mərmilər maşının özü ilə birlikdə yanırlar. Səma büsbütün
qara tüstüyə qərq olub. Tam bir cəhənnəmin ortasında hiss edirsən özünü.
Hava bu gün buludludur, amma
yağış yoxdur.
Elə bu vaxt başımızın üstündə
bizim istiqamətə atılan, diametri iki qolun arasına sığışan ölçüdə, uzunluğu
3-4 metr, arxasında fırlanan pərin olduğu bir raketin üstümüzə gəldiyini görürük.
Raket düz qarşımıza dağın ətəyinə düz yerə sancılaraq yoxa çıxır. Təxminən
10-15 dəqiqə sonra olan partlayışın dalğasından dağ titrəməyə başlayır. Düşdüyü
yerin ətarfında 100-150 metr radiusda ərazini bir anda şum halına salır. Az
keçmir növbəti raket bizim mövqe tutduğumuz dağın bizə daha yaxın tərəfinə
düşüb yoxa çıxır. Növbəti partlayışı nə qədər gözləsək də, bu atılan raket
partlamır nədənsə.
Nəzərlər bir-birimizin üzərinə cəmlənir.
Yəni bu da axırı!?.
"Hər şey yaxşı olacaq,
darıxmayın. Bizi görmürlər", - deyə tabor komandiri ürək-dirək verməyə
çalışır.
Hər kəs həyəcanla göyə boylanıb,
növbəti raketin gəlişini gözləyir. Xoşbəxtlikdən daha raket gəlmir. Olduğumuz
dağın arxa tərəfini isə düşmən minamiyotu dayanmadan vurur.
Bir qrup dünən dağa qalxmaq üçün
toplandığımız yerə yemək gətirmək üçün aşağı gedib. Həmin yerdə müvəqqəti təminat
məsələlərini həll etmək üçün düşərgə salınıb. Birləşmə komandirlərinin bəziləri
də buradadırlar.
Müharibədə təminatın çatdırılması
da bir ayrı dərddir. Hansısa mövqeyə yerləşirsən, arxa ilə əlaqə bir az çətinləşir.
Gedib-gələn zaman da düşmən gördüsə, hərəkət etmək çətin olur. Bəzən yaxınlaşan
təminat maşınları da minamiyot atışları altında qalır.
Başqa müharibələri bilmirəm, bu
müharibədə daha çox artilleriya atışları adamı bezdirir. Tam bir bəxt məsələsidir,
gəlib üstünə düşməyəcək ki o lənətlik mərmi. Durduğun yerin sağı, solu, arxası,
önü vurulur. Üstünə düşmədisə bəxtin var deməkdir. Bir də görürsən, düz səngərin
içinə düşdü və qardaşların şəhid oldu...
Günortaya yaxın uşaqlar güc-bəla gəlib
çatırlar. Dağı düşmək, oradan ərzaq, su dolu çantalarla, silahla geri dönmək
özü bir qəhrəmanlıqdır.
Azərbaycan əsgəri həqiqətən də qəhrəmandır.
Bu qədər çətinliklərə baxmayaraq, daim qürurlu, pozitiv qalmaq, irəli getmək
eşqi ilə yaşayır.
Bəzi obeyktiv səbəblərdən olub-bitən
bəzi şeyləri hərbi sirr olduğundan burada yaza bilmirəm. Amma hər şey müsbət
istiqamətdədir. Əsas olan torpaqlarımız işğaldan azad olunur.
İştaham təmiz qaçıb, ürəyim heç nə
istəmir. İndi ən çox ehtiyacım olan şey varsa, o da yatmaqdır. Artıq iki
sutkadır yatmıram. "Mühərrikimin” qırmızı işığı yanır. Öz-özümə "möhkəm
ol, cənab leytenant”, - deyib ətrafa boylanıram. Hər kəs yorğundur. Ətragdan gələn
səsləri artıq dərk edə bilmirəm. Elə bilirəm, yuxudayam.
Bununla belə gülməyə, əsgərlərə
ürək-dirək verməyə çalışıram. Axşam düşür. Yeməyə getmək vaxtıdır.
Ərzaq üçün gedən heyətin üstündə bir
zabit getməlidir. Tabor komandiri məni çağırır.
- Qulu, davay, götür bu beş əsgəri,
ərzaq gətirməyə.
İstəyirəm, özümdə deyiləm deyəm, ancaq
canımı dişimə sıxıb yola düzəlirəm.
Hiss edirəm ki, artıq üşüdürəm. Bədənim
titrəməyə başlayır. Hərarətim qalxıb. Özümü çox pis hiss edirəm.
Dağla üzüaşağı düşürük. Axşam gəldiyimiz
istiqamətdə yenidən geri qayıdırıq. Dağın ətəyinə çatmağa az qalmışıdı ki, yaxın
məsafədə yerləşən düşmən bizi görüb atmağa başlayır. İki-üç minamiyot mərmisi
bizdən 50-100 metr qarşıya düşür. Sürünə-sürünə həmin ərazini keçib, yemək
paylanan əraziyə çatırıq. Qaranlıq düşüb, göz-gözü görmür.
Uçuq-sökük bir tikili var.
Qarşısında müxtəlif bölmələrdən əsgərlər, xüsusi təyinatlılar oyan-bu yana
gedib-gəlirlər.
Başımızı içəri salıb, ərzağa kimin
baxdığını soruşuram. Gözüm qaralıb-açılır. Soyuq tər hiss edirəm bədənimdə.
Getdikcə təzyiqimin düşdüyünü, bir az da ayaqüstə qalsam, huşumu itirib
yıxılacağımı düşünürəm.
Ərzaq təminatına baxan gizir içəridən
səslənir: - Nə lazımdır?
"Gözlə” deyib, içəridə kiminləsə
nə haqdasa söhbətə başlayır.
Gəldiyim əsgərlərdən biri Nəcəfli
İsanı yanıma çağırıb deyirəm: "Yaxşı deyiləm, mənə nəsə olsa, yeməyi götürüb
qalxın, uşaqlar ac qalmasın, səhər gələrəm”, - deməyimlə özümdən getməyib bir
olur.
Dayandığımız yerdə təcili tibbi
yardım avtomobili var. Nəcəfli (sonradan qazi oldu) çox ayıq, qorxmaz əsgərdir,
cəld qoluma girib, məni maşına tərəf aparır. Onu xatırlayıram ki, maşına əyləşib
oturacağa yayxandım. Özümdən getdim. Bir azdan özümə gəldim. Nəcəflinin "Yükləri,
ərzağı götürdük, biz gedək, komandir",- deyə müraciət etdiyini zorla
xatırlayıram. Daha sonra ətrafa sakitlik çökür.
Deyəsən, maşın harasa hərəkət
etdi bir müddət. Bir qədər sonra "mən həkiməm” deyən kiminsə mənə dərman, bir dənə
də "çörəkarası" (dörddə bir çörəyin arasında adətən lülə, yaxud
katlet olardı) uzatdı. Beynim fəaliyyətdən təmiz düşdüyündən o an niyə burda olduğumu
kəsdirə bilmədim. Hər tərəf qaranlıq. Bəlkə də maşının salon hissəsi idi.
Bir-iki tikə çörəkarası yeyib, üstündən bir-iki qurtum su içdim. Özümdən asılı
olmadan yuxu məni apardı. Saatdan xəbərim yoxdur. Nə qədərsə keçdi, nə qədər
keçdiyini də xatırlamıram, oyanıb ayaqyoluna getmək istədim. Yuxulu-yuxulu
olduğum yerdən aralandım. Onu bilirəm, bir müddət getdim. Beyin o qədər yorulub
ki, dərketməm sanki yoxdur. Geri qayıdırdım ki, yenidən özümdən getdim. Onda
ayıldım ki, minamyot mərmiləri sağıma, soluma düşür. Ayılıb, çaşqın halda
harada olduğumu, nə baş verdiyini dərk edə bilmirəm. Üçüncü gecədir yuxusuzluq,
aclıq, soyuq... özümdə deyiləm.
Hara gedim, mən hardayam, burda nə
gəzirəm? Beynim error verir. Sapsarı dizə qədər çayır, yabanı otlar, kolluqdur
hər tərəf. Guya burada öz aləmimdə öz bölüyümüzü axtarıram. Bölük isə burdan
2-3 km aralı dağın zirvəsindədir. İndi düşünürəm, yaxşı ki, orada minaya düşməmişəm.
Demək, mən qoçaq, bölmələrimiz olan yerdən düşmən olan istiqamətə getmişəm
yuxulu-yuxulu. Düşmənin buradan nə qədər uzaqlıqda olduğunu bilmək çətin idi.
Çünki atdıqları minamyot mərmiləri yaxınlığıma düşürdü.
Silahımı axtarıram, tapa bilmirəm.
Sən demə, Nəcəfli gedəndə görüb ki, mən özümdən getdim, silahımı da aparıb özü
ilə. Müharibədə əlində silah olanda özünü daha çox güvəndə hiss edirsən. Ən
yaxın köməkçin əlindəki silah olur.
Sağa-sola həyəcanlı, yuxulu, hiddətlənmiş,
bir az da qorxmuş şəkildə qaçıram. 13-cü bölük haradadır, deyə düşünürəm. Mən
haradayam? Bu sualları özümə verə-verə çaşqın halda bölüyümüzü axtarıram. Hələ
qarşıda çox çətin bir gecə məni gözləyir. Ömrüm sonuna qədər unutmayacağım çox
ağır, gərgin bir gecə. "Əsir götürülürəm"...
Şərhlər