İdman 12:55 23.02.2023

Vaqif Cavadov: “Qarabağ” tam formada deyil"

Bu gün "Qarabağ” səfərdə Belçika təmsilçisi "Gent”in qonağı olacaq. Azərbaycanda keçirilən görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu səfərdə də uğur qazanacağı təqdirdə, növbəti mərhələyə yüksələcək. Bu isə "Qarabağ” üçün daha bir tarixi ilk olacaq. Bəs komandanın şansları necədir? "Gent”ə qarşı səfərdə hansı üstünlüyümüz ola bilər?

Millimizin və "Qarabağ”ın sabiq üzvü Vaqif Cavadov şansları dəyərləndirib. O, Qaynarinfo-ya açıqlamasında sabiq klubuna inandığını bildirib:

"Mənə elə gəlir, hər şey qaydasındadır. Çünki öz meydanımızda 1:0 hesablı qələbə qazanmışıq. Səfərdə hamı bilir ki, çətin olacaq. Ancaq "Qarabağ” ilk dəfə deyil ki, çətin oyunlarla üzləşir. İnanıram ki, bu dəfə də istədikləri nəticəni əldə edəcəklər. Rəqib öz azarkeşləri qarşısında çıxış edəcək. "Qarabağ” rahat olacaq. Baxmayın, evdə oynamaq çətindir. Azarkeşlərin istəyi, media amilləri var. Amma səfər tam başqadı. İnanıram ki, konsentrasiyanı itirmədən sona qədər çatdıracaqlar”.

Cavadovun fikrincə, "Qarabağ” hələ tam formada deyil:

"Deməzdim, tam formadadır. Yenə də baş məşqçi bilər. Ancaq ilk oyunda gördüyümə görə, çox yaxşı təsir bağışladılar”.

Sabiq futbolçu Ağdam klubunun yeni legionerləri haqqında müsbət fikirdə olduğunu da söyləyib:

"Çox sürətli futbolçulardır. Bəziləri tez uyğunlaşıb. Bəzilərinə də bir qədər vaxt versələr, fikrimcə, yaxşı futbolçulara oxşayırlar və "Qarabağ”a köməklik edəcəklər”.

Səbuhi Həsənov