Asif Nərimanlı
Siyasət 09:46 17.11.2023

Vaşinqton Bakıya qarşı məkrli oyunda nələr itirəcək?

Vaşinqton Cənubi Qafqaz siyasətində "öz ayağına sıxır”. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də keçirilən "Dağlıq Qarabağın gələcəyi” mövzusundakı dinləmələrdən çıxan nəticə budur. Və proseslər göstərir ki, ABŞ da bölgədə Fransanın taleyi ilə üzləşəcək.

Dinləmələrin Konqresdəki erməni lobbisinin "ev tapşırığı” olduğu bəllidir, xüsusilə lobbinin lokomoviti kimi çıxış edən Bob Menendezin korrupsioner olduğunun ifşa olunmasından sonra erməni şəbəkəsi hələ də "güclü” olduqlarını təsdiq etməyə çalışır. Dinləmələrin təşkilatçısı olan Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin daha öncə Ermənistanın ABŞ-dakı səfiri Lilit Manuksla görüşü də bu fonda təsadüfi deyildi. Beləliklə, erməbi lobbisi "ev tapşırığı”nı yerinə yetirmiş oldu.

Amma və lakin bu dinləmələrin, ümumiyyətlə Vaşinqtondan Bakıya qarşı əsassız təzyiq cəhdlərinin ABŞ-ın xarici siyasəti, əlaxüsus da Cənubi Qafqaz bölgəsinə dair planlarından qaynaqlandığı da bəllidir.

- ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin anti-Azərbaycan bəyanatları;
- Konqresdə keçirilən məlum və məlun dinləmələr;
- Senatın 907-ci düzəlişin təxirə salınmasını iki illik qadağan etməsinə dair çıxardığı qərar və s;

Bütün bunlar ABŞ-ın Azərbaycana təzyiq cəhdlərinin bir parçasıdır. Hərçənd, okeanın o tayında anlamırlar: 30 illik işğalı yaşamış və torpaqların azad edilməsi ilə ən böyük hədəfinə çatmış Azərbaycan xalqı torpaq məsələsində heç nəyə və heç kimə güzəştə getməyəcək;

ABŞ hər şeydən öncə bu məsələdə "öz ayağına sıxdı”. Dinləmələrin "Dağlıq Qarabağın gələcəyi” adı altında keçirilməsi Azərbaycan dövləti və xalqının nəinki qəbul edilən qətnamələri, qərarları, ümumiyyətlə ABŞ-ın özünü saymaması üçün yetərlidir. Çünki:

- "Dağlıq Qarabağın gələcəyi” demək erməni separatizminin yenidən dəstəklənməsi deməkdir;
- Azərbaycan ərazisində "Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur və onun hansısa "gələcəyi” ola bilməz;
- Azərbaycan xalqı bu hədəfi uğrunda minlərlə şəhid verdi;

Görünür, Vaşinqtonda bölgəni yaxşı tanımırlar və erməni diasporu/lobbisinin ehtiraslarından asılı vəziyyətə düşüblər. Lakin nə Azərbaycan dövləti, nə də xalqı ABŞ-ın işğal dövründə etdiklərini unutmayıb.

Münaqişənin mövcud olduğu, ərazilərimizin işğal altında qaldığı 30 ilə yaxın müddətdə faktiki heç bir iş görməyən, əslində işğalın davam etməsinə şərait yaradan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri ABŞ idi və hər şeyə - işğala, etnik təmizləmələrə, milli-mədəni irsimizin məhv edilməsinə, sərvətlərimizin talanmasına görə məsuliyyət daşıyanlardan biri də bu ölkədir. İşğal dövründə ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, işğalçıya heç bir təzyiq etmədi, BMT-nin məşhur 4 qətnaməsinin icrası ilə bağlı nəinki hansısa addım atmadı, heç bu haqda danışmadı da. Əvəzində işğalçı Ermənistana dəstək məqsədilə işğala məruz qalan Azərbaycana qarşı "907-ci düzəliş”i qəbul etdi. Torpaqlarımız işğalda olduğu müddətdə Qarabağdakı erməni separatizminə ciddi dəstək verənlərdən biri də məhz ABŞ idi. Hər il "minatəmizləmə” adı altında separatçılara milyonlarla dollar vəsait ayırır, bununla işğalın davam etməsini təmin edirdilər. Bu separatizmə dəstəyin bir hissəsi idi. Eyni zamanda, erməni diasporu ABŞ-da separatizmə dəstək məqsədilə açıq kampaniyalar keçirir, qondarma rejimin "nümayəndələri” heç bir maneə olmadan bu ölkəyə səfərlər edir, hətta Konqres binasına belə daxil olur, orada çıxışlar da edirdi.

Azərbaycan xalqı bütün bunları unutmayıb və torpaqlarımızda işğala son qoyulduqdan, suverenliyimiz təmin edildikdən sonra ABŞ-ın bu gün etdiklərini də heç vaxt unutmayacaq. İndi konqresmenlər "907-ci düzəlişi” yenidən gündəmə gətirir, bununla Azərbaycana yardım edilməyəcəyini deyirlər. Doğrudanmı, amerikalılar bununla Azərbaycan dövləti və xalqının iradəsinə təsir edə biləcəklərini düşünürlər?

Azərbaycanın nəinki ABŞ-ın, ümumiyyətlə heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Torpaqlarımız işğal altında olanda heç bir yardım etməyən, əksinə, işağlçı ölkəni, eləcə də separatizmi dəstəkləyən ABŞ-dan bundan sonra hansısa yardım almaq Azərbaycana lazım deyil. Verilən yardımlar da "tula payı”ndan başqa bir şey deyil və qoy konqresmenlər bu yardımı Qərb paytaxtlarında dilənən Ermənistana etsinlər. Bununla nə Azərbaycanın iradəsinə təsir edə biləcəklər, nə də bölgədəki reallıqları dəyişə biləcəklər.

Bütün bu proseslərdə itirən yalnız ABŞ-ın özü olacaq.

1. Dinləmələrə "Dağlıq Qarabağın gələcəyi” adının verilməsi tamamilə bitmiş və perspektivi olmayan "Qarabağ münaqişəsi”ni gündəmdə saxlamaq, erməni separatizmini körükləmək cəhdidir. Azərbaycan bunu nəyin bahasına olursa olsun qəbul etməyəcək və Azərbaycan xalqı bu cəhdləri bağışlamayacaq.

2. Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdikdə sonra Paris faktiki oyundan kənarda qaldı və bunu heç bir təzyiq dəyişdirə bilmədi. Vaşinqtonun siyasəti eyni taleyi ilə üzləşəcəyinə səbəb olacaq və təzyiqlə nəyəsə nail ola bilməyəcəklər.

3. Qarabağda erməni separatizmi ləğv edilib, bundan sonra sülh müqaviləsi imzalanmasa belə Azərbaycan itirən tərəf olmayacaq və bu, Bakıya istəmədiyi masada danışıqlardan imtina etmək imkanı yaradır, əksinə, hansı masada danışıqlara razı olarsa, həmin tərəfi ön plana çıxara biləcək: Azərbaycan artıq noyabrın 20-də keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşündən imtina etdi və bundan itirən tərəf Bakı yox, ABŞ-ın özüdür;

4. Azərbaycan olmadan ABŞ təkcə Cənubi Qafqazda yox, Mərkəzi Asiyada da nəyəsə nail ola bilməyəcək, çünki bu coğrafiyada Bakının həm nüfuzu, həm də həlledici rolu əhəmiyyətlidir.

5. Azərbaycana qarşı "səlib yürüşünə” mənzər hücumlar ABŞ-ın Türkiyə, ümumilikdə Türk Dövlətləri Təşkilatının üzv ölkələri ilə də münasibətlərinə zərbə vuracaq;

Vaşinqton strateji yanlışlığa yol verir, çünki kiçik və mənasız Ermənistan üzərindən plan qurmaq, başlamadan məğlub olmaq deməkdir. ABŞ-ın, yaxud bu ölkənin Konqresinin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycanla təzyiq dilində danışmağın heç bir nəticəsi olmayacaq. İndiyə qədər buna cəhd edən qüvvələr siyasi itkilərlə üzləşib, Fransa bunun ən bariz nümunəsidir.

Asif Nərimanlı