"Köhnə çamadanlar” adlı bədii filmin premyerası olacaq.
Qaynarinfo xəbər verir ki, İkinci Qarabağ müharibəsi mövzusunda ekranlaşdırılan bu film aprelin 30-da "Nizami” Kino Mərkəzində təqdim olunacaq.
Müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Saida Haqverdiyeva, bəstəkarı Vüqar Camalzadədir.
Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin, ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər.
Filmdə peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qazilər, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.
Psixoloji dramda əsas rolları xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Qızılgül Quliyeva, Zemfira Əbdülsəmədova, Rada Nəsibova, Aqil M. Quliyev oynayırlar.
Uşaq rollarını isə "Oyuq” teatr-studiyasının yetirmələri oynayıb.
Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.
Bahar