Azərbaycan Dövlət Dəniz Akademiyasında tanınmış şair-publisist Faiq Balabəylinin iki kitabının – "Bakı buxtası – 20 yanvar” və "Dənizçilərimiz Vətən müharibəsində” kitablarının təqdimat mərasimi keçirilib.
Bu haqda məlumatı Qaynarinfo-ya müəllifin özü verib. Mərasimdə AXDG QSC-nin sədr müavini Nəzrəddin Əhmədzadə, ADDA-nın rektoru Heydər Əsədov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Xətai rayon təşkilatının sədri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AYB-nin üzvü, tanınmış şair, Prezident təqaüdçüsü Vasif Süleyman, Akademiyanın müəllim və professor heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən ADDA-nın prorektoru, professor Zahid Şərifov tədbir iştirakçılarını salamlayaraq, təqdimat mərasimi keçirilən "Bakı buxtası – 20 yanvar” və "Dənizçilərimiz Vətən müharibəsində” kitablarının müəllifi Faiq Balabəyli haqqında tədbir iştirakçılarına məlumat verib. Onun hazırda tədbirin keçirildiyi ali təhsil ocağının məzunu olduğunu, dənizçi həyatını gözəl bildiyini, "AXDG” QSC XDND idarəsinin gəmi kapitanı və "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini sədri olduğunu dinləyicilərin nəzərinə çatdırıb.
Sonra müəllifi olduğu kitablar haqqında məlumat verən Faiq Balabəyli hər iki kitabın hansı zərurətdən yazıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb, tədbirə qatılan qonaqlara şükranlarını bildirib. O, hər iki dəyərli kitabın nəşr olunmasında maliyə dəstəyi göstərdiyinə görə "AXDG” QSC nin rəhbərliyinə minnətdarlığını bildirib.
ADDA-nın müəllimi, Vətən müharibəsinin iştirakçısı Ruslan Əlicanov da çıxışında hər iki kitabın məziyyətlərindən bəhs edib, müəllifə təşəkkürünü bildirdi: Vətən müharibəsi başlayanda döyüşlərdə iştirak edən dənizçilərin sırasında mən də vardım. Atam Iqarabağ müharibəsinin iştirakçısıdır. Əmim də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və Milli qəhrəmandır. Bu dəfə isə növbə bizə çatdı. Mənim üçün Füzuli rayonunun düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmək həm də buna görə ürəyimcə oldu. Bizim Vətən uğrunda vuruşduğumuz tarixi anları əbədəlişdirdiyi üçün Faiq müəllimə təşəkkür edirəm.
Sonda tədbir iştirakçılarına Faiq Balabəylinin hər iki kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkilib.