
Bərxudar Bərxudarov: "Prokurorluğa müraciət etmişik"
Qaraçuxur qəsəbəsi 4042/60 məhəllə. Ev-1, mənzil 39-da yaşayan Emma Ələkbər qızı Şoşanova (Mustafayeva) Suraxanı rayon İcra Hakimiyyətinin bir müddət öncə onun iddiaları ilə bağlı mediaya verdiyi açıqlamaya münasibət bildirib.
Qaynar.info-ya göndərdiyi cavab məktubunda vətəndaş Şoşanova İcra Hakimiyyətinin açıqlamasının həqiqətəuyğun olmadığını bildirib. Vətəndaş cavab məktubunda İcra Hakimiyyətini hüquqi normalara riayət etməməkdə, icra başçısı İlqar Abbasovu isə buna göz yummaqda ittiham edir. Bu üzdən vətəndaşın məktubunu tam mətni ilə təqdim edirik:
"Suraxanı Rayon İcra Hakimiyyətinin şikayətimlə bağlı cavabı heç bir hüquq normalarına uyğun gəlmir. Nə İlyas Əziz oğlu Şahverdiyevin müraciəti, nə maşına olan etibarnaməsi, nə də icranın tabeçiliyində olan MKİS-ə yazdırılmış yalan arayış mövcud sərəncamlı əmlaka ikinci sərəncam verməyə əsas vermir. Özü də buna səlahiyyəti olmadığı halda.
2006-cı ilin mayında Bələdiyyə ilə 1 illik müqavilə bizim tərəfimizdən bağlanıb. 2007-ci ildə əmlakım mənim istifadəmdə olub. 2008-ci il keçmiş həyat yoldaşımın qanunsuz əmlakı satdığını bilən kimi məhkəməyə müraciət etmişəm. Məhkəməyə müraciət etdiyimi biləndən sonra İ.Şahverdiyev əmlakımı zəbt edib. İcra hakimiyyətinin açıqlamasında bildirir ki, vətəndaş Şahverdiyev İlyas Əziz oğlu ərizə ilə Suraxanı RİH-ə müraciət edərək uzun müddət istifadəsində olan daş qarajın adına sənədləşdirilməsini xahiş edib. Ərizəyə əlavə olunmuş arayışlardan uzun müddət istifadəsində olduğu təsdiq edilən mövcud qarajın onun adına sənədləşdirilməsi haqqında Suraxanı RİH başçısının 17.03.2009-cu il tarixli sərəncamı verilib, tikinti və abadlıq işləri ilə əlaqədar zərurət yarandığı təqdirdə qarajın sökülə biləcəyi barədə vətəndaşa xəbərdarlıq edilib.
"Uzun müddət" deməklə İcra Hakimiyyəti nəyi nəzərdə tutur? Təəssüf ki, bu, əsl dələduzluqdur. İcra başçısı İlqar Abbasovun sözlərindən belə aydın olur ki, Qarabağ uzun müddət Ermənistanın istifadəsində olduğu üçün ermənilərin adına rəsmiləşdirilməsi barədə Ermənistan Respublikası sərəncam verə bilər? Azərbaycan Respublikasının qanunlarında belə qanun varsa, maddəsini, bəndini təqdim etsin, qoy Qarabağ müharibəsi də dayansın, mənim də.
Bundan əlavə əmlakda payım müəyyən edilmədiyindən istifadə hüququm təmin edilə bilməzdi. Qanun: Azərbaycan Resbuplikasının MM-nin, ailə məcəlləsi: Birgə nigah dövründə əldə edilən əmlak ər və arvadın mülkiyyəti sayılır.
2011-ci ilin Apellayasiya məhkəməsinə qətnaməsi: Suraxanı Rayonu Məhkəməsi tərəfindən qəbul olunmuş 7 dekabr 2010-cu il tarixli “Bakı Şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin 2127 saylı, 4 dekabr 1998-ci il tarixli R.Mustafayevə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamın etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin.
Bu, o deməkdir ki, cənab məmurun 2009-cu ildə satdığı sərəncam ümumiyyətlə qüvvədə olmayıb.
İ.Şahverdiyevin R.Mustafayevə, E.Mustafayevaya və Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməsin”.
Bu da o deməkdir ki, İ.Şahverdiyev mənim əmlakımdan nə istifadə, nə də sahiblik edə bilər.
Nəzərinizə çatdırıram ki, mən qadın olaraq üç kişi ilə açıq döyüşürəm. Hədə qorxularınızı da saxlayın özünüzə, mən qorxmuram.
Yazdığım şikayətlərə, mətbuatda aydın gedən şikayətimə hüquq mühafizə orqanları heç bir reaksiya vermədikləri halda, siz məmur şikayət edən kimi baxılacaq. Bir daha bildirirəm ki, mən fakt və sübut ilə şikayət edirəm".
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarov isə Qaynar.info-ya bildirdi ki, bununla bağlı İcra Hakimiyyəti öz mövqeyini açıqlayıb və məsələ hazırda məhkəmədədir: "İş məhkəmədədir. Qərarı da məhkəmə verəcək və kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdıracaq. Vətəndaş gündə gəlib bir məlumat verəcəksə, bu o demək deyil ki, haqlıdır. Mən bizim hüquqşünaslarla məsələni dəqiqləşdirdim. Rəsmi qaydada vətəndaşın yalan iddiaları ilə bağlı prokorurluğa müraciət etmişik ki, bu məsələ aydınlaşdırılsın”.
Xatırladaq ki, bir müddət öncə vətəndaş Emma Ələkbər qızı Şoşanova (Mustafayeva) Suraxanı rayon İcra Hakimiyyətini ona məxsus obyekti qanunsuz olaraq başqa bir şəxsə - Şahverdiyev İlyas Əziz oğluna satmaqda və onun qanunsuz olaraq onun adına sənədləşdirməkdə ittiham edib.
Qaynar.info