İdman 09:05 26.07.2022

Veteran futbolçu: "Meydançada kimin nə işlə məşğul olduğu bilinmirdi"

Azərbaycanı Avropada təmsil edən klublar, bu həftə cavab matçlarına çıxacaq. "Qarabağ" İsveçrədə "Sürix"in qonağı olacaqsa, cümə axşamı "Neftçi", "Qəbələ" və "Zirə" də növbəti görüşlərini keçirəcək. Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov komandalarımızın şanslarını dəyərləndirib. 

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bunları deyib: "Qarabağ"a uğurlar arzulayıram. Fikrimcə, İsveçrədə daha da üstün oynayıb qələbə qazanacaq. "Sürix" Bakıda məğlub olduğu üçün doğma meydançalarında irəli atılmağa çalışacaq. Belədə "Qarabağ" boşluqlardan yararlanmaq üçün, imkan əldə edəcək. "Qarabağ" topla yaxşı çıxış edir. Bu üzdən görüşün onların xeyrinə başa çatacağını düşünürəm".

Hüseynov digər təmsilçilərimizlə bağlı bunları söylədi:

"Makkabi" özünü yaxşı tərəfdən göstərdi. Hamı bilir ki, güclüdürlər. Demək olar "Zirə"nin şansı yoxdur. "Qəbələ" Macarıstan klubu ilə oyunda hesabı açsa da üstünlüyü qoruya bilmədi. Onların da "Qəbələ"dən üstünlüyü göründü və 1:4 hesabı ilə qələbə qazandılar. Bu iki klubun növbəti mərhələyə adlamaq şansı 2-3 faizdir. Keçsələr daha yaxşı, sürpriz olar. "Neftçi"yə gəlincə, səhv etmirəmsə onların rəqibi "Aris" avrokuboklarda debütantdır. İlk matça baxmayaraq yaxşı təsir bağışladılar. Bu da "Neftçi"nin zəif çıxışına görə oldu. Boşluqlar buraxdılar, əks-hücumlarda "Neftçi" onları yaxalaya bilərdi. Əfsuslar olsun ki, düzgün oynamadılar deyə imkan yarada bilmədilər. İkinci hissədə "Aris" "Neftçi"ni öz meydançasına tərəf sıxdı və istəklərinə nail oldular. Sizi inandırım ki, həmin görüşdə hesab 4:0, 5:0 ola bilərdi. Qol vurmaq imkanları çox oldu. Son dəqiqələrdə rəqibin futbolçusunun topu qapının üstündən vurmasında "Neftçi"nin bəxti gətirdi. Hesab elə 0:2 bitdi. Əks halda şans qalmayacaqdı. "Neftçi" orada demək olar heç nə ilə fərqlənmədi. Həm müdafiədə, həm hücumda, həm də meydanın mərkəzində zəif oynadılar, nəticədə uduzdular. Şans nədən ibarətdir? "Neftçi" Azərbaycanda oynayacaq, azarkeşlər dəstək olacaq. Bu səbəbdən motivasiyanın yüksək olacağını düşünürəm. "Neftçi"yə uğurlar arzulayıram, inanaq ki, növbəti mərhələyə keçəcək. Bir söz də deyim, "Aris" əl-qolunu sallayıb dayanmayacaq. Hücum üçün keyfiyyətli futbolçuarı var. Onlar Kiprdəkindən fərqli Bakıda əks-hücuma meyl edəcəklər. Belədə təhlükə yarada bilərlər. "Neftçi"nin yeni baş məşqçisi haqda bir şey demək istəmirəm, çünki həmkarımdır.  Həm də bir oyunla onun işini qiymətləndirmək çətindir. Lakin oyunda məşqçi işi ilə bağlı ciddi, qeyri-adi bir şey görmədim. Meydançada kimin nə işlə məşğul olduğu bilinmirdi".

Səbuhi Həsənov