"Mövcud vəziyyət iyun ayında olduğu kimi kontroldan çıxacaq həddə gələrsə, təkrar sərt karantin rejimi tətbiq oluna bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Vasif Əliyev qeyd edib ki, insanlar əvvəlki dönəmə baxdıqda bu gün vəziyyəti daha yaxşı dərk edir, daha çox maarifləniblər:
"Hər kəs ətrafında bu xəstəliyin olduğunu gördü və əvvəlkinə nisbətən daha da diqqətli oldular. Bu baxımdan qoyulan qayda-qanuna ciddi riayət olunarsa, əvvəlki kimi yüksək rəqəmləri görməyə bilərik. Ancaq əməl edilməzsə, xəstəlik artacaq və ətrafımızdakı insanlar yoluxacaq. Kim istəyər ki, karantin rejimi təkrar davam etsin?"
"Xəstəliyin ikinci dalğası da gözlənilirmi" sualını cavablandıran həkim söyləyib ki, əslində var olan virusdu, sadəcə yumşaldılmadan sonra əhali qayda-qanuna təbii ki, nəzarət eləməyəcək və bu təqdirdə artmanın olması da istisna olunmur:
"Yəni, yumşaldılmalara gedildikdən sonra insanların bir-birinə təması artdığına görə təkrar artma riski hər zaman var və bu da mütləqdir ki, artmağa doğru gedəcək. Bu baxımdan gərək əhali daha da diqqətli olsun”.
Vasif Əliyev qeyd edib ki, artıma yumşaldılmadan sonra çimərliklərin, kafe-restoranların açılması da səbəb ola bilər:
"Bu ərazilərdə qayda-qanuna riayət edilməyəcəksə, yoluxma halları artmağa doğru gedə bilər”.
Yoluxmanın son günlərdə artan templə artması haqqında danışan Vasif Əliyev bildirib ki, bu hal narahatlığa səbəb ola bilər. Dünya mütəxəssislərinin payız aylarında koronavirusun ikinci dalğası ola iləcəyi siqnalını verdiyi, bu vəziyyətin Azərbaycanda da ola bilməsinə münasibət bildirən həkim qeyd edib ki, şübhəsiz, öncədən proqnoz vermək doğru olmaz. Amma bu aylar yay aylarına görə xəstəliyin artması riskinin daha çox olduğu aylardır:
"Təbii ki, payız aylarında qapalı məkanlar daha çox ön planda olduğuna görə və qapalı məkanlarda açıq məkanlara baxanda insanların bir-birinə təması daha çox olduğundan artım müşahidə oluna bilər”.
Vasif Əliyev artımın ikinci bir səbəbi kimi də payız aylarında digər tənəffüs yolu infeksiyalarının, xüsusilə qripin artmasını qeyd edib:
"Bütün bunları nəzərə alsaq, payız ayları xəstəliklərin daha çox vüsət ala biləcəyi dönəmdir. Dünyada bu aylar üçün olan risk Azərbaycan üçün də keçərlidir”.
Həkim bunun üçün əhalinin xüsusilə sentyabr ayında daha da diqqətli olmağını lazım hesab edib.
Günay İlqarqızı