Xəbər lenti

Vəziyyəti "rusca"dan çevirmək
Ölkə12:20 25.11.2013

Vəziyyəti "rusca"dan çevirmək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərlan Əbilov

Bəli, bizəcən hər şey əla idi... İri hərflərlə SÖZƏ, SƏNƏTƏ, ümumiyyətlə bütövlükdə yaradıcı adamlara qayğı, hörmət vardı. "Yazıçıdır, şairdir" deyə küçə jarqonu ilə ələ salmırdılar...

Bütün bunları düşünərkən "bəs bu dediklərimiz hansı vaxtlara təsadüf edir" kimi maraqlı suallar ortaya çıxır. Elə isə aldı, görək nə dedi. Keçmiş sovetlər dönəmində hətta paytaxtdan kənarda yaşayanlara, əyalətdə yaşayıb yaradan insanlara qayğı indikindən bəs qədər fərqli və yaxşıydı. Bunu həm eşitdiklərimə əsasən və həm də azdan-çoxdan o dövrlərdə yaşadığımdan deyə bilərəm.

Düzdür, o vaxtlar yaradıcılıqla məşğul deyildim, amma bunun məsələyə indiki kimi bir o qədər də dəxli yoxdur.  Diqqətlə müşahidə eləsək, görərik ki, keçmiş sovetlər dönəmində indiki müstəqil respublikamızın paytaxtından kənarda Lənkəranda yaşayıb, ədəbi yaradıcılıqla məşğul olan insanlar az olmayıb.

Onlardan SSRİ  Yazıçılar Birliyinin üzvi, sonralarsa Azərbaycan Yazıçılar Birliyinin 6-7 rayon üzrə Lənkəran bölməsinin sədri mərhum  yazıçımız Məmmədhüseyn Əliyevin, mərhum şairlərimizdən Vaqif Hüseynovun, Şəkər Aslanın və başqalarının adı bu gün də sayğıyla, hörmətlə çəkilirsə, demək cənub ədəbi mühitinin mərkəzi sayılan Lənkəranda və respublikamızın digər bölgələrində də yaradıcı adamlara və ümumiyyətlə sözə, sənətə diqqət bəs qədər olub.

Bəs o dövrlərdə dövlət tərəfindən adlarını çəkdiyim,  adlarını çəkə bilmədiyim ədəbiyyat adamlarına qayğı nədən ibarət idi? Ən azından üzdə olan, sayılıb-seçilən, bir sözlə, yaradıcılığıyla fərqlənən hər bir şair və yazıçının nəşrə hazırlanan yeni kitabı dövlət tərəfindən çapa gedirdi. Hər dərc olunmuş balaca bir paraşürəyə görə dövlət az qala bir maşının dəyərində müəllifə qanorar ayırırdı. Xatırladım ki, senzura vardı, dediyim yaradıcı insanların çap olunacaq kitabları üçün komisiya vardı, siyahı vardı...

Üstəgəl dərc olunmuş kitabların satışı üçün mağazalar vardı. Ehtiyacı olanlar Yazıçılar Birliyinin təqdimatıyla evlə təmin olunurdular. Səhətləri baxımından əziyyət çəkən yaradıcı insanlar ən azından "putyofka"larla təmin olunurdular. 15 respublikanın hər hansı birində dincəlmək, istirahət eləmək hüququ qazanırdılar... Düzdür, o vaxtlar da “ maxinasiya” vardı, amma bir o qədər də yox...

Bəs bu gün...
Bu gün gün müstəqillik qazanmış respublikamızda ədəbiyyata, yaradıcı adamlara diqqət, qayğı varmı?..

Bundan öncəki ixtiyarınıza buraxdığım “Sözün əyaləti olmur” başlığı altında yazdığım yazıda qeyd etdiyim kimi bir daha xatırladım, sözün mərkəzi olduğu kimi əyaləti də var. Və əgər təqribən iki-üç ay bundan qabaq Azərbaycan Yazıçılar Birliyinin ev növbəsi siyahısına illər öncə adı düşən yazarların arasında dövlət tərəfindən ayrılan bir evin az qala 30-dan çox yazar arasında bölündüyünü yadımıza salsaq, görəcəyik ki, harada Sözə, sənətə qayğı bu cürdü, ora elə Sözün əyaləti hesab olunur...

Bəs sözün əsl mənasında müxtəlif bölgələrində yaşayan ədəbiyyat adamlarının bugünkü durumu, onlara göstərilən diqqət necədi?

Bəs Lənkəranda qeyd etdiklərimə rəğmən vəziyyət necədir? Açığını desəm, vəziyyət ruscadı, amma siz narahat olmayın, bütün yaradıcı imkanlarımı bir araya gətirib vəziyyəti dilimizə çevirib, sizlərə oxumaq imkanı yaradacağam.

Bu gün Lənkəranda keçirilən ədəbi məclislərin təşkili demək olar ki, 2000-ci illə müqayisədə sıfıra enib. Tanıdığım istedadlı qələm sahibləri bu və ya digər səbəblərdən bir çoxu yaşamaq üçün mərkəzə, paytaxta köçüblər. Bəziləri isə imkansızlıqdan, işsizlikdən əziyyət çəkdikləri üçün adam arasına belə çıxmaqdan özlərini təcrid ediblər. Ədəbiyyatımızın cənubunda vəziyyət “rusca” olsa belə sövetlər dönəmindən qalan kitab mağazaları yığışdırılmış, bugünə kimi yenisiylə əvəzlənməyib.  

220 min əhalisi olan Lənkəranda kitab nəşri üçün bircə mətbəə belə hələ yoxdur. Küçələrimizin asfaltlanmasına, parklarımızın daş örtüklərinin yenilənməsinə baxmayaraq, yaradıcı insanların büdrədiyini, az qala yıxılacağını görən bizdən sörakı nəslin ədəbiyyata gəlişi məsələsi getdikcə daha da qəlizləşir...

Bəziləri bu yazdığım nöqsanların içində ədəbiyat yanğısı, yaratmaq həvəsi olan insanlarla əlaqəsi olmadığını bu gün də israr edirlər. Bu kimi əks fikirləri dinləyəndən sonra belə bir nəticəyə gəlmək olur ki, istedad sahibləri könüllü olaraq insan kimi onlara ayrılan hər bir şeydən imtina edərək öz bədbəxtliklərinə doğru durmadan addımlamalıdırlar. Yaxşı bəs yaradıcılıq cəmiyyətdə nəyisə dəyişmək cəhdidirsə, bir istedad sahibi öz həyatında yaxşıya doğru bir dəyişiklik edə bilmədən bunu cəmiyyətdə necə reallaşdıra biləcək?

Nə qədər ki bu suallara doğru, dürüst bir cavab yoxdursa, demək dediyim kimi, ədəbiyyatımızda və bölgəmizdə vəziyyət doğrudan da “rusca” olaraq qalır hələ də... Və mən söz verdiyim kimi sadəcə vəziyyəti bacardığım qədər anlaşılan tərzdə dilimizə çevirərək yazını sizə oxutmaq imkanı yaratdım, halal xoşunuz!..