Xəbər lenti

Xalq yazıçısının xalqı təhqir etməsinə yazıçılardan sərt reaksiya
Sənət08:08 31.08.2022

Xalq yazıçısının xalqı təhqir etməsinə yazıçılardan sərt reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Natiq Rəsulzadə reallıq hissini itirmiş adamdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Şərif Ağayar Xalq yazıçısı Natiq Rəsulzadənin "Sosial şəbəkədəkilərin 95%-i axmaq, səviyyəsiz adamlardır” fikrinə münasibətində deyib. O, Natiq Rəsulzadəni xalqa dəxli olmayan "xalq yazıçısı" hesab etdiyini bildirib:
"Əgər dəxli olsa, anlayar ki, elə o xalqdır də fb-də olan. Yüz minlərlə adamın 95 faizi səviyyəsiz və axmaqdırsa, demək, bu söz xalqa deyilib. Xalq səviyyəsiz və axmaqdırsa, o zaman Natiq Rəsulzadə kimin yazıçısıdır? Səviyyəsizlərin və axmaqların? Səviyyəsiz və axmaqların yazıçısı özü nədir bəs? Bu rəhmətlikləri danışdırmaq lazımdır ki, özlərini biabır eləsinlər. Error verən beyinlər ələnməlidir”.
Yazıçı Cəlil Cavanşir bildirib ki, xalq artistləri, xalq şairləri, xalq yazıçıları - bu qəbildən olan titullu, xalqdan bixəbər insanların əksəriyyəti xalqı fürsət tapdıqca aşağılayır, təhqir edir:
"Konkret Natiq Rəsulzadənin açıqlaması isə ciddiyə alınacaq açıqlama deyil. Bu yaş kateqoriyasında olan adamların əksəriyyəti, sosial şəbəkələrdə səviyyələrinə uyğun bayağı adamlarla dostluq edir, şəbəkələşir. Qocaman yazıçı yəqin ki, kimə gəldi dostluq göndərib və bir də ayılıb ki, ətrafında səviyyəsiz kütlə formalaşıb. Bəli, sosial şəbəkələr kütləvidir, kütlənin bu şəbəkələrdə olması təəccüblü deyil. Ancaq sosial şəbəkəlrin bir üstünlüyü var ki, izləyəcəyin adamları özün seçə bilərsən. Natiq müəllim səviyyəsiz kütlə seçibsə, bu onun problemidir. Ən böyük problem isə ona yönəldilən ciddi sualdan yayınıb, günahı sosial şəbəkələrin üstünə atmasıdır. Xalqı aşağılamaqdansa, zəhmət çəkib rüşvət iddiaları barədə ciddi, tutarlı söz demək barədə düşünsün. Hər halda sosial şəbəkələr rəngarəngdir. Kim nəyi istəsə, onu da tapır”.
 
Şair Mahir Mehdinin fikirincə, Natiq Rəsulzadə sovetin "yaratdığı" yazıçıdı:
"Rüşvət-fılan onunçün adi bir şeydi, həyat normasıdı. Çevrəsində baş verənləri görməyə ondan o cəsarət yoxdu... Doğma dilində özünü anlada bilməyənə gərək özü kimi təhqirlə cavab verəsən. Ancaq bunu istəmirəm... Elə gerçəklər var, onun sübuta ehtiyacı yoxdur...”
 
Qeyd edək ki, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə sosial şəbəkə izləyicilərini təhqir edib. O, bu ilin birinci yarısında elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində keçirilmiş dissertasiya müdafiələrinə dair açıqlanan məlumatlara, habelə bu məsələdə səsləndirilən rüşvət iddialarına münasibət bildirərkən "Siz sosial şəbəkələrə də çox inanmayın. Mən də sosial şəbəkələrdə varam. Sosial şəbəkələr kütlədən ibarətdir. Oradan 95% səviyyəsiz, axmaq çıxırsa, onun yalnız 5%-i ağıllı adam olur. Belə olanda həmin o 95%-in sözünə niyə baxırsınız? Hansı ki, onlar deyir, bu, rüşvətlədir” deyə bildirib.
Yazıçı-dramaturq Firuz Mustafa deyir ki, sosial şəbəkələrdə, necə deyərlər, hərə özünə bab adamlarla fikir mübadiləsi aparır, müxtəlif problemlərə şəxsi münasibətini bildirir, düşuncələrini başqaları ilə bölüşdürür:
"Məsələn, FB cəmiyyətin vuran nəbzidir... Əlbəttə, cəmiyyatimiz kimi, sosial şəbəkələrimiz də çoxrənglidir, orada hər cür adama təsadüf olunur. Təbii ki, mühitimizdə oldugu kimi orada da axmaqlar var... Şəxsən mən sosial şəbəkələrə pozitiv yanaşıram. Bir çox kitablarımın xarici ölkə nəşriyyatlarında nəşri, pyeslərimin dünyanın müxtəluf ölkələrindəki teatrlarda tamaşaya qoyulmasında sosial şəbəkələrin rolunun olmasını etiraf etməliyəm...”
Bahar Rüstəmli